"ABŞ-Rusiya cəbhəsində hərbi-siyasi gərginlik durmadan artır. Bu vəziyyətlə barışmaq olmaz”.
Bunu "Sherg.az”a ABŞ-ın Suriyanı bombalamasından sonra Moskva və Vaşinqton arasında yaranmış gərginlikdən danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, dünya dövlətləri diplomatiya əvəzinə, silah-sursata, güc modelinə əl atırlar:
"Qəribə vəziyyət yaranıb, qərb dövlətləri özlərinin bəyan etdiyi rituallara qarşı çıxırlar. Bəzi dövlətlər, xüsusilə Qərb meyllilər digər məmləkətlərin müstəqil inkişafını qəbul etmirlər. Ona görə, həmin dövlətlərə qarşı elan olunmamış müharibələr başlanır. Suriyada baş verən hadisələr normal düşüncəli ekspertləri qane etməz. Bəzən yazırlar ki, Bəşər Əsəd diktatordur, vəhşidir və s. Bəs körpələrin üzərinə bomba yağdıranlar vəhşi deyillər? Emosiyaları bir kənara qoyduqda baş verənləri aydın görmək olur. İnsanların taleyinə mənfəət prizmasından baxan qərblilər dünya nizamını, BMT və onun tələblərini ayaq altına alır. Bütün dünyanı böyük fəlakətlə üz-üzə qoyacaqlar. Çünki arqument çatdıra bilmirlər, qərbin diplomatiyası büdrəyir və bilərəkdən zorakılığa doğru addım atırlar”.
Yaranmış vəziyyəti Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirən T. Abbasov vurğulayıb ki, dünya erməni vəhşiliklərinə də biganə yanaşır:"Biz bircə dəfə silaha əl atanda isə "Güc tətbiq etməyin” deyib, hərəkətə keçirlər. Belə çıxır, qərb özünün qanunsuz əməllərini həyata keçirmək üçün gücdən istifadə edə bilər, amma Azərbaycan özünün suveren hüquqlarını bərpa etmək üçün gücə əl atmamalıdır. Bu artıq ikili deyil, çoxsaylı standartların üzərində qurulan siyasətdir”.
Rusiyanın ABŞ-a qarşı addım atmadığını diqqətə çatdıran T.Abbasovun sözlərinə görə, dünya müharibəsinin hazırlıq dövründəyik:
"Yaşadığımız dövr böyük qlobal müharibəyə hazırlıqdır. Bir məsələyə şahidik ki, ABŞ və müttəfiqləri birqütblü dünyanın tərəfdarıdırlar. Əslində Çin və Rusiya arada olmasaydı, bir çox ölkələrin durumu dəhşətli ola bilərdi. Liviya, İraq, Suriya kimi pis vəziyyətə düşən ölkələr çox olardı. Qərb kimə arqument çatdıra bilmirsə, o ölkəni dağıtmağa başlayır.
Boris Yeltsinin dövründən bu yana Rusiya diplomatiyası inkişaf etməyib, Qərbə öz təpkisini göstərə bilmir. Rusiya hərbi cəhətdən inkişaf etsə də, səfərbər olmalıdır. Ölkənin daxilində liberal qüvvələr, düşmənə böyük xidmət göstərən partiyalar var. Rusiyanın zəifləməsində həmin qüvvələrin payı var”.
T.Abbasov Qərb təsisatlarının qərəzli mövqeyinin Azərbaycana qarşı çevrilməsinə də toxunub:
"Elə son hadisə, prezident seçkiləri də göstərdi ki, Azərbaycanı tənqid etmək, asılı hala gətirmək üçün min bəhanə uydururlar. Onlar hesab edirlər ki, hər kəs qərbin diktəsi ilə razılaşmalıdır. Söhbət inkişafdan gedirsə, burada rəqabət olmalıdır. Bu rəqabətdə isə rasional ideyalar qalib gəlir. Qərb isə rəqabətdə uduzduğuna görə, qəbul olunmuş normaları pozur.
Rusiya illüziyalara qapılmadan, qərblə müttəfiqliyinin mümkünsüz olduğunu anlayır. Dünya durduqca, bu qütblər bir-biri ilə rəqabətdə olacaq”.
Qeyd edək ki, ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. Prezidentin sözlərinə görə, Amerika əməliyyatların uzunmüddətli davam etdirilməsinin tərəfdarı deyil və Rusiya, İranla münasibətlərin normallaşdırılmasına ümid edir.
Aysel Aslan