"Dünya reytinqində universitetlərimiz ilk minlikdə belə yoxdur, amma təhsil haqları..."

"...dünyanın ilk minlikdə olan universitetlərin təhsil haqqından çoxdur. Tələb olunan və ödənilən təhsil haqqının fonunda verilən təhsilin keyfiyyəti də aşağıdır"
"Azərbaycanda 1991-ci ilə qədər 17 ali təhsil müəssisəsi var idi. Hazırda isə bu rəqəm 54-dür”.
Bu barədə "Sherg.az”a ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən ödənişli ixtisaslara qəbul olanların sayının çox olmasının səbəblərini izah edərkən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, fəaliyyət göstərən universitetlərimizin heç biri dünya reytinq siyahısında ilk minlikdə belə yoxdur:
"Buna rəğmən tələb olunan təhsil haqları dünyanın ilk minlikdə olan universitetlərin təhsil haqqından çoxdur. Tələb olunan və ödənilən təhsil haqqının fonunda verilən təhsilin keyfiyyəti də aşağıdır. Buna görə, universitetlərimizin hazırladığı kadrlara nə daxili əmək bazarında, nə də xaricdə yer var.
Ali məktəblərə qəbul planı yerlərinin 70 faizi ödənişli əsaslarla, 30 faizi isə dövlət sifarişli həyata keçirilib. Pulsuz adlandırdığımız, artıq 10 ildən çoxdur dövlət sifarişli hesab etdiyimiz yerləri dövlətin hara sifariş etdiyi məlum deyil. Universiteti bitirdikdən sonra tələbə işlə təmin edilməlidir. Dövlət bu şəxs üçün 4 il ərzində bütün təhsil xərclərini ödəyir, lakin həmin şəxs işsiz qalır”.
Azərbaycandakı təhsil haqlarının reallığı əks etdirmədiyini deyən K.Əsədovun sözlərinə görə, təhsil qiymətləri fantastikdir və Azərbaycan reallığını əks etdirmir:
"Son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsildən uzaqlaşıb və ya uzaqlaşdırılıb. Qəbul plan yerlərində ciddi şəkildə vəziyyət dəyişməlidir. Çünki kadrlar Azərbaycan dövlətinin əmək bazarının ehtiyaclarını ödəyir. Sonradan əmək bazarında iş tapdıqda təhsil haqlarını vergi və digər rüsumlar vasitəsilə dövlətə geri ödəyəcəklər”.
Qeyd edək ki, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Aysel Aslan