“Düzdür, media “dördüncü hakimiyyət” adlandırılır”

Nizami Cəfərov: “Amma bununla yanaşı, cəmiyyətin özü medianı nəzarətdə saxlayır”
Amma təbii ki, bu istiqamətdə medianın imkanlarını gözardı etmək olmaz. Düşünürəm ki, son günlər yaşanan hadisələr medianın özü üçün də bir sınaqdır



Zaman-zaman yazılı və internet medianın qüsurları dilə gətirilir və müzakirə edilir. Amma buna baxmayaraq, KİV-lər hər şəraitə uyğun bu və ya digər formada fəaliyyətlərini davam etdirirlər. Amma Azərbaycan televiziyalarının fəaliyyəti mütəxəssislər və ictimaiyyət tərəfindən daha çox və ciddi şəkildə tənqid olunur. İntellektual auditoriya demək olar ki, yerli televiziyalara baxmır. Bu da daha çox onunla əsaslandırılır ki, televiziyalarda normal layihələr yoxdur, layihələr daha çox xarici telekanallardan oğurlanır və bərbad vəziyyətə salınaraq efirə verilir.

Halbuki, televiziya sosial harmoniya yaratmalı, insanların ruhunu sakitləşdirməli, bilgi verməli, həyata inam və şövq yaratmalıdır. Amma çox təəssüf ki, televiziyalar bunun tam əksini edirlər. Təbii ki, bəzi KİV-lərin insanların faciələrindən şou düzəltmək, üçüncü, dördüncü və onuncu səviyyəli məsələləri ekrana çıxarmaq cəhdləri yolverilməzdir. Əslində bunlar heç kim üçün maraqlı deyil. Amma yerli televiziya kanallarında gedən böhranın, düşüklüyün, bayağılığın bir forması olaraq bunlar ayrı-ayrı televiziya kanallarında müxtəlif formalarda təzahür edir. Telekanallarda bayağılıq, sünilik, şitlik, efir mədəniyyətinin aşağı olması adi gözlə görünür və bununla bağlı ciddi tədbirlər görülməlidir. Lakin bu cür tənqidlərin MTRŞ rəhbərliyi, ölkə rəsmiləri səviyyəsində neçənci dəfədir ki, səsləndirilməsinə baxmayaraq ortalıqda hər hansı bir ciddi nəticə yoxdur. Ekspertlərə görə, televiziya başqa sahələrdən fərqli olaraq yaradıcılıqla daha çox bağlıdır: "Ona görə də bu sahədəki problemləri hansısa qərar və ya layihə ilə aradan qaldırmaq mümkün deyil. Sadəcə olaraq, çörəyi çörəkçiyə vermək lazımdır. Bizim televiziyaların əsas məqsədi isə tamaşaçıya xidmət etmək deyil. Ölkə telekanallarında bir dənə də olsun barmaqla göstəriləcək veriliş yoxdur ki, tamaşaçıların 30 faizi həmin verilişə baxsın. Hətta bəzən efirlər xəbər proqramlarını da dolğun verə bilmirlər. Nəticədə isə insanlar sosial şəbəkələrə, internet mediaya və xarici televiziyalara üz tutmalı olur. Bu baxımdan, əksər media nümayəndələri yazılı və internet medianın televiziyalardan daha ciddi və lazımlı fəaliyyət göstərdiklərini iddia edirlər. Onların fikrinə görə, xüsusən son yaşanan hadisələrin ictimaiyyətə düzgün çatdırılması və Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, həyata keçirilən islahatlar yazılı və internet mediada daha dolğun və analitik şəkildə əks olunub. Milli mediamızın təbliğat funksiyası və televiziyaların bərbad fəaliyyəti ilə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Nizami Cəfərov ümumi medianın fəaliyyət istiqamətindən və bu sahədəki ciddi qüsurlardan danışıb.

