ƏDALƏTsiz qaldıq

Sazı qaranlıqdan çıxarıb türkün qan yaddaşını təzələyən sənətkarı Qazax qoynuna aldı


- Aşıq, Şəkər bəy bunun beşiyi başında nə çaldırardı?
- "Yanıq Kərəm” bəy...
- Çal, aşıq, çal. Ağa, bəy havasıdı, çal...

"7 oğul istərəm” filmindən bu məşhur epizodu xatırlamayan tapılmaz yəqin. Filmin efirlərdə tüğyan etdiyi sovet illərində biz uşaqlar üçün bu epizod Cəlalın ölüm səhnəsi idi və Gəray bəy də gözümüzün düşməni. Çoxumuz heç bilmirdik, orada çalınan nə havasıdı, o sazı çalan kimdi. Burda nə məna, nə kimi əsrar gizlənir. Sadəcə, Cəlala yazığımız gəlirdi və bir möcüzə arzulayırdıq ki, Cəlal ölməsin. Humayına qovuşsun...

Zaman hər şeyi nöqtəbənöqtə yerinə oturtdu. Gəray bəyin kimliyi də bilindi, cəlalların bu ölkənin, bu xalqın başına açdığı müsibətlər də. Saz da qaranlıqdan sıyrılıb çıxdı. Aşıqların köynəkdən sıyırıb çıxardıqları kimi. Və bildik ki, Ədalət Nəsibov adında ustad sənətkarımız var. "Yanıq Kərəm”i odur belə yana-yana çalan. Sağ olsun o filmi çəkənlər, Aşıq Ədalətin gəncliyini kinolentin yaddaşına yazıblar. Amma təbii ki, hər şeydən ümdə olan xalqın yaddaşı - qan yaddaşıdır. Saz çalınanda qanımız qaynamasını, başımızın tükünün dəbərməsini, istisnasız, qan yaddaşımıza borcluyuq. Bu qan yaddaşına adını yazdıranlardan biri də Aşıq Ədalət oldu. Ədalət sazı sinəsinə basıb, gözlərini yumub, könüllü sazın girovluğuna düşəndə onun simasında da, çaldığı sazın sədasında da ulu babalarımız boy göstərirdi. Aşıq Ədalət hardansa lap uzaqlardan - Altaydan, Sibirdən, Ötükəndən gələn qoca türkə dönürdü.

Qoca türk həyatdan köçdü artıq. İfası, yanğısı qaldı. Qara sazı qaldı. Aşıq Ədalət sazına "qara” deyərmiş. Rəng yox, böyüklüyünü qabartmaq üçün (Aşıq dilində - türk dilində qara sözü böyüklük bildirir və ucalıq, əzəmət rəmzidir - red.).

Faniylə əbədinin çarpazlaşması anında ülvi məsələlərdən danışılmalıdır. Gedənin necə yola salınması düşündürməlidir hər kəsi. Üstəlik, bu gedən eldən gedirsə. Amma yox. Alınmır. Dahi Füzuli demiş; öylə bir dövrdəyəm ki, nəzm olub xar... Biz də elə bir zəmanəyə gəlib çıxmışıq ki, söz-söhbət rəhmətə gedənin harada dəfn olunacağı üstündə yaranır. Bu adam titulludursa, ordenli-medallıdırsa, ağla ilk gələn Fəxri Xiyaban olur. Fəxri Xiyabanımız da qoşadı - birinci və ikinci (Bu gün bildim ki, demə, Şəhidlər Xiyabanımız da ikidir - birinci və ikinci. Gərəsən, şəhidləri necə, hansı meyarla "kateqoriyaya” bölürlər?! - red.) Sözün düzü, hələ təyin edə bilməmişəm, kimləri birinci Fəxri Xiyabanda dəfn edirlər, kimləri ikinci və nədən, nə birinciyə, nə də ikinciyə "layiq görülməyən”lər də olur, baxmayaraq ki, onların da titulları, fəxri adları var idi. Nümunə üçün misal çəkim, xalq artisti İlhamə Quliyeva ikinci Fəxri Xiyabanda dəfn olundu. Amma xalq artisti İlham Əsgərov dədə-baba yurdunda - Masallıda. Kaman ustası xalq artisti Habil Əliyev Birinci Xiyabanda dəfn olundu, ustad aşıq Ədalət isə paytaxtdan, ümumiyyətlə çıxarıldı - Qazaxa "aparıldı”. Bir məzarı da aşığa çox gördülər burda. Meyar nədir, hansı ölçü vahidi ilə işləyirlər, bilinmir. Cavab verən də tapılmır. Kimlər ki, dədə-baba yurduna aparılır, deyirlər, guya, vəsiyyəti beləymiş. Kişi (qadın) ata-babasının yanında basdırılmağını istəyib. Belə çıxır ki, fəxri xiyabanlarda dəfn olunanlar da bunu özləri vaxtilə vəsiyyət edib?! 

Yoxsa, vəsiyyətdə bu barədə heç nə yazılmadığından, qrafa boş qaldığından başqaları onların əvəzinə qərar verib fəxri xiyabanları uyğun görür?

Əslində, şəxsən mənim üçün kimin harada dəfn olunmasının zərrə qədər də önəmi, əhəmiyyəti yoxdur. Hamımız Allahın hüzuruna gedirik onsuz da. Qiyamət günü istər Fəxri Xiyabandakı məzarda ol, istərsə də hansısa kənd qəbiristanlığındakı qəbirdə. Hamımız dik atılacağıq. Sorğu-sual da hamı üçün eynidir. Sadəcə, müəyyən zaman kəsiyi çərçivəsində yaşadığımız bu dünyada insana düzgün dəyər verilməsi insanlığın şərtlərindən biridir. Şərtə əməl olunmayanda insana dəyər verilmədiyi bəlli olur. Və əlbəttə ki, bu, heç bir halda həmin insanın həqiqi dəyərini zərrə qədər azaltmaz, sadəcə, dəyər verənlərin ədalətsizliyini üzə çıxarmış olar. Qəribə səslənmədimi; Aşıq Ədalətə ədalətsizlik!..

İnanın, yaza-yaza gəlib çıxdım bu sözə. Ədalət və ədalətsizlik. Həm hərfi, həm həqiqi, həm də hüquqi baxımdan. Bu gün artıq Ədalət yoxdur. Ədalətsiz qaldıq. Ədalətsizlik oldu! "Ə” hərfi çox işləndi. Yadıma "Rus Əhməd” düşdü; Ədalətin yerinə rus əhmədlərdən biri ölmüş olsaydı, bəlkə də Fəxri Xiyabanda ona yer tapılacaqdı. Özü də Birincidə. Bəd ayaqda ikinci də pis deyil. Necə olmasa, dövlət səviyyəli məzarlıqdı. İşimiz Allaha qalıb doğrudan da. Dövlət səviyyəli məzarlıqlarda dəfn olunmaq üstündə dava gedir. Torpaq hər yerdə torpaq deyilmi? Eh, gör kimlərin məzarları qürbətdədi... Əsas şəxsin xalqın, millətin qəlbində yer tutmasıdır. Aşıq Ədalət sözsüz, millətin qəlbində yerini bəlirləmiş şəxslərdəndi. Qiyamətədək də orada qalasıdı.

Gəl, aşıq, gəl, sənin yerin var.

Məlahət Rzayeva