Efiri toyxanaya çevirirlər

Televiziyalarda aparıcıların səviyyəsi ilə bağlı problem çox dərindədir
“Əgər müğənninin görünüşü, bir az da savadı varsa, bəzi “taxtabaş” aparıcılardan daha yaxşıdır”
Bu gün Azərbaycan telekanallarında yetərli qədər qüsur görmək mümkündür. Xüsusilə də aparıcıların efir mədəniyyəti, nitq qabiliyyəti, diksiyaları bəzən qıcıq doğurur. Biz konkret heç bir telekanalın adını ona görə çəkmirik ki, buna səbəb əslində Azərbaycanda yayımlanan bütün kanallarda demək olar ki, eyni problemin şahidi oluruq. Diksiya yoxdur, hətta son dövrlərin mövcud problemlərindən biri kimi isə diqqətçəkən kişi aparıcıların anormal səslə efiri korlamasıdır. Efirə çıxan hər bir aparıcı özündə məsuliyyət hiss etməlidir.

Bu məsuliyyətlə yanaşı, həmçinin aparıcı efirə çıxmazdan öncə müəyyən mənada hazırlıq keçməlidir. Ən azı verilişin daimi aparıcısı tamaşaçı qarşısına hər dəfə çıxarkən öncədən müəyyən mənada məşq etməli, efirdə qoyulan mövzunu daha maraqlı təqdim etmək üçün o mövzu barədə məlumatlı olmalı və ya qonağı barədə bilgi əldə etməlidir ki, efir vasitəsilə yeri gəldi-gəlmədi lazımsız sözlərdən istifadə etməsin, müəyyən yaranan boşluğu dəxli olmayan fikirlə tamamlamasın. Aparıcıların efirə hazırlıqsız çıxması çox zaman hiss olunur. Bəzən qonağını yetərincə tanımaması və ya qonağın yaradıcılığı barədə məlumatsız olması aparıcını ya gecikmiş sual verməyə vadar edir, ya da ümumiyyətlə, qonağa aidiyyəti olmayan mövzu barədə danışılır. Bu da aparıcının hazırlıqsızlığına işarə edir. Bütün bunlarla yanaşı, əsas aparıcılarımızda demək olar ki, nitq qabiliyyəti məhdud dərəcədədir. Söz bazaları kasaddır. Diksiyaları bərbad vəziyyətdədir. Efir üçün isə bunlar yolverilməz qüsur sayılmalıdır.

Son vaxtlar efirlərdə müğənnilərin aparıcılığı da diqqət çəkir. Bir neçə il əvvəl efirlərdə müğənnilərin aparıcılığına məhdudiyyət qoyulmuşdu. Xalq artisti Aygün Kazımovanın aparıcılıq etdiyi dönəmləri yada salanlara bəllidir ki, bir müddət müğənnilərin aparıcılığına qadağa yaranmışdı. Bu gün efirlərdə bir çox verilişlərin aparıcısı kimi məhz tanınmış müğənniləri görmək mümkündür. Əslində biz müğənninin aparıcı olmasına etiraz etmirik. Əgər o müğənninin intellektual səviyyəsi, nitq qabiliyyəti, savadı buna imkan verirsə, müğənni də aparıcılıq edə bilər. Ancaq efiri toyxanaya döndərib, efirdə görünmək xatirinə şit-şit danışıqları, həmkarları olan qonaqlarla sanki toyxanada oturub danışdıqlarını efirə gətirənlərə nə sözünüz? Ümumiyyətlə, efirdə aparıcıların səviyyəsi tamaşaçını qane edirmi? Telekanallarımızda məhz bu məsələyə cavabdeh olanlar necə, bu barədə düşünürlərmi? Hər halda hər bir aparıcı həmin kanalın siması sayılır. Kanallar simalarını düzgün təqdim edə bilirlərmi?

Suallarımıza tanınmış teleaparıcı, bir çox müəllif verilişlərinin aparıcısı, telekritik İlqar Əlfi cavab verdi: 

