"Cənab Prezidentimiz son dövrlərdə dövlət aparatında islahatların aparılacağını anons etmişdi və artıq bu proses gedir”
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, iqtisadi və sosial sahələrdə aparılan reformasiyalar dövlət aparatının təkmilləşdirilməsini tələb edir:

"Müasir dövrün şərtləri də daha çevik və effektli işləyən dövlət sisteminin yaradılmasını şərtləndirir. İnformasiya və sürətli kommunikasiya dövründə yaşayırıq. Bu dövrdə dövlət aparatı minimum az xərclə və maksimum effektivliklə işləməlidir. Bizdə dövlət orqanlarının sayı-hesabı yoxdur. Bir-birini təkrarlayan dövlət orqanları, bir-birinə çox yaxın idarə və təşkilatlar mövcuddur. Həm struktur, həm də ştat cəhətdən onları azı 30 faiz həcmdə ixtisar etmək olar.
Bizdən iki yüz dəfə böyük olan Rusiyada nazirliklərin, komitələrin, dövlət idarələrinin sayı azdır. Dövlət aparatının şişməsi büdcə xərclərini artırır, iqtisadi və sosial ayırmaları azaldır. Dövlət büdcəsinin üzərinə böyük yük düşür. Halbuki bu qədər xərcə sosial təminatı gücləndirmək, yeni iqtisadi reformalar həyata keçirmək olar”.
İqtisadçının sözlərinə görə, bir sıra dövlət müəssisələri özünümaliyyələşdirmə üsuluna keçirilməlidir:
"Lakin onlar bu xərcləri hansısa sosial və kommunal xidmətlərin qiymətini bahalaşdırmaqla əhalidən çıxarmalı deyil. Özlərinin yaratdıqları innovativ layihələrin iqtisadiyyata tətbiqi sayəsində gəlir əldə etməlidirlər. Məsələn, elmi mərkəzlər yeni elmi ixtiralar və səmərələşdirici təkliflər hazırlamalı, bundan gəlir əldə etməlidirlər. Əminəm ki, həm vergi sistemində, həm də digər iqtisadi və sosial sahələrdə aparılan islahatlar respublikamızın iqtisadi inkişafını sürətləndirəcək. Büroktratiya və korrupsiya faktorlarını aradan qaldıracaq, əhalinin sosial təminatında müsbət irəliləyişlərə səbəb olacaq”.
İsmayıl