"Dövlət orqanları səfərbər olundu, çətinliklər qısa zamanda həllini tapdı"- Millət vəkili





"Ölkə başçısının müşavirədə səsləndirdiyi fikirlərə bütün xalq şərikdir”.

Bu barədə "Sherg.az”a Mingəçevir İES-də baş verən qəzadan sonra yaranmış problemlərin həllində bütün dövlət orqanlarının peşəkar fəaliyyət göstərməsindən danışarkən millət vəkili Fəzail İbrahimli bildirib. 

Deputat qeyd edib ki, prezident İlham Əliyev dövlət başçısı kimi səlahiyyətləri çərçivəsində məsələyə müdaxilə etdi və problemi aradan qaldırdı:

"Dövlət Komissiyası yaradılıb. Lazımi araşdırma aparılacaq və bu hadisə zamanı xalqa, millətə xəyanətkar mövqedə duran şəxslər qanun qarşısında cavab verəcək. Nəticələri, komissiya araşdırmalarının yekununu biz də gözləyirik.

Dövlət və xalq birlikdə fəaliyyət göstərməsə, ani baş verən hadisələrdən qorunmaq, problemlərin nəticələrini aradan qaldırmaq mümkün olmaz. Ona görə, həmin vaxt dövlət orqanları səfərbər olundu, yaranmış çətinliklər qısa zamanda həllini tapdı. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, aydın formada məsələyə münasibəti, cavabdeh şəxslərin cəzalandırılacağı barədə qətiyyətinə hər bir vətəndaş dəstəkdir”.

Qeyd edək ki, ötən gün keçirilmiş müşavirədə çıxış edən prezident İlham Əliyev vəziyyətlə bağlı bütün dövlət orqanlarına ciddi tapşırıq verdiyini xatırladıb:

"Bildirdim ki, dövlət orqanları nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi”.

Prezident xüsusilə qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi, daxili işlər orqanları və Bakı Nəqliyyat Agentliyi operativ birgə tədbirlər həyata keçirib:

"Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Metro və liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik”.

Aysel Aslan