"Əslində müğənninin efirdə aparıcı olması faciə deyil. Təbii ki, əgər o müğənninin intellektual səviyyəsi, nitq qabiliyyəti buna imkan verirsə. Müğənni aparıcı ola bilər, filoloq da. Əsas odur ki, apardığın bu veriliş tamaşaçının marağına səbəb ola bilsin. Bu gün problem müğənnilərin veriliş apara bilməməsi deyil. Verilişi aparanların verilişi apara bilməməsinin problemidir. Guya aparıcıların hamısı veriliş apara bilir? Əgər müğənni görünüşü, ifası, bir az da savadı varsa, efirdə maraq yarada bilirsə, bəzi "taxtabaş” aparıcıların aparıcılığından daha yaxşıdır. İnanın ki, bu gün adam efirə baxmağa utanır. Çünki demək olar ki, aparıcı yoxdur. Aparıcı gərək aparıcı olsun. Azərbaycan televiziyalarının demək olar ki, ən böyük problemi veriliş aparan aparıcıların veriliş apara bilməməsidir. Real həyatda olduğu kimi televiziyada da qeyri-peşəkar peşəkarları üstələməklə, tanınmağa can atırlar. Tanınmaq vacib deyil. Hörmətlə qəbul olunmaq lazımdır. 

Tamaşaçı sənə inanmalıdır. Amma sən yalandan reytinq xatirinə göz yaşı tökməklə, kimisə ağlatmaqla o inamı yaratmamalısan. Baxın görün bu gün intellektual səviyyəli, cəmiyyəti düşündürən verilişlər varmı? İnanın ki, efirdə baxmağa insan həm xəcalət çəkir, həm də tər tökür. Bir də nəyə baxasan? Bizdə indi aparıcıların bəziləri ya geyimləri ilə diqqət çəkirlər, ya da şit danışıqları ilə. Bu millətə yazığınız gəlsin. Televiziya yaxşı mənada o qədər təsir gücünə malikdir ki, onu düzgün şəkildə istifadə edəndə cəmiyyət qazanır. Bizim televiziyalar isə cəmiyyəti şikəst etməyə and içiblər. Sanki hamı bu rəqabəti aparır. Əsas odur ki, reytinq xatirinə rəqabətdə öndə olasan. Bu prinsip televiziyanın qayəsi ola bilməz. Televiziyada çalışan hər bir insan üzərinə düşən məsuliyyəti dərk etməli və vicdanla çalışmalıdır. Bizim televiziyalarda vicdan qalmayıb. Televiziyada işləyib özünü ziyalı sayan hər bir insan bilməlidir ki, efirdə tərbiyəsizlik sayılan heç nə göstərmək olmaz. Bura oturuşdan-duruşdan tutmuş, təqdimata qədər hər şey daxildir. 

Efirdən insanlar üçün pis örnək ola biləcək, cəmiyyətə fəsad verə biləcək heç nə göstərmək olmaz. Bədbinlik olmaz. Televiziya verilişi ümumi bədbin ruhda gedə bilər, amma sonda tamaşaçıya bir ümid verməlidir. Efirdə özünü həqiqətdə olduğundan ağıllı göstərmək olmaz. Efiri müxtəlif yollarla pul qazanan insanların əlində alətə çevirmək olmaz. Bir balaca baş işlətmək lazımdır. Elə veriliş hazırlamaq lazımdır ki, kimdənsə oğurladığın bilinməsin. Kimdənsə bəhrələnəndə də (qoy oğurlamağı bir az yumşaq deyim) hər halda ora bir az dəst-xətt qoyun”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teletənqidçi Elçin Əlibəyli də "Şərq”ə açıqlamasında Azərbaycan teleməkanının bugünkü durumundan danışdı: 

"Əslində bugünkü teleməkandan və aparıcıların səviyyəsindən danışmaq böyük mövzudu. Çünki aparıcıların özünü qruplaşdırmaq lazımdır. Söhbət əgər xəbər spikerlərindən gedirsə, xəbər spikerlərinin vəziyyəti nisbətən qənaətbəxşdir. Moderatorların sırasında da nisbətən yaxşıları var. Amma əyləncəli verilişlərin nitq qabiliyyətində, davranışında, ekranda özünü aparmaq cəhətlərində də çox ciddi qüsurlar var. Ümumiyyətlə, Azərbaycan teleməkanında aparıcıların çoxu efirə hazırlıqsız çıxırlar. Onlar ekran qarşısına nə üçün çıxdıqlarını, tamaşaçıdan nə istədiklərini bilmirlər. Bu da dərhal ekrandan hiss olunur. Eyni zamanda aparıcılarımızın təhsilində çox ciddi problemin olduğu hiss olunur. İnsan təkcə orta məktəb, ya da ali məktəb təhsili ilə kifayətlənməməlidir. İnsan həmişə oxumalı, mütaliə etməlidir. Televiziyada çalışan insan dünyada baş verənlərdən, cəmiyyətdə olan bütün sahələrdən az da olsa məlumatlı olmalıdır. Bütün bunlardan xəbərsiz aparıcı tamaşaçıya nə təqdim edə bilər? Bu yaxınlarda adını çəkmədiyim kanallardan birində aparıcı Fidel Kastro haqqında danışmaq istəyir, amma onun ölüb-ölmədiyini belə bilmir. Səni kim məcbur edir ki, Fidel Kastro haqqında bilmirsənsə, tanımırsansa danışasan.

