Dövlət xətti ilə xaricdə təhsil İFLASA uğrayıb

Nabatəli Qulamoğlu: " Azərbaycanda kadr çatışmazlığının əsas səbəbi savadlı gənclərin önə çəkilməməsidir”


Təhsil almaq üçün xaricə göndərilən tələbələr ölkəyə qayıtmalıdır ki, kadr qıtlığı yaşanmasın.

Bu barədə Sherg.az-a Dövlət Neft Fondunun gənclərin xaricdə təhsili üçün 29 milyon manat ayırmasını dəyərləndirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, tələbələrin çoxu xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıtmır:

"Tələbələrin xaricdə təhsil alması üçün xüsusi komissiya yaradılıb. Göndərilən gənclər həmin komissiyadan keçirilir. Onlar haqqında məlumatlar dəqiqləşdirilir və dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilirlər. Seçilən tələbələrin bir çoxu isə oxuyub, orada qalır. Ümumiyyətlə, qeyd etməliyik ki, Azərbaycanda dövlət xətti ilə xaricdə təhsil indiyə qədər iflas vəziyyətində olub. Bunun nəticəsidir ki, bu gün xaricdə təhsil aşağı səviyyədədir. Yüksək savadı ilə seçilmiş tələbələrə maliyyə ayırılıb, xaricdə təhsil almasına şərait yaradılsaydı, onların potensialından lazımı sahələrdə istifadə etmək olardı. Azərbaycanda kadr çatışmazlığının əsas səbəbi savadlı gənclərin önə çəkilməməsidir”.

Qeyd edək ki, Dövlət Neft Fondu "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2017-ci il üçün maliyyələşdirilməsinə 29,3 mln. manat ayırıb.

Aysel Aslan