Dünyada belədir, bizdə də olmalıdır

Azərbaycanda ayrıca uşaq kanalının açılmasına böyük ehtiyac var



Azərbaycanda uşaq mətbuatı sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil. Uşaqlar günlərinin çoxunu ekran qarşısında Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanalları seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.

Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur. Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi Milli Televiziya və Radio Şurasını narahat edir. Dəfələrlə şura rəhbərliyi tərəfindən bu məsələ gündəmə gətirilib. Buna baxmayaraq, hələ də belə bir kanalın yaradılması ilə bağlı bir tərpəniş görünmür.

Uşaq telekanalının yaradılması çox vacibdir

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib ki, Azərbaycanda uşaqlar daha çox xarici ölkələrin istehsalı olan cizgi filmlərinə baxır və həmin ruhda tərbiyə alırlar, nəinki milli ruhda. Bunun yolverilməz olduğunu vurğulayan Şura sədri hesab edir ki, televiziya kanalları tezliklə öz proqram siyasətlərində dəyişiklik etməli və uşaqlarla bağlı verilişlərin sayını artırmalıdırlar.

"Son zamanlar bu sahədə müəyyən qədər canlanma var” deyən Məhərrəmli bildirib ki, bu, ciddi məsələdir: "Hazırda Qubada fəaliyyət göstərən "Günəş TV” yalnız uşaqlarla bağlı filmlər, cizgi filmləri göstərir. Biz bunu alqışlayırıq. Əslində o kanalın özünün istiqaməti ümumidir. Amma biz istərdik ki, Azərbaycan efirində uşaq televiziyası da olsun. Uşaq telekanalının yaradılması çox vacibdir. Amma bu, böyük dövlətlər üçün xarakterikdir. Azərbaycan ərazisinə, auditoriyasına görə o qədər də böyük deyil. Hazırda televiziya kanallarının bəziləri uşaq studiyaları açır və cizgi filmləri çəkmək haqda düşünür. Bu sahədə bizim narahatlığımız çoxdur. Ölkə prezidentinə cizgi filmlərinin çəkilişi, cizgi filmlərini çəkməklə bağlı mütəxəssislərin hazırlanmasına görə Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılması üçün müraciət etmişdik”.

Azərbaycanda uşaq verilişləri ilə bağlı arxiv bazasının olmadığını deyən MTRŞ sədri qeyd edib ki, belə bir arxivin yaradılmasına çalışmaq lazımdır: "Biz buna doğru gedirik. Məsələn, böyük dövlətlər cizgi filmləri çəkib, onu başqa dövlətlərə sata bilir. Amma bizdə bu gün o imkanlar yoxdu”.

Bu gün uşaq kanalının açılması məqsədəuyğundur, vacibdir, amma buna hazır deyilik

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev isə deyib ki, əslində hər birimizin evində uşaq telekanalının açılmasına ehtiyac duyulur: "Əlbəttə, Azərbaycan cəmiyyətində uşaqlar üçün kanalın olması məqsədəuyğundur. Çünki uşaqların tərbiyəsi, inkişafı xüsusi bir istiqamətdir, vacib bir sahədir. Reallıq budur ki, xüsusi uşaq telekanalının açılması üçün hazırlıq lazımdır. Cəmiyyət də buna hazır olmalıdır. Aidiyyəti istiqamətlərdə müəyyən işlər görülməlidir. Yeni kanal açmaq üçün kadr potensialı, maliyyə resursları olmalıdır. Bu istiqamətdə düşünür, araşdırma aparırıq. Belə bir kanal açılana qədər istərdik ki, bütün kanallar bu sahəyə diqqəti artırsınlar. Doğrudur, bütün kanallarda, xüsusilə, AzTV və İTV-də uşaq verilişləri gedir. Həm Şura rəsmisi olaraq, həm də ziyalı olaraq hesab edirəm ki, bunlar uşaq kanalının yaradılması üçün azdır. Bu verilişlərin sayı da, keyfiyyəti də artırılmalıdır”. Q.Cəbiyev bildirib ki, kifayət qədər ənənələri olan ölkələrdə, o cümlədən Türkiyədə ayrıca uşaq kanalı var.

"Azərbaycan müstəqillik yolunda yeni inkişaf edir. Bütün vəzifələri eyni anda icra etmək mümkün deyil. Baxmayaraq ki, buna ehtiyac həddindən artıq çoxdur. İş kanal açmaqla bitmir. Tutaq ki, kanalı açdıq, orada nə nümayiş olunacaq?! Bizim nə qədər cizgi filmlərimiz var? Axı kifayət qədər milli cizgi filmlərimiz yoxdur. Başqa dillərdən dublyaj etməklə iş bitmir! Azərbaycan cizgi filmləri Azərbaycan mühitini, mədəniyyətini, psixologiyasını, Azərbaycan reallığını əks etdirməlidir. Uşaqlar o ruhda tərbiyə olunmalıdır. Bu yaxınlarda milli cizgi filmlərinin çəkilməsi üçün bir çox araşdırma apardıq və çoxsaylı problemlərlə qarşılaşdıq. Məlum oldu ki, lazım olan texniki baza, kadrlar yoxdur. Yenə deyirəm, bünövrə, baza olmalıdır. Uşaq kanalı açıb onu lazımi səviyyədə işlədə bilməmək əlavə problemlər yaradar. Arzu edərdim ki, həm telekanallarda, həm də radiolarda müasir tələblərə cavab verən uşaq verilişləri redaksiyaları formalaşsın. Bura sorğularını cavablandıra bilən peşəkarlar, mütəxəssislər cəlb edilsin. Əgər bunlar mümkün olarsa, o baza əsasında uşaq kanalı açmaq daha real olacaq. Bir daha təkrar edirəm ki, bu gün uşaq kanalının açılması məqsədəuyğundur, vacibdir, amma buna hazır deyilik”.

Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiəsi Liqası sədri Yusif Bəkirov da Azərbaycanda uşaqlar üçün ixtisaslaşmış kanalların açılmasının vacib olduğunu söyləyib. Onun sözlərinə görə, uşaq kanallarının açılması uşaqların maariflənməsinə və insan resurslarının inkişafına gətirib çıxarır: "Azərbaycan televiziyası sahəsində uşaqlar üçün ixtisaslaşmış kanalların olmamasının bir çox səbəbləri ola bilər, bunlardan ən əsası bu mövzuda dövlət proqramının olmaması və gərəkli maliyyə dəstəyinin yoxluğudur”.

Uşaq təfəkkürü elədir ki, yüz dəfə yaxşı nə isə de, onu götürməyəcək, amma bir dəfə pis nə isə görsə, onu həmin an mənimsəyəcək

Millət vəkili Jalə Əliyeva da Azərbaycanda uşaq televiziyasının yaradılmasının tərəfdarı olduğunu deyib. Uşaq psixologiyası, tərbiyəsi ilə bağlı mövzunun həssaslıq tələb etdiyini vurğulayan xanım millət vəkili deyb ki, bu psixologiyanın, tərbiyənin formalaşmasında Kütləvi İnformasiya Vasitələrinin ən əhəmiyyətli hissəsi olan televiziyaların rolundan daha çox danışılır: "Bəzən onların müsbət və mənfi təsirləri baxımından fikirlər irəli sürülür. Bu da qloballaşan dünyada qaçılmaz bir məsələdir. Bu gün biz internet portallarından, sosial şəbəkələrdən biz istifadə edə biliriksə, təbii ki, biz bir çox şeyləri uşaqlarımıza qadağan etməkdə acizik. Vaxtında, zamanında nəyinsə qarşısını ala bilmirik. Amma bəlkə də bu təklif o mənada müsbət qarşılanmalıdır ki, televiziyalar öz təbliğatlarını gücləndirsələr, daha yaxşı, daha keyfiyyətli, internet portallardan uşaqların beyninə yüklənən lazımsız informasiyaların istiqamətini dəyişdirə bilsələr, uşaqlarımız üçün daha məhsuldar verilişlər hazırlaya bilsələr, təbii ki, tərbiyədə də bu, mühüm rol oynaya bilər”.

