Prezidentlərin bir müddət əl-ələ addımlamaqları da diqqətdən qaçmadı
"İnsanları sünni-şiə deyə ayırmıram, məni müsəlmanlar maraqlandırır”
Ankara ilə Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri dünyanın diqqət mərkəzindədir. Türkiyəyə qarşı güclü etirazların baş qaldırdığı İranda qarşılanma mərasimindən tutmuş liderlərin görüşündə səslənən bəyanatlara qədər heç bir detal medianın gözündən yayınmayıb. Bu günlərdə xüsusilə Yəmən məsələsində üz-üzə gələn Türkiyə və İran prezidentlərinin görüşünün əsas müzakirə mövzusu da gözlənildiyi kimi bu oldu.
ANS TV-nin Tehran bürosunun məlumatna görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana qarşılıqlı ittihamlar fonunda müşayiət edilən və təxirə salınacağı ehtimal olunan səfəri bu gün nəhayət ki, baş tutdu.
Tehranın Sadabad sarayında İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı üçün rəsmi qarşılanma mərasimi təşkil etmişdi.
Səmimi şəkildə görüşən prezidentlərin bir müddət əl-ələ addımlamaqları da diqqətdən qaçmadı.
Görüşdən sonra mətbuata açıqlama verən prezidentlər Yəməndəki gərginliklə bağlı bəyanat veribər. Və buradakı hadisələrin dayandırlmasını vacib hesab ediblər.
"Biz İranın ixrac etdiyi təbii qazın 95 faizini alırıq, lakin qiymət baxımından bu, ən bahalı qazdır. Qiymət aşağı salınsa, aldığımız qazın həcmini artırarıq. Ən bahalı qazı İrandan alırıq, belə olmasını istəmirik”.
"Hürriyet”in verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Tehrandakı toplantısından sonra həmkarı Həsən Ruhani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, toplantıda iki ölkə arasında 8 saziş və 1 Memorandum imzalandığını açıqlayıb: "Bu gün çox mənalı görüş keçirdik. Bölgə od içindədir. Bu problemlərdən və terrordan danışdıq. Siyasi müstəvidə hansı müştərək addımlar atıla biləcəyini müzakirə etdik”.
R. T. Ərdoğan iki ölkə arasında iqtisadi əlaqələrin artım tempinin son vaxtlar zəiflədiyini təəssüflə vurğulayıb: "Biz ticarət həcmini 30 milyard dollar yüksəltmək hədəfini qoymuşduq, təəssüf ki, bu sahədə geridəyik. Ən bahalı qazı İrandan alırıq, bu nöqtədə olmaq istəmirik. Qiymət aşağı salınsa, daha çox qaz alarıq. Dost və qardaş ölkə kimi həmrəylik içində olmalıyıq. Səsimizi bir-birimizə eşitdirə biləcək məsafədəyik. Ankaradan buraya iki sata gəldik. Müştərək həyata keçirə biləcəyimiz bir çox məsələ var”.
Türkiyə prezidenti qarşılıqlı ticarətdə milli pul vahidlərindən istifadə olunması təklifi ilə çıxış edib: "Dolların və avronun məzənnəsinin təzyiqi altında qalmamalıyıq. Biz İran məhsullarını İranın mili pulu ilə əldə etmək istəyirik”.
R. T. Ərdoğan bölgədə yaranmış duruma toxunaraq Suriyada 300 min insanın öldüyünü, İraqda tarixin məhv edildiyini vurğulayıb: "Mən insanları sünni və ya şiə deyə ayırmıram. Məni müsəlmanlar maraqlandırır. Bu qana, bu zülmə son qoymalıyıq. Bu işdə necə vasitəçi ola bilərik, bunların müzakirəsinin və nəticə əldə olunmasının tərəfdarıyıq. Bir-biri ilə vuruşanları bir araya gətirməliyik”. (APA)
İran prezidenti Həsən Ruhani də aparılan danışıqları müsbət qiymətləndirib: "Çox gözəl bir görüş oldu. Qarşılıqlı sərmayələr, sərhəd təhlükəsizliyi müzakirə edildi. Çox həssas bir dövrdəyik. Ətrafımızda qeyri-sabitlik var. Terrorçuluğa, radikalizmə qarşı mübarizədə qərarlı olduğumuzu göstərdik. Nüvə proqramı məsələsində Türkiyənin dəstəyinə görə təşəkkür edirik. Yəmən mövzusunda ətraflı söhbətimiz oldu, ortaq nöqtələr tapıldı. Yəməndə tökülən qanın dayanmasını və atəşkəs əldə olunmasını istəyirik”.
Türkiyə prezidentinin Tehran səfəri iranlı siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Rəcəb Tayyib Ərdoğanın Yəməndəki hadisələrdə İranı günahlandırması və İrandan qüvvələrini geri çəkməyi tələb etməsi Tehranda etirazlara səbəb olub.
İran parlamentinin 65 millət vəkili ölkə başçısı Həsən Ruhaniyə məktub yazaraq Ərdoğana sərt xəbərdarlıq etməyi tələb edib. Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur da Ərdoğanı səfəri təxirə salmağa çağırıb.
İran İslam Şurası Məclisinin rəsmisi Hüseyn Nəkavi Hüseyni Ərdoğanın səfərini İran üçün utancverici hal kimi qiymətləndirib. Ölkəni təhqir edən birinin ayağının altına qırmızı xalı sərmək diplomatiyamız üçün utancverici haldır.