Üzeyir Cəfərov: "İşğalçı ölkə bunu öz üzərində hiss etmək istəyirsə, artıq-əskik hansısa hərəkətə yol versin”
"Azərbaycan və Türkiyə hərbi qoşunlarının birlikdə həyata keçirdiyi hərbi təlimlər əvvəllər keçirilən təlimlərin davamıdır”.
Bunu Sherg.az-a Naxçıvanda Türkiyə və Azərbaycan Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlərin keçirilməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Azərbaycan silahlı qüvvələri müdafiə və təhlükəsizliyin artırılması üçün dövlətimizin əldə etdiyi silah sursatları sınaqdan keçirəcək, real atış təlimlərini yoxlayacaq:
"Son vaxtlar tam əminliklə demək lazımdır ki, Azərbaycan dövləti Naxçıvandakı əlahiddə qoşun üçün ən müasir, son nəsil helikopterlər, zenit-raket kompleksləri, artilleriya qurğuları, ən müasir tanklar və s. hərbi silahlar alıb. Bu təlimlərdə həmin avadanlıqlar istifadə olunur, onların gücü və imkanları bir daha dəqiqləşdirilir. İrimiqyaslı təlimlər Türkiyə və Azərbaycan hökuməti arasında imzalanmış memorandumun davamıdır. Azərbaycan silahlı qüvvələri türk qardaşlarımızla bərabər Gürcüstanla da iri hərbi təlimlər həyata keçirir. Naxçıvan Muxtar Respublikası strateji nöqtədir və son günlər düşmən bir qədər fəallıq nümayiş etdirir. Amma hər hansı bir silahlı təxribata cəhd göstərsələr vurulacaqlar. Ermənistan özü də yaxşı bilir ki, ordumuzun səlahiyyətində olan silahlar ən müasir və düşməni məhv edəcək silahlardır. Düşmən bunu öz üzərində hiss etmək istəyirsə, artıq-əskik hansısa hərəkətə yol versin”.
Zamanla silahlı qüvvələrimizin daha çox təcrübə topladığını diqqətə çatdıran Ü.Cəfərov deyib ki, bu sahədə qardaş Türkiyə NATO-nun aparıcı silahlı qüvvələrinə malik ölkə olduğuna görə, birgə əməliyyatları keçirmək işlərini koordinasiya edir:
"İki ölkənin hərbi qüvvələrinin sabah yarana biləcək təhlükələri birlikdə ram etmək potensialını göz önünə gətirir.
4 gün davam edəcək təlimlər iyun ayının 16-da başa çatacaq. Düşünürəm ki, bu dəfə də böyük təcrübə, müsbət nəticələr ortaya qoyulacaq. Çünki Azərbaycan silahlı qüvvələrinin bütün qoşun növləri bütün sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edirlər. Naxçıvan blokadada olduğuna görə Türkiyə silahlı qüvvələri Naxçıvana xüsusi diqqət və önəm ayırırlar. Bu təlimlər də qarşılıqlı döyüş tədbirlərinin görülməsi üçün ən yadda qalan və uğurlu təlimlərdən olacaq”.
Aysel Aslan