"Dövlət universitetləri "yuxudan ayılmalıdır""- Özəllərə meyl artıb

Kamran Əsədov: "Azətbaycan abituriyenti bəzən yüksək bal toplayanda nəinki dövlət univerrsitetini seçmir, birbaşa heç ixtisas seçimi etmədən xarici ölkələrə üz tutur "
"Azərbaycanda universitetlərin təhsil haqları reallığı əks etdirmir. Hazırda universitetlərdə təhsil haqları nə hazırladıları kadrlarn keyfiyyətinə, nə orta aylıq əmək haqqında nə də ki, dünya təcrübəsinə uyğundur". 
Bunu Sherg.az-a təhsil üzrə ekspert Kamran Əsədov söyləyib. Onun sözlərinə görə, dövlət universitetləri təhsil haqlarını müəyyən edərkən daha çox xərc metoduna əsaslanırlar ki, bu da bütün dünyada ən sadə metod kimi tanınır: 
"Xərc metodu mənfəətin planlaşdırılmış normasına qədər artırılmış təhsil xidmətinin maya dəyərinin hesablanmasına əsaslanır. Beləliklə də, qiymət formalaşması müraciət edilə bilən real verilənlərə görə hesablanır. Qiymətlərin müəyyən edilməsi üçün zəruri olan bütün informasiyanı ali təhsil müəssisəsinin daxilində mühasibat hesabatları əsasında əldə etmək mümkün hala gəlir. Bu metod ali təhsil müəssisəsinin hüquqi və fiziki şəxslərlə müqavilədən irəli gələn qarşılıqlı münasibətləri sadələşdirir. Belə ki, təhsil xidmətlərinin qiyməti ilə əlaqədar olan mübahisəli məqamlarda qiymətin əsaslı olmasını asanlıqla sübut etməyə imkan verir. Lakin xərc metodunun bir sıra çətinlikləri və məhdudiyyətləri var.
Qiymətin müəyyən edilməsi zamanı təklif edilən təhsil xidmətinə tələbatın mövcud səviyyəsi tamamilə nəzərə alınmır. Buna görə də ali təhsil müəssisələri sərt qiymət siyasəti apara bilmirlər.
Azərbaycanda xərc metoduna xüsusilə dövlət universitetləri üstünlük verir. Bu universitetlər qiymətləri müəyyənləşdirən zaman əsasən maya dəyərini nəzərə alır. Həmin maya dəyərində universitet üzrə kommunal xərclər, cari təmir, mal və materialların alınması, yəni smeta xərcləri əsas götürülür. Bu baxımdan hansı ixtisas və ya fakültə üzrə bu xərclər böyükdürsə, onlarda təhsil haqları digərlərinə nisbətən daha yüksək olur. Misal üçün, əgər bir fakültədəki ixtisasın loboratoriyası varsa, bu da maya dəyərinə xeyli təsir göstərir. Dövlət tərəfindən ödənilən vəsait ilə ödənişli təhsildən əldə olunan gəlirlər toplanılaraq onlardan təqaüdlər çıxılır və əldə edilmiş fərq tələbələrin ümumi sayına bölünür. Bu hesablama zamanı investisiya xərcləri (yeni korpusun tikintisi, texniki təchizat və s.) də ümumi məbləğdən çıxılır.
Bununla yanaşı, dövlət hesabına təhsil alan tələbələrin birinin neçəyə başa gəldiyi də hesablanır. Bu zaman dövlət tərəfindən ayrılan vəsaitlərdən təqaüdlər çıxılır, alınan fərq təhsil alan tələbələrin sayına bölünür. Dövlət universitetlərində təhsil haqqı müəyyən edilən zaman eyni ixtisas üzrə tədris həyata keçirən digər Azərbaycan universitetlərindəki mövcud təhsil haqları ilə də müqayisələr aparılır. Bundan əlavə, ixtisasın perspektivliyi, Azərbaycan iqtisadiyyatında əhəmiyyəti, ixtisas üzrə işlə təminolunma vəziyyəti kimi məsələlərə də diqqət yetirilir. Qiymət qoyularkən ən vacib amillərdən biri də, abituriyentlərin mövcud ixtisasa nə dərəcədə maraq göstərməsidir. Hüquq, iqtisadiyyat və tibbə aid olan ixtisasları misal göstərmək olar ki, bunlar əhali arasında dəb halını almışdır. Bu da həmin peşələr üzrə qiymətlərin artmasına zəmin yaradır.
