İndiki şəraitdə ən real koalisiya AKP ilə HDP arasında ola bilər
“Onsuz da iki partiya arasında qiyabi koalisiya əvvəlcədən mövcud idi. Bu iki partiyanın tək yumurtadan çıxdığı hamıya bəllidir”
Türkiyədə koalisiya hökuməti ilə bağlı müzakirələr davam etməkdədir. AKP ilə yanaşı, müxalifət partiyaları koalisiya hökuməti ilə bağlı müxtəlif təkliflər, şərtlər irəli sürürlər. Maraqlı açıqlamalarla çıxış edən sonuncu lider MHP başqanı Dövlət Baçxalıdır.
Partiyasının toplantısında çıxış edən Baxçalı əvvəlki çıxışlarının əksinə olaraq, "mövcud anayasaya görə, iqtidar problemini həll etməyin iki yolu var: - Bunlar da azlıq və koalisiya hökumətidir” deyərək qapıları digər partiyalar üçün açıq saxlayıb. Həmçinin, Baxçalı deyib ki, əgər Məclis Başqanlığı sədrliyinə keçirilən seçkinin 4-cü turuna MHP-nin namizədi qalmazsa, parlamentdə 80 keçərsiz səs olacaq. Baxçalı deyib ki, indiki şəraitdə ən real koalisiya AKP ilə HDP arasında ola bilər: "Çünki bu iki partiyanın bir araya gəlməsini şərtləndirən amillər var. Onsuz da iki partiya arasında qiyabi koalisiya əvvəlcədən mövcud idi. Bu iki partiyanın tək yumurtadan çıxdığı hamıya bəllidir”. MHP sədri AKP-CHP koalisiyasının da qurulmasının mümkün olduğunu söyləyib: "Əgər AKP-HDP birliyi alınmazsa, başqa seçim də var. O da AKP-CHP koalisiyasıdır. Verilən açıqlamalardan da aydın olur ki, AKP ilə CHP biri-birinə açıq qapı buraxıb. Seçim Bəyannamələri və proqramları biri-birinə bənzəyən bu iki partiyanın koalisiyada yer almaları Türkiyənin xeyrinə olacaq”. Dövlət Baxçalı MHP-nin koalisiyaya qoşula biləcəyini də istisna etməyib: "Əgər "çözüm sürəci”ndən vaz keçilərsə, 17-25 dekabr rüşvət olaylarında adı keçən nazirlər Yüksək Divanda cavab verərsə və Prezident Ərdoğan səlahiyyətləri çərçivəsində qalarsa, MHP koalisiya hökumətini müzakirə etməkdən çəkinməyəcək”.
Türkiyədəki proseslərlə bağlı danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qurulacaq heç bir koalisiya hökumətinin uğur qazana bilməyəcəyini deyib: "Türkiyə
hökumətsiz qala bilməz. Ona görə də müəyyən koalisiya hökuməti formalaşa bilər. Amma Türkiyə tarixinə nəzər salanda görürük ki, bu ölkədə qurulan koalision hökumətlərin hamısı uğursuzluğa düçar olub. Ona görə də bu hökumətlər vaxtından əvvəl dağılıb. İndi Türkiyədə koalision hökumət qurulsa belə, 6 ay, maksimum 2 il ömrü olacaq. Bunu həmin hökuməti quranlar da bilirlər. Amma başqa çarələri yoxdur. Çünki parlamentdə səslər elə bölünüb ki, bu və ya digər formada koalision hökumət qurulmalıdır”.
E.Şahinoğlu bildirib ki, qurulacaq hökumətdə əsas məsələ qarşıya qoyulan hədəflərlə bağlıdır: "Maraqlı olan məqam bu hökumətin qarşıya hansı hədəfləri qoyacağıdır. AKP ilə MHP-nin hədəfləri fərqlidirsə, deməli, koalision hökumət bir hədəfə doğru irəliləyə bilməyəcək. Yəni istənilən halda Türkiyəni çətin günlər gözləyir”.
İsmayıl