Dünyanın münasibəti dəyişir...

Qarabağın azadlığı üçün 7 maddəlik plan var
"Düşünürəm ki, Qərb dövlətlərinin təklifi istənilən halda Rusiyanın təklifi olmayacaq. Heç ona yaxın bir təklif olacağını da düşünmürəm”


"Həm Prezident Vladimir Putin, həm də Baş nazir Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daima müxtəlif ideyalar irəli sürüblər”. Bunu Bakıda keçirdiyi görüşlərlə bağlı "TASS” agentliyinə müsahibə verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, ideyalar arasında Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi və ora statusun verilməsi məsələsi var: "Təmas xəttində snayperləri var. Bu çox təhlükəlidir. İndiki situasiya bizim hamımızı ayıldacaq və tezliklə bu tədbirləri razılaşdırmağa məcbur edəcək. Mən bu məsələyə İlham Əliyevlə danışıqlarımızda toxundum. O, belə yanaşmanı dəstəkləyir”. Lavrov təkliflərin detalları barədə məlumat verməyib.

Sadəcə danışıqlar masası ətrafında bir neçə həll variantının olduğunu deyib. Bunları ötən gün Prezident İlham Əliyevlə müzakirə etdik. Bizim səylərimiz davamlı olacaq. 3-4 il öncə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşlərində səslənən birgə bəyanatlarda göstərilən ideyalara qayıtmaq olduqca vacibdir. Həmçinin, siyasi nizamlanma detalları ilə yanaşı, təmas xəttində etimad tədbirləri də nəzərdən keçirilməlidir. Məlumat üçün deyək ki, hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı masada 2008-ci ildə qəbul edilən Madrid prinsipləri var. Bu plana uyğun olaraq Ermənistan öz qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxartmalı, daha sonra status barədə danışıqlar başlamalıdır. Amma Ermənistan hazırlanan planla razılaşmadığı üçün plan illərdir ki, sənəd olaraq qalır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik plan

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdən sonra bəzi dövlətlərin münaqişənin həllində fəallığı artıb. Hazırda ATƏT-ə sədrlik edən Almaniya 7 maddəlik yeni təkliflər planı hazırlayıb. Hazırlanan yeni planın əsas məqsədi işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azaldılması, daimi sülhün təmin olunmasıdır. Alman rəsmilərinin sənədlə bağlı açıqlamasında belə deyilib. Amma planın detalları haqqında hələlik heç nə deyilmir. Sadəcə vurğulanır ki, hazırkı "status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır: "Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”.

"Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmalıdır”

Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb. Bokel bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olması ilə bağlı kədərləndiyini bildirib. Senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalı və yeni insan itkiləri ilə əlaqədar başsağlığı ifadə edib: "Münaqişənin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin kifayət qədər diqqət yetirməməsi, bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalması və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş tutması çox kədər doğurur. Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamələrin icrasına hörmətlə yanaşmalıdır. Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır”.

"Planın bütün bəndləri Azərbaycan üçün qeyri-məqbul deyil”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Almaniyanın təklifləri beynəlxalq hüquq çərçivəsindən kənara çıxa bilməz: "Qərb dövlətlərindən Azərbaycana münasibət ciddi şəkildə dəyişməkdədir. Bu tərəfdən də, Rusiya ölkəmizə təzyiqini gücləndirir. Bizdə olan məlumata görə, Lavrov burada olarkən Rusiyanın 5 bəndlik nizamlama planını rəsmi Bakıya təklif edib. Amma bu planın bütün bəndləri Azərbaycan üçün qeyri-məqbul deyil. Düşünürəm ki, Almaniyanın münaqişənin nizamlanması ilə bağlı verdiyi təklif bunun tam əksi olacaq. Çünki Avropa Azərbaycanı öz yanında görməkdə maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinin səbəbi Azərbaycan torpaqlarının işğalıdır, işğalçı Ermənistandır. Onun arxasında da Rusiya dayanır. Bu, birmənalıdır, aksiomdur və araşdırmağa, gündəmə başqa formada gətirməyə ehtiyac yoxdur. Ona görə də, düşünürəm ki, Qərb dövlətlərinin təklifi istənilən halda Rusiyanın təklifi olmayacaq. Heç ona yaxın bir təklif olacağını da düşünmürəm”.

"Həm döyüş meydanında, həm də danışıqlar masasında kifayət qədər əlverişli şərait yaranıb”

Siyasi ekspert Qabil Hüseynli bildirib ki, yaranmış hərbi, siyasi vəziyyət Qarabağ məsələsinə yeni yanaşma tərzi diktə edir: "Son uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan üçün həm

döyüş meydanında, həm də danışıqlar masasında kifayət qədər əlverişli şərait yaranıb. Hətta hazırda bəzi ölkələr bunu öz nəzarəti altına almağa çalışırlar. Məqsəd isə danışıqlar prosesində mümkün həll variantını öz ssenariləri əsasında həyata keçirməkdir. Rusiya 5 rayonun Azərbaycana qaytarılması üçün Moskvanın erməniləri dilə tutması yönündə təbliğat maşınını işə salıb. Hərbi üstünlüyün diktə olduğu bir şəraitdə bunun heç bir əsası yoxdur. 7 rayonun hamısı geri qaytarılmalıdır. Azərbaycan isə Dağlıq Qarabağa yüksək status verə bilər. Yəni torpaqlar geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bu çərçivədə də Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir”. Politoloq vurğulayıb ki, indi çox həssas bir dönəmdir:

"Nəinki Rusiya, heç bir dövlətin diktəsinə yol verilməməlidir. ATƏT, BMT və digər beynəlxalq təşkilatlar Qafqazda sülh üçün rolunu artırmalı, məsələ kimlərinsə siyasi iradəsinə söykənən qərarlarla deyil, Helsinki Yekun aktı və beynəlxalq hüququn digər normativ sənədlərinə uyğun olaraq birdəfəlik çözülməlidir”.

İsmayıl