Ekspertin fikrincə, özəl universitetlərdə bu sahədə vahid metodologiyanın mövcud olmaması təssüf doğurur: 
"Özəl universitetlərdə təhsil haqları dövlət universitetlərinə nisbətən yüksəkdir. Bunun da əsas səbəbi xərclərini öz hesablarına ödəmələridir. Buna görə də özəl universitetlərdə təhsil haqları müəyyənləşdirilərkən dövlət universitetlərinə nisbətən daha geniş araşdırmalar aparılır - ölkənin ümumi iqtisadi vəziyyəti, təhsil bazarının vəziyyəti, əvvəlki ilin qəbul göstəriciləri, maddi-texniki baza (ixtisas və kompyuter laboratoriyaları, fənn kabinetləri, kitabxana, istilik sistemi və digər məsrəflər), ingilis dilində tədris imkanı, ölkə daxilində və xaricdə təcrübə imkanları, ölkədə mövcud olan digər universitetlərin müəyyənləşdirdiyi təhsil haqları, universitetin cari büdcəsinin vəziyyətinin diqqətə alınması, müvafiq ixtisasın populyarlığı və tələb edilmə nisbəti nəzərə alınır.
Bizdən fərqli olaraq, Qərbdə uzun illərdir ki, inkişaf etməkdə olan bazar iqtisadiyyatı sistemi ali məktəblərdə təhsil haqlarının müəyyənləşdirilməsinə böyük təsir göstərmişdir. Qərbin ali təhsil sistemində qiymət qoyularkən tələbatın analizi əsasında təhsil xidmətlərinin baza qiyməti müəyyən edilir. Bu qiymət rəqiblərin analoji təhsil xidmətləri ilə müqayisə edilir və zəruri hallarda korreksiya olunur. Bununla eyni zamanda (paralel olaraq) qəbul edilmiş rentabellik normativi əsasında qiymət xərc metodu ilə müəyyənləşdirilir.
Keçəl ildən başlayaraq bizim universitetlərin başının üstünü qara buludlar alıb. Çünki onların yeganə gəlir mənbəyi tələbələrin ödədikləri təhsil haqlarıdır. 2016-2017-ci tədris ilində 8 minə yaxın plan yeri boş qaldı. Hətta bəzi universitetlərdə 90 faiz yerlərə qəbul olmadı və boş qaldı. Ümumilikdə keçən il özəl universitetlər atrıq ikinci turda müəyyən güzəştli konpaniyalarla tələbələri cəlb etməyə çalışsalar da, buna nail olmadılar. Əvvəlki ilədən nəticə çıxaran özəl universitetlər bu ildən etibarən təhsil haqlarını azaltmağa başladılar və müsbət haldır ki, bu ixtisas seçimindən əvvəl baş verib. Lakin dövlət universitetləri də boş dayanmamalıdır. Çünki, hal-hazırda bir sıra özəl universitetlərin ictimai nüfuzu, tədris göstəriciləri və reytinqi heçdə aşağı deyil. Valideynlər və abituriyentlər seçim zamanı təhsil müəssisəsinin yerləşdiyi məkana da xüsusi diqqət verirlər. Keçid balını toplayan abituriyent ixtisas seçimi zamanı regionda hansısa universiteti seçməkdənsə, Bakıda eyni təhsil haqqı olan özəl universiteti seçəcək. Bundan əlavə Dövlət Universitetinin hansısa az populyar, işlə təmin olunması aşağı amma təhsil haqqı yüksək ixtisasını seçməkdənsə özəl universitetin daha prespektivli və təhsil haqqı az ixtisasını seçəcəkdir.
Xoşagəlməz tendensiya o idi ki, dövlət universitetləri arxayın idilər ki,Azərbaycan insanı mental dəyər olaraq necə olursa olsun, özəl universitetin yüksək ixtisasında oxumaqdansa, dövlətin lap aşağı ixtisasında oxusun. Artıq bu yanaşma dəyişir. Əgər əvvəlki illərdə ixtisas seçim zamanı özəl universitetləri sıralamada ilk yerə qeyd edənlərin sayı 1.9 faiz idisə, indi bu rəqəm 30 faizə qədər artıb. Dövlət universitetləri xülyadan və yuxudan ayılamlıdırlar. Çünki artıq Azətbaycan abituriyenti bəzən yüksək bal toplayanda nəinki dövlət univerrsitetini seçmir, birbaşa heç ixtisas seçimi etmədən xarici ölkələrə üz tutur. Hər il yüksək bal toplayan yüzlərlə abituriyent bunu edir.
Hesab edirəm ki, bu hal universitetlər arasında rəqabət mühitini artıracaq. Hər bir universitet daha çox abituriyenti cəlb etməkdə maraqlı olacaq. Nəzərə alsaq ki, bu il abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb, plan yerləri isə artıb, biz hələ universitetlərin tələbə cəlb etməklə bağlı güzəştlərə gedəcəyini gözləyə bilərik".
Ayyət Əhməd