"DYP və “Hundai Azərbaycan” şirkəti açıqlama verməlidir ki..."

"Niyə vəziyyət bu həddə gəlib çıxıb?"


"Qəzanın əsas səbəblərindən biri insanların sürücü və ya sərnişin kimi əyləşdiyi avtomobildə fərdi təhlükəsizlik qaydalarına əməl etməməsidir”.

Bunu Sherg.az-a mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib. 

O bildirib ki, gənclər bəzən özlərini cəmiyyətə, ətrafdakılara daha tez təsdiq etmək üçün sonu yaxşı nəticələnməyən üsullara əl atırlar:

"Bu adamlar maşını haradansa kirayə götürüblər, yolda isə sükanı dəyişiblər, 17 yaşında bir gənc sükan arxasına keçib. Müxtəlif məlumatlar yayılır ki, bu tip maşınlarda təhlükəsizlik kəməri bağlanmadıqda təhlükəsizlik yastıqları da açılmır. Yaxud zərbə sağdan, soldan olduqda yastıqlar işə düşmür, gərək, qabaq-qabağa toqquşma ola, ondan sonra açılsın. Əslində bu indiki dövr üçün avtomobil sənayesində gülməli yanaşmadır. Ola bilər ki, həmin istehsalçı başqa ölkələr üçün daha təhlükəsiz avtomobillər istehsal edir. Azərbaycan üçün isə ucuz başa gəlsin deyə təhlükəsizlik elementlərinə diqqət yetirmir. Fikrimcə, "Hundai Azərbaycan” şirkəti rəsmi açıqlama verməlidir. Dünyada məşhur olan brendin köhnə olmayan avtomobilində 5 nəfər olub, hamısı ölüb. Dəhşətli faktdır ki, 1 nəfər belə sağ qalmayıb. Onda bu avtomobilin Rusiyanın 80-ci illərdə istehsal etdiyi maşından nə fərqi oldu ki?”

E.Muradlının sözlərinə görə, ola bilər kirayə avtomobil odluğu üçün təhlükəsizlik elementləri öncədən söndürülüb:

"Yenə də buna aydınlıq gətirilməlidir. Bu hadisə başqa ölkələrdə baş versəydi, ölənlərin yaxınları şirkəti məhkəməyə verib, üzərinə gedərdilər. Düzdür, uşaqların ailə tərbiyəsindən də asılıdır. 17 yaşlı uşaq sükan arxasına oturub, 120-140 sürəti ilə maşın sürürsə, sonunda belə nəticə olmalı idi”.

Koreya istehsalı olan maşınlardan o qədər də narazılığın olmadığını diqqətə çatdıran E.Muradlı bildirib ki, 200 min kilometr istifadə edilmiş "Hundai” markalı maşını almaq məsləhət deyil:

"Məlumatı bu yaxınlarda öyrənmişdim. Səbəbi isə onunla izah olunur ki, problemlər ortaya çıxır. Amma bu avtomobildə bilinmir, maşının getdiyi məsafə nə qədərdir, yoxsa təhlükəsizlik yastıqları istifadə olunub, sonra bərpa etməyiblər. Buna görə həm Dövlət Yol Polisi(DYP), həm də "Hundai Azərbaycan” şirkəti açıqlama verməlidir ki, niyə vəziyyət bu həddə gəlib çıxıb. Qəzanın ağırlıq dərəcəsi araşdırma tələb edən, həm şirkəti, həm də DYP-i narahat edən məsələdir.

Sürət həddinin yüksək olmasını səbəb göstərirlər, buna baxmayaraq maşın heç bir divara, dəmirə, başqa maşına dəymədən torpağın üzərində 5 dəfə dövrə vurub. Bunun nəticəsində içərisində olan 5 şəxsin 5-i də ölüb. Bu məsələ aydınlaşmalıdır, ölümün səbəbi müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri "Hyundai Accent" markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürübmüş. Avtomobil "Elşən - Rent a Car" şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına maşından istifadə ilə bağlı yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb.

Aysel Aslan