- Dünyada və ölkə daxilində baş verən prosesləri nəzərə alsaq, Azərbaycan mediası ictimaiyyətin nəbzini tuta bilirmi? Yəni mətbuatımız hadisələri olduğu kimi çatdırırmı?

- Media ilk növbədə vasitəçilik edir. Yəni dünyada və ölkədəki hadisələr haqqında məlumatları cəmiyyətə çatdırır. Bu məlumatlar əsasən, dövlət və hökumət adamlarının gördükləri işlərdən ibarət olur. Məsələn, dünyada və Azərbaycanda gedən proseslər, o cümlədən cənab Prezidentin ölkənin hazırkı durumu və aparılan islahatlarla bağlı etdiyi çıxışlar, verdiyi tapşırıqlar demək olar ki, bütün media orqanlarında olduğu kimi dərc olundu. Yəni ölkə başçısının fikirləri, təhlilləri, proqnozları həm televiziya, həm də qəzet və saytlar vasitəsilə ictimaiyyətə böyük diqqət və həssaslıqla çatdırılır. Eləcə də bu işlə məşğul olan hökumət adamlarının, birbaşa məsuliyyət daşıyan məmurların şərhləri mediada işıqlanıdırılır. Digər önəmli məsələ isə mətbautda çıxış edən mütəxəssislərlə bağlıdır. Xüsusən, son zamanlar mediada iqtisadçı-ekspertlər daha çox görünür. Mövzularla bağlı mətbuatın, yəni media nümayəndələrinin öz şərhləri də önəmlidir. Jurnalistlər yazılarında proseslərə şərh verir, məsələləri analiz edirlər. Ancaq bu məsələdə jurnalistləri nə tərifləmək, nə də çox pisləmək olur. Çünki mətbuat səhifələrində uğurlu təhlillərlə yanaşı, qeyri-peşəkarlığı özündə açıq nümayiş etdirən savadsız yazılar da var. Amma bütövlükdə vəziyyət normaldır. Sadəcə olaraq belə hallarda bizim KİV-lər mümkün qədər mütəxəssislərə müraciət etməlidirlər. Çünki xalqımız müstəqillik illərindən sonra çox böyük siyasi-ictimai dövlətçilik şüuruna yiyələnib. Ona görə yazılarda daha çox faktlar qeyd olunmalı, görülən işlər barədə xronoloji məlumatlar verilməlidir. Eyni zamanda, Azərbaycanın bugünkü potensialını özündə əks etdirən məqalələr hazırlanmalıdır. Fikrimcə, müstəqillik illərində qazandığımız uğurlar dünyanın indiki ağır dönəmində bizim köməyimizə gəlir. Anlamaq lazımdır ki, üzləşdiyimiz böhranlı vəziyyət bizə dünyadan, yəni beynəlxalq səviyyədə gedən proseslərdən, neftin qiymətinin süni şəkildə bahalaşmasından ixrac olunur. Güman edirəm ki, mətbuatımız daha uğurlu təhlillər verəcək.

- Media, sadəcə xəbər daşıyıcısı deyil, həm də cəmiyyəti idarə edən və yönləndirən sahə kimi dəyərləndirilir. Yəni media oxucuları xaosa da sürükləyə bilər, bunun əksini də edə bilər. Bu istiqamətdə KİV üzərinə düşəni edirmi?

- Bilirsiz, mediada sadəcə informasiya verilmir. Çünki verilən xəbərlər yanlış da ola bilər. Hansısa KİV-lər provokasiya yolunu tuta və düşmənçilik missiyası ilə ictimaiyyəti çaşdıra bilər. Amma düşünmürəm ki, cəmiyyətimiz bu cür provokasiyalara və ya dağıdıcı şüarlara, təxribatlara meyl etsinlər. Cəmiyyət nəyin obyektiv, nəyin subyektiv olduğunu yaxşı bilir. Özü də söhbət

yalnız Azərbaycan mediasından getmir, bütün dünya mətbuatı Azərbaycanda izlənilir. Medianın təsir imkanları o qədər çox olmasa da, mətbuat güclü silah hesab olunur. Milli mətbuatımız xalqın problemlərini, cəmiyyətdə baş verən müxtəlif xarakterli hadisələri obyektiv təhlil etmək imkanına malikdir.

- Demək olarmı ki, mediamız cəmiyyəti öz arxasınca aparmağı bacarır? Yaxşı və ya pis mənada...

- Fikrimcə, medianın o qədər də böyük səlahiyyət sahibi olduğunu iddia etmək olmaz. KİV-lərə belə bir missiya yükləmək də doğru olmaz. Düzdür, media "dördüncü hakimiyyət” adlandırılır. Amma bununla yanaşı, cəmiyyətin özü medianı nəzarətdə saxlayır və bununla da əksər media qurumları dövlət idarəçiliyinin mövqeyini təbliğ edirlər. Çünki ictimaiyyət bilavasitə həmin idarəçiliklə və məmurlarla əlaqəlidir. Ona görə də çox zaman həyatın özü insanlara daha çox şeyi diqtə edir, nəinki mətbuat orqanları. Amma təbii ki, bu istiqamətdə medianın imkanlarını gözardı etmək olmaz. Düşünürəm ki, son günlər yaşanan hadisələr medianın özü üçün də bir sınaqdır. Əgər media belə hallarda humanist mövqedə dursa, dövlətçiliyin və xalqın yanında olsa, öz funksiyasını layiqincə yerinə yetirmiş olacaq. Təbii ki, burda söhbət hakimiyyətdən getmir. Azərbaycan xalqı var və onun dövləti var. Keçdiyimiz illər ərzində də gördük ki, bu dövlət xalqın mənafeyini müdafiə edir və onun taleyi ilə maraqlanır.

- Nə qədər inkar edilsə də, müasir media sosial şəbəkələrdən mayalanır. Halbuki, ekspertlər dəfələrlə bəyan ediblər ki, jurnalistlər sosial şəbəkələrə istinad etməməlidir, çünki bu, çox zaman qeyri-müəyyənlik yaradır. Siz sosial şəbəkələri informasiya yayan məkan hesab edirsizmi?

- Bu, çox dərin mövzudur və mütləq peşəkar yanaşması lazımdır. Sosial şəbəkə hər bir insanın mövqeyini ayrı-ayrılıqda ifadə edir. Bu mövqelər, adətən subyektiv olur. Hamı ümumi vəziyyəti yaxşı bilə bilməz. Adətən, sosial şəbəkələrdə çox aşağı səviyyəli, hətta intim və həddindən artıq şəxsi şeylər ortaya çıxır. KİV-lər bu məlumatlardan yararlana bilər. Çünki mətbuat sosial şəbəkədəki mövzulara göz yuma bilməz. Amma media ümumiləşdirmək şərti ilə həmin şəbəkələrdən informasiya götürməlidir. Eyni zamanda, onları tərbiyə etməlidir. Medianın bir vəzifəsi də məlumatları, hadisələri tərbiyə etməkdir. Ona görə ki, sosial şəbəkə ayrı-ayrı fərdləri, mətbuat isə bütöv ictimaiyyəti hədəf alır. Xırda, fərdi hadisələrə həddindən artıq diqqət vermək isə müəyyən çaşqınlıq yaradır. Belə olan halda media özünün normal informasiya vermək funksiyasını itirir. İstənilən informasiyanın verilməsində ümumiləşdirmə vacibdir. Bizdə isə sosial şəbəkə ilə rəsmi media arasında münasibət hələ tam qərarlaşmayıb, yəni stabilləşməyib. Sosial şəbəkələrdə peşəkarlığa çox az rast gəlirik. Media isə bütün hallarda peşəkardır.

(Davamı gələn sayımızda)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb