"Dövlət şəhid ailələri, əlillər, qazilər və aztəminatlı ailələrə xüsusi diqqət göstərir" - Emin Həsənli





Prezident İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.

Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı deyilənlərin əyani sübutudur. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub.

Bundan başqa ölkə başçsının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid ailələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

Ölkə başçısının sosial siyasəti hər zaman uğurla həyata keçirdiyini deyən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli "Sherg.az”a bildirib ki, məcburi köçkünlərin mənzillə təmin olunması, onların kommunal xərclərinin ödənilməsi, şəhid övladlarının təhsil haqlarından azad edilməsi, əllilərə yeni avtomobillərin verilməsi sistemli hal alıb: 

"Dünyada elə bir ölkə yoxdur ki, orada bu cür geniş və əhatəli layihələr həyata keçirilsin. Bütün bunlar əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Dövlətimiz şəhid ailələrinə, 20 yanvar hadisəsinin iştirakçılarına, əlilliyi olan vətəndaşlara xüsusi diqqət və qayğı göstərir. Gələn ilki dövlət büdcəsində də bu istiqamətə xeyli ayrılamalar nəzərdə tutulub. 

Qaçqınlara mənzillərin verilməsi, şəhid ailələrinə köməkliklərin göstərilməsi üçün cənab Prezident hər zaman müvafiq göstərişlər verməkdədir. Hesab edirəm ki, bu günə qədər çoxlu sayda işlər görülüb və bundan sonra da görüləcək. Azərbaycan xalqı bu prosesləri görüb təhlil aparır və ölkə başçısının apardığı siyasəti dəstəkləyir”.

Yeagnə Bayramova