Dövlətin dəstəyi internet medianı inkişaf etdirəcək

Vüsalə Mahirqızı: “Onlayn” medianın fəaliyyət göstərdiyi infrastrukturun möhkəm və təhlükəsiz olması həm də ümumilikdə ölkənin milli və informasiya təhlükəsizliyinin tərkib hissəsidir”
Xaqani Səfəroğlu: “Bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək”

Umud Rəhimoğlu: "İnternet resursları medianın inkişafına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsində yer aldı”

Əfsələddin Ağalarov: "Bütün bunlar internet azadlığının göstəricisidir”


(Əvvəli ötən sayımızda)

Bu ildən sonra dövlət onlayn medianın da inkişafına xüsusi diqqət ayıracaq. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.

Yeni təsdiqlənmiş dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır.”İKT infrastrukturu və xidmətləri” bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır.

Bundan başqa, telekommunikasiya və informasiya infrastrukturunun daha da inkişaf etdirilməsi, rəqəmsal televiziya yayımına keçidin başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulub.

"Yüksək texnologiyalar sektorunun inkişafı” bölümündə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi əksini tapıb.

Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətlərinin hüquqi təkmilləşdirilməsi, habelə bu sahədə biznes fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Digər bölmələrdə genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə tədbirlər görülməlidir.

Sözügedən sərəncamdan media nümayəndələrinin gözləntilərinə gəldikdə isə onlar Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın internet medianın inkişafı üçün böyük perspektiv açdığını qeyd ediblər. Baş redaktorların hesabınca, bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək.

"APA Holding”in rəhbəri Vüsalə Mahirqızı hesab edir ki, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda onlayn medianın inkişafına dəstək verilməsinin nəzərdə tutulması çox diqqətəlayiqdir: "Hələ ötən il cənab Prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşərkən "onlayn” medianın inkişafı, xüsusilə xarici dilli resursların gücləndirilməsi, "onlayn” mediada peşəkarlığın artırılması istiqamətində öz fikirlərini və tövsiyələrini söyləmişdi. Bu məsələyə hökumətin diqqət göstərməsi "onlayn” mediaya əlavə immunitet verir. Düşünürəm ki, hökumətin dəstəyi xüsusilə "onlayn” medianın fəaliyyəti üçün alt bazanın, infrastrukturun yaranmasına kömək edə bilər. Nəzərə alaq ki, "onlayn” medianın fəaliyyət göstərdiyi infrastrukturun möhkəm və təhlükəsiz olması həm də ümumilikdə ölkənin milli və informasiya təhlükəsizliyinin tərkib hissəsidir. Hazırda "onlayn” medianın dəstəyə ehtiyacı olan bir neçə sahəsindən biri də güclü və təhlükəsizlik prinsiplərinə maksimum xidmət edən alt bazanın formalaşdırılmasıdır. Eyni zamanda, Dövlət Proqramı texniki təchizatın yaxşılaşdırılması, peşəkarlığın artırılması, "onlayn” medianın sosial şəbəkələrlə inteqrasiyası üçün addımlar atılması üçün kadrların hazırlanmasına da dəstək ola bilər. Mən bu sahədə fəaliyyət göstərən şirkətin rəhbəri olaraq dəstəyə görə görə təşəkkür edirəm”.

"Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu isə hesab edir ki, Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” internet medianın inkişafı üçün böyük perspektiv açır. Bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək.

Onun sözlərinə görə, bu sənəd ölkədə çoxdan lazım olan informasiya təhlükəsizliyinin təmin olunması sahəsində öz rolunu oynayacaq. Belə ki, çağdaş internet əsri informasiya azadlığı

sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı, bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib: "Dövlət Proqramında onlayn media ilə bağlı ayrıca bəndin əks olunması ölkənin internet media spektri üçün geniş perspektivlər açır. Bu sənəd internet jurnalistikanın hüquqi problemlərini, dövlət dəstəyini həll etməklə, onlayn KİV sahəsində müşahidə olunan müəyyən pərakəndəliyi aradan qaldırmağa kömək edəcək”. Birlik sədrinin sözlərinə görə, Dövlət Proqramında internet texnologiyaları ilə bağlı kadr məsələsinə xüsusi diqqət yetirilməsi ali məktəblərin jurnalistika fakültələri üçün onlayn media ilə bağlı yeni tələblər qoyur.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da Prezidentin sərəncamının internet mediasına təsirləri haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda son illər informasiya cəmiyyətinin inkişafı əsas hədəfə çevrilib: "Görülən tədbirlər, həyata keçirilən proqramlar, irimiqyaslı layihələr Azərbaycanda yeni texnologiyaların inkişafının daha geniş səviyyədə tətbiq olunmasına hesablanıb. Buna görə də demək olar ki, Azərbaycanın ən ucqar kəndləri belə internetlə təmin olunub. İnternet müasir dövrün ən vacib vasitələrindən biridir. İnsanlar müasir dünyamızın inkişafda olan yeni texnologiyasının imkanlarından faydalanmaqdadır”.

Prezidentin verdiyi sərəncamı son dərəcə əhəmiyyətli hesab edən Umud Rəhimoğlunun sözlərinə görə, "Prezidentin bu sərəncamını "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və 2012-ci ildə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” proqramlarının daha detallı izahı kimi qəbul etmək lazımdır: "Təbii ki, internet resursları medianın inkişafına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsində yer aldı. Mən düşünürəm ki, bu sərəncamdan sonra internet resurslarında hiss ediləcək şəkildə inkişaf olacaq”.

"Azxəbər.com” saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarov "Şərq”ə açıqlamasında son illər Azərbaycanda internet medianın azadlığı və inkişafı istiqamətində xeyli işlər görüldüyünü deyib. Onun sözlərinə görə, bir çox ölkələrlə müqayisədə bugünə qədər Azərbaycanda sosial şəbəkələrə heç bir qadağalar yoxdur. Təbii ki, bütün bunlar da internet azadlığının göstəricisidir.

Konkret olaraq, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamdan gözləntilərinə gəldikdə isə Ə.Ağalarov hazırkı mərhələdə onlayn medianın digər kütləvi informasiya vasitələrinin önünə keçmək cəhdlərinə toxunub. Azərbaycanda kifayət qədər internet saytlarının mövcud olduğunu vurğulayan baş redaktor ümumi bir mexanizm olmadığını təəssüflə qeyd edib: "Təəssüflə qeyd etməliyəm ki, onlayn media ilə bağlı qanunvericiliyin mövcud olmaması bu sahənin inkişafına səbəb olur. Eyni zamanda, internet medianın kütləvi informasiya hesab olunmamasının da mənfi təsirləri yox deyil. Dünya təcrübəsinə nəzər salsaq, son dövrlərdə internet medianın daha populyar olduğunu görə bilərik. Bu da internet medianın həm çap mediasının, həm də televizor və radionun funksiyalarını özündə cəmləşdirməsi ilə bağlıdır”.

Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən təqdirəlayiq addımların atıldığını vurğulayan həmkarımızın sözlərinə görə, sözügedən strategiya da bu addımlardan biridir: "Media nümayəndəsi olaraq bizim hər birimiz də öz növbəmizdə jurnalistikanın etik davranış qaydalarına əməl edib internet medianın inkişafına təkan verməliyik. Zənnimcə, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan məsələlər mərhələli şəkildə öz əksini tapsa, internet medianın inkişafına mane olan bütün problemlər öz həllini tapar”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb