Dünyada uşaqların köklüyü 2 dəfə artıb

Bu problem Azərbaycan üçün də bir siqnal olmalıdır“Süni qidalarla qidalanan uşaqlarda artıq çəki ilə yanaşı, başqa problemlər də yaşanır”
Ümumdünya Səhiyyə Təşkilatının göstərişi ilə hazırlanan hesabatda hökumətlər, pedaqoqlar və ərzaq sənayesi uşaqlar arasında artıq çəki probleminin mübarizəsinə çağırılır.
Uşaqların köklük probleminə son qoyulması üzrə müstəqil komissiya bildirir ki, dünyada 5 yaşından aşağı 41 milyon uşağın çəkisi normadan artıqdır. Bu göstərici 1990-cı illə müqayisədə 10 milyon artıqdır. İnkişaf etməkdə olan ölkələrdə isə uşaqların köklüyü 2 dəfə artıb. Hesabatda bu artım "dəhşətli kabus” adlandırılır. Köklük problemi həyat tərzi, sağlam ərzaq qıtlığı və yağlı ərzaq məhsulları ilə izah edilir.
Komissiya şəkərli işçilərin vergilərinin artırılması və sağlam qidalanma barədə maarifləndirmə proqramlarının həyata keçirilməsini məsləhət görür.
Məsələ barədə "Şərq”ə danışan Tibb və fəlsəfə elmləri doktoru, Şəmsiyyə Namazova ölkəmizdə bu problemin azlıq təşkil etdiyini deyib: "Azyaşlı uşaqlarda artıq çəki problemi 2 halda müşahidə olunur. Artıq çəki ilə doğulma hallarına sonradan qazanılan çəki problemlərinə nisbətən daha az rast gəlinir. Anadangəlmə artıq çəki ilə dünyaya gələn uşaqlarda problem əsasən daxili xarakter daşıyır. Daxili səbəblər nəticəsində uşaqların artıq çəki ilə dünyaya gəlməsi ananın sağlamlığına da təsir edə bilər. Bu problemin qarşısının vaxtında alınması üçün ana və dünyaya gələcək olan körpəsinin daim həkim nəzarətində saxlanması, davamlı müayinələrdən keçirilməsi vacibdir. Sonradan qazanılan köklük probleminin isə əsas səbəbi yeni doğulan uşaqların süni qidaya cəlb olunmasıdır. Analar əksərən buna diqqət etməyərək, uşaqları ana südü ilə qidalandırmaqdan yayınırlar və ya onları vaxtından tez gündəlik yeməklərə alışdırırlar. Lakin süni qidalar böyüdükcə uşaqların inkişafında mənfi təsirləri büruzə verir. Buna görə də körpənin qidalanmasında ana südünə üstünlük verilməsi barədə həkimlər valideynləri istiqamətləndirməlidir.”.
Ş.Namazova qeyd edib ki, dünyada bu problemin yaşanması bizim üçün də bir siqnal olmalıdır: "Bəzən ana südü ilə qidalanan uşaqlarda da artıq çəki olur. Lakin bu təbii yolla baş verdiyinə görə elə də narahatedici məsələ deyil. Süni qidalarla qidalanan uşaqlarda artıq çəki ilə yanaşı, başqa problemlər də yaşanır. Ona görə də anaların maarifləndirilməsi vacibdir. Onları körpələri ana südü ilə qidalandırmağa cəlb etmək lazımdır. Həm həkimlər, həm aidiyyəti qurumlar müxtəlif tədbirlər həyata keçirərək, gənc anaları bu barədə məlumatlandırmalıdır”.
Aysel