“Düşmənlə düşmən kimi rəftar etmək lazımdır”

Millət vəkili ermənilərin Bakıya gəlməsinin qəti əleyhinədir
“Nə vaxt ki, torpaqlarımız işğaldan azad olar, qonşuluq, əməkdaşlıq bərpa olunar, o zaman da ermənilər gəlib Bakını gəzərlər”





Ötən gün əslən erməni olan İrina Berçinyan Bakıya gəlib.
Digər Bakı erməniləri kimi, o da 30 il sonra Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının vasitəçiliyilə Azərbaycan paytaxtına qayıdıb.

İrina Bakı haqqında əslən azərbaycanlı olan ərindən öyrənib. Doğulduğu və böyüdüyü şəhəri, o, erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarından sonra tərk edib. Qadın qeyd edir ki, 1980-ci illərin sonunda ailəsi ilə birgə Rusiyaya köçüb. 30 il sonra İrina Berçinyan azərbaycanlı əri ilə Bakı küçələrində gəzir.

Millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu cür səfərlər Sülh Platforması tərəfindən təşkil olunsa da, müvafiq dövlət qurumlarının da razılığı olur. Əks halda gəliş-gediş qeyri-mümkün olar.

Azərbaycanda tolerantlığın, multikulturalizmin dünyaya nümunə olacaq səviyyədə yüksək olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, biz dünyaya gücümüzü bu yolla göstəririk. Ancaq buna rəğmən E.Məmmədov ermənilərin Bakıya gəlməsinin əleyhinə olduğunu deyib: 

"Ermənilər bizim torpaqlarımızı işğal edib və 20 ildən artıqdır ki, işğal altında saxlayır. Ermənilər bizim bir milyondan artıq soydaşımızı qaçqın-köçkün vəziyyətinə salıb. Ermənilər bizim 30 mindən çox insanımızı şəhid edib. Axı bizdən ötrü onların Bakıya gəlməsi nə vacibdir? Yaxud da, niyə biz bizə zülm edən mənfurların ayağına, Ermənistana getməliyik? Mən düşmənlə bu cür əlaqələrin, görüşlərin əleyhinəyəm. 

Nə qədər ki, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir, nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, nə qədər ki, qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıtmayıblar və təcavüzkar ermənilər öz layiqli cəzalarını almayıblar, ermənilərin Azərbaycana sərbəst get- gəllərinə məhdudiyyət qoymaq lazımdır. Nə vaxt ki, torpaqlarımız işğaldan azad olar, qonşuluq, əməkdaşlıq bərpa olunar, o zaman da ermənilər gəlib Bakını gəzərlər. 

Ola bilər, kimlərsə desin ki, beynəlxalq tədbirdi, normal yanaşılmalıdı. Bəziləri deyir ki, qoyun, gəlib-getsinlər, qurub-yaratdıqlarımıza baxıb, partlasınlar. Hər kəsin öz fikri var. Amma mən qəbul etmirəm. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır: "Adam kişi kimi düşmənçilik edər. Düşmənin evimdə nə işi var? Onlarla nə söhbət etmək olar? Bu gediş-gəlişə etiraz edirəm. Yurdundan-yuvasından didərgin düşmüş, soyqırıma məruz qalmış vətəndaş kimi belə şeyləri absurd sayıram”.

Şəymən