Strateji layihələr, proqramlar gücümüzə-güc qatacaq
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Elə həmin gün də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Prezident İlham Əliyev geniş giriş və yekun nitqi söyləyib. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası Azərbaycanda yeni inkişaf mərhəlləsinin təməlini qoydu.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynov "Sherg.az"a deyib ki, Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan bütün vəzifələrdə müvəffəqiyyət əldə edilib: "Dövlət Proqramının icrasının yekunlarına həsr edilmiş tədbirdə çıxış edən Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icrasından, əldə edilən nailiyyətlərdən danışdı.
Görüşdə sahibkarların da iştirak etməsi dövlət tərəfindən onlara verilən dəstəyin bir nümunəsidir. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün ciddi islahatlar keçirilir, bütün növ dəstək göstərilir. Onlara həm kreditlər verilir, həm də siyasi dəstək göstərilir. Xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, bu sahənin daha da böyüməsi ilə bağlı bir çox qurumlar yaradılıb. Həmçinin, bu sahədə qanunvericilik bazası, hüquqi normativ aktlar mövcuddur.
Eyni zamanda ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyəti sahibkarlara daha çox dəstək edilməsindən ibarətdir. Ölkəmizdə biznes mühiti ilə bağlı çox münbit şərait var. Beynəlxalq təşkilatlar və agentliklər də bundan geniş şəkildə bəhs edir.
Dünya Bankının "Douing Business" hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib. Bu inkişafın əsas səbəbi ölkə başçısının sahibkarlığın inkişafına daim dəstək olmasıdır. Məhz onun tapşırığı ilə nazirlər və komitə sədrləri sahibkarları qəbul edib problemlərini dinləyir. Dövlətin əsas məqsədlərindən biri ölkədə sahibkarlıq sahəsinin daha da genişləndirilməsidir. Dövlət Proqramından irəli gələn vəzifələrin icrası nəticəsində ölkədə son illərdə yeni iş yerlərinin açıldığı, əmək haqları və pensiyalarda artım müşahidə edilir. Fikrimcə, bu kimi strateji layihələr və proqramlar gücümüzə güc qatacaq”.
Kənan Eynuroğlu