Sarkisyan hakimiyyətinin yeganə çıxış yolu işğal etdikləri torpaqları boşaltmaqdır
Ermənistan Prezidenti Serj Sarkisyanın "dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağa səfəri erməni ictimaiyyətini ən çox düşündürən sualdır. Ermənistanda əksəriyyət Sarkisyanın torpaqların qaytarılmasını müzakirə etmək və Qarabağdakı komandanlığa geri çəkilmək təlimatını vermək üçün Xankəndinə getdiyini düşünür. Yayılan məlumata görə, Sarkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib.
Erməni müəllif Yeqizar Ayntabçi diplomatik mənbələrə istinadən yazır ki, Dağlıq Qarabağla bağlı məxfi plan var və aparılan müzakirələr, onların detalları gizli saxlanılır: "Rusiyanın yeni Qarabağ planı tamamilə məxfi saxlanılır. Lakin İrəvanda söhbətləşdiyim diplomat adının açıqlanmaması şərti ilə bir məqama toxundu. Bu, erməni xalqı üçün dəhşətlidir, amma bir o qədər də həqiqətə bənzəyir. Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır. Sarkisyan hakimiyyəti ən son məqamda detalları açıqlayacaq. Hansı ki, həmin vaxt çox gec olacaq”. Müəllif qeyd edir ki, hazırda Sarkisyan hakimiyyəti erməni ictimaiyyətini "təslimçi sülhə” hazırlamaq istiqamətində hərəkətə keçib. İddialara münasibət bildirən politoloq Tofiq Abbasov bildirib ki, hazırda Ermənistanda çox gərgin və böhranlı vəziyyət yaranıb. Ən ciddi sarsıntı keçirən isə erməni rəhbərliyidir: "Ermənistan başçısı anlayır ki, həm siyasi, həm də hərbi cəhətdən geri çəkilməlidir. Çünki o, Azərbaycan torpaqlarının gec-tez azad olunacağını bilir. Erməni elitası və Dağlıq Qarabağda təzyiq altında qalan icma da yaxşı anlayır ki, Azərbaycan artıq müdafiə yox, hücum mövqeyindədir və rəsmi Bakının geri çəkilməsi qeyri-mümkündür. Geri çəkilməli olan varsa, o da erməni tərəfidir. Son günlər beynəlxalq vasitəçilər də Ermənistanı işğalçı kimi qələmə verir və təcavüzkar rejimi sülhə sövq edirlər. Ona görə də Sarkisyan çıxılmaz vəziyyətdə qalıb. Onun Qarabağ səfəri yerli əhalini sakitləşdirmək, baş verənlər onların xeyrinə olduğuna inandırmaq idi. Amma artıq onun yalanlarına heç kim aldanmır. Çünki aprelin əvvəlində baş vermiş hərbi münaqişə göstərdi ki, Azərbaycanın gücü düşməndən qat-qat çoxdur”. Ekspertin fikrincə, hərbi əməliyyatların ikinci mərhələsi başlayarsa, Ermənistan ordusu biabırçı məğlubiyyətlə üzləşəcək: "Beynəlxalq aləm səviyyəsində Azərbaycanın üstünlüyü qeyd-şərtsiz qəbul olunur. Sarkisyanın yeganə çıxış yolu Azərbaycan torpaqlarından erməni qoşunlarını çıxartmaqdır. Əgər bu, onlar üçün məğlubiyyət deməkdirsə, bilsinlər ki, bu məğlubiyyətdən heç vaxt boyun qaçıra bilməyəcəklər. Çünki buna qədər gündəmə gələn bütün sülh proqramlarının həyata keçməməsinin hamısının günahkarı məhz Sarkisyandır”.
İsmayıl