Xarici ölkələrin cizgi filmlərini, uşaq verilişlərini izləyən uşaqların həmin dildə danışmağa meyilli olmasına gəlincə, millət vəkili də maarifləndirmədə televiziyanın rolunun çox böyük olduğunu deyib: "İnsanların öz dilimizin incəliklərinə bələd olmasında kitablar kimi televiziya da böyük rola malikdir. 70-80-ci illərin cizgi filmlərində uşaqlara humanistlik, təbiəti, heyvanları sevmək aşılanırdısa, heyvanların dili ilə insanlara nələrisə çatdırırdılarsa, indi yaradanın heç bir şeyə bənzədə bilməyəcəyi hansısa varlıq vasitəsilə uşaqlara neqativ fikirlər aşılanır. Bunu hər zaman üçün deyə bilmərəm. Amma belə hallar var və çoxdur. Uşaq təfəkkürü elədir ki, yüz dəfə yaxşı nə isə de, onu götürməyəcək, amma bir dəfə pis nə isə görsə, onu həmin an mənimsəyəcək. Ona görə də düşünürəm ki, bu məsələdə hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Qaldırılan bu məsələ zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrinin, müxtəlif yerlərdə dilə gətirdikləri fikrin ifadəsi idi. Mən bu fikri dəstəkləyirəm. Əslində bütün bunları Azərbaycan televiziyasının bu sahədə böyük ənənələri olduğu üçün deyirəm. Dövlət televiziyası xətti ilə gəldiyinə görə, düşünürəm ki, uşağın tərbiyəsi bir dövlət siyasətidir. Azərbaycan Televiziyası bu məsələdə öncüllük edə bilər. Həqiqətən də uşaqlarımızın vətəndaş kimi formalaşmasında əhəmiyyətli verilişlər böyük rol oynaya bilər”.

Telekanallar valideynlərin dostu rolunda çıxış edir

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev də hesab edir ki, Azərbaycan teleməkanında uşaqların zövqünə, səviyyəsinə cavab verən sanballı veriliş yoxdur. O deyib ki, ailənin, valideynin illərlə apardığı işi televiziyalar iki-üç ayın içərisində məhv edib dağıdır: "Ona görə də ayrıca uşaq televiziyasının olması çox vacibdir. Dünyada bu sahədə çox böyük işlər görülür. Həmçinin uşaq televiziyası uşaqları yaxşı tərbiyə etməklə yanaşı, onları televiziyanın siyasətinə uyğun formalaşdıra da bilər. Rusiyada, Türkiyədə və başqa ölkələrdə bu cür kanallar var ki, onlar həm uşaqların maariflənməsi, həm də cəmiyyətdə yetişməsində böyük rol oynayır. Telekanallar valideynlərin dostu rolunda çıxış edir. Bu gün bizim teleməkan uşaqlar üçün cəlbedici olmamaqla yanaşı, həm də ailə dəyərlərinin pozulmasına xidmət edir”. Alyans sədrinin fikrincə, uşaq televiziyasının fəaliyyəti azyaşlıların tərbiyəsində böyük rol oynaya bilər. Belə ki, bu gün uşaqların arasında cinayətkarlıq və uşaqlara qarşı zorakılıq halları artır. Eyni zamanda, televiziyalar uşaqların hüquqlarını onların başa düşəcəyi dildə izah etməklə yanaşı, həmçinin uşaq psixologiyasına uyğun obraz yarada bilər: "Uşaq televiziyasının rolu daha çox gəlir gətirməyə hesablanmamalıdır. Əgər telekanal qarşısına efiri reklamlarla doldurmaq məqsədini qoysa, təbii ki, bunun da uşaqların inkişafına faydası olmayacaq. Uşaq televiziyası uşaqların iştirakına şərait yaratmalı, onların yaradıcılığını üzə çıxarmalıdır. Bura bir növ özünə güvənən uşaqların öz sözünü deməsi, yaradıcılığını göstərməsi üçün məkan olmalıdır”.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb