Düşmən ölkə əsgər qıtlığı yaşamaqdadır

Ermənistan Qarabağa polisi göndərir
“Artıq, vəziyyət o dərəcəyə çatıb ki, baş nazir Nikol Paşinyan Daxili Qoşunları işğal olunmuş ərazilərə, cəbhə bölgəsinə göndərmək barədə əmr verib”


Ermənistan hökuməti Daxili Qoşunları sərhədə yeritmək haqqında qərar qəbul edib. Bu barədə məlumatı "Qraparak” qəzeti yayıb. Daxili Qoşunlar haqqında qanuna əsasən, bu qüvvələrin hədəflərindən biri müdafiədə iştirak etməkdir. Lakin əvvəlki hökumətlər onlardan etiraz hərəkatlarının yatırılması üçün yararlanıblar. Artıq polisin rəhbəri Valeri Osipyana bu barədə Müdafiə Nazirliyindən təklif gəlib və o, bunu qəbul edib.

Təklifin təşəbbüskarı kimi baş nazir Nikol Paşinyan çıxış edib. Rəsmi İrəvan polis qoşunlarını 15 avqustdan etibarən Qarabağa göndərəcək. Bu qoşunlar 15 günlük növbə ilə "sərhəd müdafiəsi” ilə məşğul olacaqlar. Məlumat üçün deyək ki, Ermənistan rəhbərliyi orduda şəxsi heyət çatışmazlığı olduğunu dəfələrlə bəyan edib və çıxış yolu kimi görülən tədbirlərin effekt vermədiyini bildirib. Polis qüvvələrinin sərhədə göndərilməsi düşmən ölkədə hərbi vəziyyətin və əsgəri gücün hansı səviyyədə olduğunu bir daha ortaya qoyur.

Ermənistandakı durumu dəyərləndirən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, təmas xəttində erməni əsgərlərinin çatışmazlığı problemi uzun illərdir davam edir. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində dislokasiya olunmuş hərbi hissələrə əsgər göndərməkdə çətinlik çəkir: "Demoqrafik durum acınacaqlıdır və bir az pulu olan rüşvət verərək, işğal olunmuş ərazilərə gəlməkdən yayınır. 

Ordumuzun artan hərbi təzyiqləri ermənilər arasında panika yaradıb. Erməni gənclər işğal olunmuş ərazilərdə ölmək istəmirlər. Qarabağlı ermənilərlə gəlmə ermənilər arasında uçurum da ciddi şəkildə inkişaf edir. Artıq, vəziyyət o dərəcəyə çatıb ki, baş nazir Nikol Paşinyan Daxili Qoşunları işğal olunmuş ərazilərə, cəbhə bölgəsinə göndərmək barədə əmr verib. 

Halbuki, daxili qoşunlar ölkədə daxili təhlükəsizliyi təmin etməyə xidmət edir. Göründüyü kimi, Azərbaycanın hərbi təlimləri, işğalçı üzərində açıq üstünlüyü və cəbhə xəttində təzyiqləri Nikol Paşinyanın belə bir qərar qəbul etməsinə səbəb olub.

Ermənistan Müdafiə Nazirliyində rüşvət və intizamsızlıq, döyüş qabiliyyətinin aşağı olması, Sarkisyan klanının orduda kök atması Paşinyanın bu nazirliyə etimadını azaldıb. Onu da qeyd edim ki, daxili qoşunların cəbhə bölgəsinə göndərilməsi hansısa üstünlüyə səbəb olmayacaq. Görünür, erməni rəhbərliyi Azərbaycanın hərbi hərəkətliliyindən narahatdır”.

İsmayıl