Dünyanın yeni düzəni...

ABŞ-İran razılaşması siyasi maraqların dəyişdiyini göstərir
İranla "altılıq” ölkələr arasında Lozanna bəyannaməsinin qəbul edilməsi dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilib. Uzun sürən gərgin danışıqlar prosesindən sonra nəhayət, İran və "altılıq” dövlətlər arasında razılıq əldə olunub. Anlaşmanın şərtlərinə əsasən BMT-nin sanksiyaları da daxil olmaqla, İrana qarşı bütün embarqolar ləğv ediləcək. Avropanın çoxtərəfli və Amerikanın birtərəfli bütün maliyyə və iqtisadi sanksiyaları, o cümlədən bank, sığorta, investisiya və onunla əlaqədar bütün xidmətlər, neft, qaz, neft-kimya və avtomobilqayırma sektorlarına tətbiq olunan sanksiyalar dərhal ləğv olunacaq. İran isə nüvə silahı proqramlarından imtina edəcək. Amma İRNA agentliyinin məlumatına görə, mövcud həll yolları çərçivəsində İranın nüvə proqramı ilə əlaqədar heç bir obyektinin dinc məqsədli nüvə fəaliyyəti dayandırılmayacaq.
Sözügedən razılaşma ən azı qarşıdakı 10 ili əhatə edir. ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, razılaşma İranın nüvə silahı əldə etmək imkanlarını heçə endirəcək. Bununla da 10 il davam edən gərginlik dövrü arxada qalmış olur.
İran-Qərb anlaşması bir çox tərəflər üçün uğurlu, bəzi tərəflər üçünsə arzuolunmazdır
Sazişdən narazı olanlar da az deyil. İlk növbədə İsrail və regiondakı ərəb rejimləri İranın bu anlaşmadan sonra mövqelərinin möhkəmlənəcəyindən əndişə duyurlar. Hətta nüvə danışıqları gedişində İsrail və ərəb ölkələrinin rəhbərləri Vaşinqtona təzyiq göstərməyə də çalışıb. İsrailin baş naziri Benyamin Netanyahu açıqlamasında İrana qarşı sanksiyaların artırılmasını tələb edib. Baş nazir iddia edib ki, İsrailin təhlükəsizliyini şübhə altına alan razılaşma sünni əhalinin üstünlük təşkil etdiyi ölkələr arasında silahlanma işində rəqabəti artıracaq: "İranla "5+1” ölkələri arasında əldə olunan razılaşma İranın nüvə mərkəzlərini aradan qaldırmır, ona görə də bunu müsbət qiymətləndirmirəm”. Bundan başqa, İran hakimiyyəti daxilindəki mühafizəkar qruplar da anlaşmanın Həsən Ruhaninin və bütövlükdə islahatçı komandanın mövqeyini möhkəmlədəcəyindən və eləcə də regional siyasətdə İranın mövqeyinin zəifləyəcəyindən narahatdır. Eyni zamanda ABŞ-dakı respublikaçılar da İranla anlaşmaya qarşıdır. Avropa ölkələri isə bu vəziyyətdən, yəni Avropanın köhnə iqtisadi tərəfdaşı olan İrana qarşı embarqoların götürülməsindən çox məmnundurlar. Çünki İran Avropa üçün böyük bazar olmaqla yanaşı, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynayan bir ölkədir.
Embarqo qaldırılarsa, dünya bazarında neftin bir barelinin qiyməti 20 dollaradək düşə bilər
Başqa bir məqam Qərbin embarqosunun götürülməsindən sonra İranın dünya bazarına daha çox neft çıxarması ilə bağlıdır. Hazırda bazarda təklif tələbi xeyli üstələdiyi üçün neftin qiyməti xeyli
ucuzlaşıb. İranın neft ixracını artırması "qara qızıl”ı xeyli ucuzlaşdıra və uzun müddət üçün "ucuz neft erası”nı başlada bilər. Bu günlərdə Böyük Britaniyanın "The Telegraph” qəzeti İran-Qərb anlaşması fonunda neft bazarında yaranacaq yeni situasiyaya dair proqnoz verib. Qəzet yazıb ki, İranın xam neft ixracına qoyulmuş embarqo aradan qaldırılsa, dünya bazarlarında neftin bir barelinin qiyməti hətta 20 dollaradək aşağı düşə bilər. İran dünya üzrə sübut edilmiş neft ehtiyatlarının 9 faizinə sahibdir. Hazırda İranda sutka ərzində təxminən 2,8 milyon barel neft hasil edilir və bunun yalnız 1 milyon bareli Qərbin sanksiyalarının şərtlərinə uyğun olaraq ixrac edilir. Əgər sanksiyalar ləğv edilərsə, İran hasilat və ixracı önəmli dərəcədə artırmaq gücünə malikdir. Bundan əlavə, ölkənin anbarlarda milyonlarla barel xam neft ehtiyatı var ki, bunu da dərhal bazarlara çıxarmaq mümkündür. Təklifin bu qədər artması beynəlxalq bazarlarda neftin qiymətini şübhəsiz ki, xeyli öldürəcək.
Anlaşma sübut etdi ki, hazırda Qərbə ciddi təhlükə İran deyil, məhz Rusiyadır
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirib ki, Qərblə İran arasında əldə olunan dialoq qlobal səviyyədə siyasi proseslərə təsir edəcək. ABŞ-ın danışıqlarda faktiki olaraq İrana güzəştə getdiyini deyən politoloq vurğulayıb ki, ABŞ İsrailin təzyiqinə baxmayaraq, İranla razılaşmaya getdi: "Qərb İranın üzərindən sanksiyaları götürməyə hazırlaşır. Düşünürəm ki, ABŞ-İran yaxınlaşması Qərbin xeyrinə işləyəcək. Görünür, İran sanksiyalardan çıxaraq inkişafa nail olmaq fikrindədir. Baş verənlər bir daha sübut etdi ki, hazırda Qərbə təhlükə İran deyil, məhz Rusiyadır. Rusiya güclü nüvə dövləti kimi də Qərbə təhlükə yaradır”. V.Quluzadənin fikrincə, Rusiyanın yürütdüyü aqressiv siyasətin fonunda ABŞ çalışacaq ki, digər rəqibləri münasibətləri normallaşdırsın. Qərb bununla Rusiyanı təkləməyə çalışır. İsrailin etirazlarına gəlincə, ekspert bildirib ki, ABŞ dünyəvi dövlət olduğundan onun qlobal maraqları var. Amma İsrail ABŞ-a istinad edən regional dövlətdir: "Regional dövlət kimi İsrail narahatdır və buna ciddi əsasları var. Çünki İsrail bundan sonra öz siyasətini olduğu kimi yürüdə bilməyəcək. İranın Qərblə münasibətlərini normallaşdırması hazırkı siyasətindən əl çəkməyən İsrail üçün təhlükədir. İsrail Yaxın Şərqdə hegemon dövlət olmaq istəyir. Amma İranın regionda mövqeləri güclənəndən sonra yəhudi dövlətinə qarşı ciddi rəqib meydana gələcək. Amma ABŞ qlobal maraqlarını heç kimə güzəştə getməyəcək”.
Azərbaycan İran və Türkiyə ilə sıx əlaqələr yaratmalıdır
İran ətrafında baş verənlərin region dövlətlərinə, xüsusən də Azərbaycana təsirinə gəlincə, V.Quluzadə hesab edir ki, Azərbaycan "ayaq altında” qalmamaq üçün siyasəti barədə ciddi düşünməlidir: "Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almayacaq. Əgər ABŞ İsrailin maraqlarını nəzərə almırsa, deməli, Azərbaycana da güzəştə gedilməyəcək. Azərbaycan İran və Türkiyə ilə sıx əlaqələr yaratmalı və gərəkən islahatları aparmalıdır. Bu addımlar Azərbaycanı suyun üzərində saxlayacaq. Eyni zamanda Azərbaycan ABŞ və Avropa Birliyi ilə də münasibətlərə diqqət edərək onları dərinləşdirməlidir”.
İran bölgədə çevik siyasət yürütməklə mühüm nailiyyət əldə etdi
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyib ki, istənilən halda bu razılaşma bölgədə çox ciddi geosiyasi dəyişikliklər yaradacaq: "Son zamanlar İranla əldə olunacaq razılaşmanın əlamətlərini müşahidə edirdik. İranın İraqda İŞİD-ə qarşı əməliyyatlarda birbaşa iştirakı bariz nümunələrdən biri idi. Bölgədə tamamilə yeni bir geosiyasi mənzərə yaranıb. Bu, hələ ilkin mərhələdir. Səudiyyə Ərəbistanı və onun bölgədəki müttəfiqləri mənfəət götürməyə tələsdikləri üçün xeyli səhvlərə yol verdilər. İran isə daha çevik siyasət yürütməklə mühüm nəticə əldə etdi. İran tərəfi yaxın 25 ildə uranı zənginləşdirməyəcəyi barədə öhdəlik götürüb. Qərb isə ən yaxın zamanda Avropanın və ABŞ-ın İranın üzərindən bütün sanksiyaları qaldıracağına söz verib”. Politoloqun sözlərinə görə, danışıqlar prosesi başlayanda Azərbaycan bugünkü nəticəyə hesablanmış, tamamilə yeni və fərqli xarici siyasət strategiyası qurmağa başlamalı idi: "Fikrimcə, bütün baş verənlərin uğurla başa çatması əsas olaraq İran, ABŞ və Avropa ölkələrindən asılıdır”.
Politoloq Sülhəddin Əkbər ABŞ-İran anlaşmasından danışarkən cənub qonşumuzun Azərbaycana təzyiq edə biləcəyini istisna etməyib. Politoloqun sözlərinə görə, "altılıq” dövlətləri ilə əldə edilən bu anlaşma İranın hər şeydən öncə maliyyə-iqtisadi imkanlarını genişləndirəcək ki, bu da onun beynəlxalq müstəvidə manevr imkanlarını artıracaq: "İran büdcəsinin 42 faizi neft gəlirləri hesabına formalaşır. Nəzərə alsaq ki, sanksiyalar zamanı İranın neft ixracı iki dəfə azalıb. O zaman bu sanksiyaların aradan qaldırılmasının İrana hansı imkanlar yaradacağını təsəvvür edə bilərsiniz”.
ABŞ-ın İranla "savaş” halında olması Şimali Azərbaycanı əsas oyunçulardan birinə çevirə bilərdi
Siyasi ekspert Azər Rəşidoğlu hesab edir ki, İran-ABŞ münasibətlərinin normal məcraya salınması Qərbin Cənubi Azərbaycan məsələsinə diqqətini xeyli dərəcədə azalda bilər. Bu da İran-Azərbaycan münasibətlərindəki gərginliyi nisbətən aradan qaldırar: "Lakin Bakı və Tehran arasındakı gərginliyin yaxın zamanlarda tam aradan qalxacağına ümid bəsləmək olmaz. Bu məqamda daha çox ABŞ-İran münasibətlərinin tənzimlənməsinin Azərbaycanın geosiyasi önəminə təsirini təhlil etmək lazım gəlir. ABŞ "Yeni Yaxın Şərq” layihəsinə uyğun olaraq diplomatiyasını uğurla həyata keçirməkdədir. Daha çox Rusiyanın "dənizlərə çıxışını” bağlamağa yönələn bu layihənin tam gerçəkləşməsi "İran problemi”nin həllindən asılı olacaq. Əlbəttə ki, ABŞ istənilən ölkəni hərbi əməliyyatlar yolu ilə diz çökdürməyə qadirdir. Lakin burada söhbət yalnız hərbi əməliyyatlardan getmir. ABŞ işğal etdiyi ölkələrdə sosial, mədəni, siyasi spektrləri tam ələ keçirir. Bölgənin tamamilə ələ keçirilməsi siyasətinə yalnız İran mane olur. Ancaq ABŞ İranı tamamilə işğal edə bilməkdən ötrü kifayət qədər resursa və gücə malik deyil. Bununla bağlı iri koalisiyalar yaratmaq da mümkün deyil. Odur ki, Ağ Ev sülh variantı barədə fikirləşir”. A.Rəşidoğlunun fikrincə, ABŞ-ın İranla savaş səviyyəsində olması Şimali Azərbaycanı əsas oyunçulardan birinə çevirə bilərdi: "ABŞ İran təhlükəsinə qarşı Azərbaycan, Orta Asiya, Əfqanıstanı nəzarətə götürməyə cəhd edirdi. Azərbaycan öz hava limanlarını NATO-ya təqdim etməli olardısa, bu artıq ABŞ üçün Türkmənistana doğru bir addım olardı. Savaş planının aradan qalxması isə vəziyyəti bir qədər dəyişir və Bakının əhəmiyyətini azaldır”.
İsmayıl