Dövlət başçısı gənclərə güvənir

Azərbaycanda gənclər siyasəti bundan sonra da dövlətin prioritetlərindən biri olaraq qalacaq



"Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub”.

Bu fikirləri Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov deyib. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan F.Muradov bildirib ki, bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Onun sözlərinə görə, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib: "Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir. Siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir”. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, deputat Şahin İsmayılov deyib ki, yanvarın 29-da Prezidentin ölkə gənclərinin bir qrupu ilə görüşməsi ənənəsi ümummilli lider tərəfindən qoyulub: "2003-cü ildən Azərbaycan Prezidenti kimi öz vəzifəsini icra edən cənab İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşür, onların fikirlərini, təşəbbüslərini dinləyir. Ötən həftə də növbəti belə görüş baş tutdu. Dövlət başçısı müasir Azərbaycan tarixinin bir sıra məqamlarına, beynəlxalq ictimai-siyasi vəziyyətə, Dağlıq Qarabağ problemi və onun ədalətli həlli yollarına, gənclər siyasəti və digər bu kimi məsələlərdən söhbət açdı. Gənclər heç çəkinmədən düşündüklərini dilə gətirdilər, öz təkliflərini səsləndirdilər. Görüşdən əldə etdiyimiz qənaət bu oldu ki, Azərbaycan dövləti gənclər siyasətini bundan sonra da eyni tempdə davam etdirəcək, gənclər siyasəti dövlətin prioritetlərindən biri olaraq qalacaqdır. Cənab Prezident hərtərəfli təhlillər apararaq, bir sıra reallıqları diqqətə çatdırdı. Gənclərin indiki zamanda üzərinə düşən vəzifələri, nə etməli olduqlarını xatırlatdı. Düşünürəm ki, olduqca səmimi mühitdə keçən bu görüş də digərləri kimi gənclərin yaddaşından silinməyəcək, orada səsləndirilən fikirlər, qarşıya qoyulan vəzifələr gənclərin əsas fəaliyyət istiqamətinə çevriləcək”.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov da bildirib ki, ictimai rəyin formalaşmasından tutmuş, Azərbaycanın diaspora fəaliyyətində, ölkəmizdə beynəlxalq tədbirlərin təşkilində və bir çox forumlarda Azərbaycan gəncliyi fəal iştirak edir: "İstər parlament, istərsə də yerli səviyyədə bu gün Azərbaycan gəncliyi seçkili orqanlarda təmsil olunur. Mərkəzi icra hakimiyyəti orqanlarında kifayət qədər gənc fəaliyyət göstərir. Gələcəkdə nəzərdə tutulub ki, elm sahəsində də gənclərin sayı artsın. Beləcə, gənclərimizin ölkəmizin ictimai və siyasi mühitində iştirakını çox yüksək qiymətləndirirəm. Təbii ki, bu da cənab Prezident İlham Əliyevin biz gənclərə yaratmış olduğu şəraitdən asılıdır. Ölkə rəhbəri gənclərə inanır, güvənir və bu cür yolları, üfiqləri açır. Heç şübhəsiz ki, bizlər də həmin tədbirlərdə iştirak edərək Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq”.

İsmayıl