Yaranmış vəziyyət atəşkəs deyil, ermənilərə verilən vaxtdır
"Hər kəs ordumuzun başlatdığı cavab əməliyyatlarının davam etdirilməsini, torpaqlarımızın tam geri qaytarılmasını arzulayır. Bu, təbii arzudur. Ancaq bilmək lazımdır, gördüyümüz bu cavab tədbirlərində məqsəd döyüşlərin miqyasını genişləndirmək deyildi”.
Bu sözləri "Şərq”ə millət vəkili Sahib Alıyev cəbhədəki döyüşlərin dayandırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əsas hədəfimiz düşməni sarsıtmaq, ona həddini göstərmək, status-kvonu qoruyub saxlaya bilməyəcəyini anlatmaq, böyük itkilərə yol vermədən danışıqlar yoluyla problemi çözməkdir: "Emosiya və eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq, ermənilərin yiyələri tərəfləri ayırmaq adı altında Qarabağa qoşun yeridər və biz heç vaxt arzulamadığımız reallıqla qarşılaşa bilərdik. Azərbaycana Qarabağda hər hansı bir böyük dövlətin hərbi mövcudluğu lazım deyil və bu, problemin həllinə qətiyyən yardım etməyəcək. Ən azından ortada Güney Osetiya və Abxaziya təcrübələri var. Bizə ermənilərin və havadarlarının torpaqlarımızın daha 20 il işğal altında qalmasıyla barışmayacağımızı anlamaları lazım idi. Anladılar. Onlara bunu ruhları qarşısında baş əydiyimiz Şəhidlərimiz, müzəffər ordumuz və Ali Baş Komandanımız anlatdı”.
Parlamentarinin sözlərinə görə, bu 3 günlük döyüşlər onun üçün idi ki, indi Talış kəndinin üstündə, Lələtəpədə və bir çox başqa yüksəkliklərdə duran təkcə Azərbaycan ordusu deyil, həm də Azərbaycan Dövləti, Azərbaycan xalqı və Azərbaycan diplomatiyasıdır: "Düşmən aşağılanıb, düşmən aşağıdadır, sözün hər anlamında! İndi şərtlərini diktə edən tərəf bizik. Ya şərtimizə əməl edib torpaqlarımızdan rədd olub gedəcəklər, ya da üzərlərinə həmin yüksəkliklərdən onları yandırıb aparacaq atəş seli axacaq. İndi cəbhədə yaranmış vəziyyətin adı atəşkəs deyil, ermənilərə düşünmək üçün verilən vaxtdır. Biz gözü yaşlı analarımızın sayının artmasını istəmirik. Oğullarımızın bir tükü belə bizim üçün qiymətlidir! Ancaq Şəhidin Vətən etdiyi torpaqdan qiymətli heç nə yoxdur. Ermənilər bunu bilməlidirlər və bilirlər. Düşünməyə bir az vaxtları var. And olsun Lələtəpədə dalğalanan Bayrağımıza ki, ya torpaqlarımızdan gedəcək, ya tabuta qoyularaq aparılacaqlar. Onlar müqəddəs torpaqlarımızda torpağa da qarışa bilməzlər, qarışmamalıdırlar”.
Ayyət Əhməd