Əcnəbilər təkrar sığortada maraqlı deyillər

Ola bilsin çoxsaylı müraciətlərdən sonra dəyişiklik edilib


Azərbaycanda bir qism əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Sosial sığorta haqqında” qanuna dəyişikliklər barədə danışarkən deyib.

Qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə görə, sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Əvvəla, məcburi dövlət sığortasının mahiyyətinə toxunan miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov deyib ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir: "Məcburi dövlət sığortası birmənalı olaraq işçilərə şamil olunan sosial alətdir. Əgər hər hansı bir işçi istehsalatda çalışdığı zaman başına bədbəxt hadisə gələrsə, onun müalicəsi 5 il müddətində ödədiyi sığorta hesabına ödənilir. Amma dəyişiklikdən sonra əcnəbilər 5 illik məcburi dövlət sığortasından azad edilir. Bu zaman nə baş verə bilər? Vacib məsələlərdən biri odur ki, işə götürülən şəxs fəaliyyətinin sığortalanması məsələsində maraqlı olmalıdır. Burada ziddiyətli məqam ondan ibarətdir ki, məcburi sığorta işçi ilə şirkət arasında həyata keçirilibsə, onun məbləği çox azdır və konkret xəstəlik şərtləri də qeyd olunub. Ola bilsin ki, əcnəbilər təkrar sığortada maraqlı deyillər və onlar öz fəaliyyətlərini müstəqil şəkildə sığortalamaq istəyirlər. Bəlkə də çoxsaylı müraciətlərdən sonra belə bir dəyişikliyə ehtiyac görülüb”.

Şəymən