 Maşallah, bu gün CPS deyilən bir şey var, daxil ol, məlumat əldə et. Heç bir informasiyası olmadan efirə çıxan aparıcılar da var. Amma artıq oturuşmuş, tamaşaçının sevdiyi aparıcılar da var. Aparıcılara birmənalı qiymət vermək çox çətindi. İndiki durumda əsas məsələ odur ki, indi bir az televiziyanı bilən aparıcılar var. Bəs sonrakı nəsildən nə gözləyə bilərik? Bu, maraqlı sualdı. Sonra gələn nəslin dünyagörüşü daha məhduddu. Bu da özünü ekranda dərhal göstərir. Misal üçün, regional televiziyalara da nəzər salsaq, onların fəaliyyət göstərməsi yaxşı haldı. Amma aparıcıların problemləri daha çoxdu. Onların üzərində işləmək lazımdı. Əslində mərkəzi televiziyanın da aparıcıları üzərində işləmək lazımdı. Azərbaycan Dövlət Televiziyasında elə aparıcı var ki, analitik proqram aparır, jestikasına, mimikalarına baxsan, elə bilirsən toydadı və kimisə təqdim edəcək. Bizim televiziyaların durumu bu gün bu səviyyədədi. Ona görə də aparıcılarımızın səviyyəsini müzakirə etmək olar. Məsələnin ikinci tərəfi ondadır ki, onları da qınamaq olmur. Axı bu günə qədər kim onlara irad bildirib, ya da kim onlara nəsə öyrətməyə çalışıb? O verilişlərin rəhbərlərinin özlərinin bu sahədən xəbərləri varmı? Bəlkə də əsas sual burdan başlayır. 

Ona görə də televiziyalarla bağlı olan problemlər çox dərindi. Ümumiyyətlə hesab edirəm ki, televiziyaların bir neçəsi fəaliyyətləri ilə bağlı kiminsə qabağında hesabat verməlidi. Ekranı yalnız doldurmaq naminə, ancaq kino təqdim etməklə, mənasız veriliş göstərməklə televiziyanı yaşatmaq olmaz. Formaca, məzmunca eyni olan, göz yoran studiyalar, məntiqsiz və məzmunsuz danışan aparıcıları efirə çıxarmağın nə mənası? Bu kimə lazımdı? Bunu anlaya bilmirəm. Televiziyanın da, orda çalışanların da bir məqsədi olmalıdır. Yuxudan duranda insan qarşısına məqsəd qoyur ki, bu gün nə etməliyəm. Televiziyalar qarşılarına nə məqsəd qoyublar, onu başa düşə bilmirəm. Durum bundan ibarətdir”.

"Televiziyalarda təqdim olunan verilişlər bu günün tamaşaçı zövqünə xitab edə bilirmi” sualına Elçin Əlibəyli "Heç kimə sirr deyil ki, Azərbaycan teleməkanında analitik verilişlərin sayı çox deyil, çox azdı. İntellektual verilişlər telekanallarda demək olar təqdim olunmur. İctimai telekanalda intellektual veriliş var, hərçənd mən onu intellektual veriliş də hesab etmirəm, oyundu. 

Azərbaycan teleməkanında mən özüm belə bir intellektual veriliş hazırlamışam. İntellektual verilişin forması, məzmunu, dramaturgiyası olmalıdı. İntellektual verilişlərlə bağlı vəziyyət belədir. Analitik, sosial, mədəni proqramlar ümumiyyətlə yoxdu. Sadəcə, Azərbaycan teleməkanında toyxana verilişləri var, maşallah da çoxdu. Biri-birini əvəzləyən "rəngarəng” toyxana verilişləri ilə kanallar doldurulub. Mən təklif edirəm ki, növbəti mövsümdə televiziyalarımız yerli toyxana verilişlərində xarici toy mədəniyyətlərindən bəhrələnsinlər. Bolqarların, avropalıların toy mədəniyyətindən bəhrələnsinlər ki, rəngarəng toy verilişlərinin sayı çoxalsın. Efirlərin real vəziyyəti budu” söylədi.

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb


Tahirə Məmmədqızı