Elçin Mirzəbəyli: “Belə məqamlarda medianın qorunmasına xüsusi ehtiyac var”
Əflatun Amaşov həqiqəti söyləyib
Aydın Quliyev: “Şübhə etmirəm ki, medianın inkişafında hər zaman dəstəyini əsirgəməyən dövlət başçısı bu istiqamətdə müəyyən qərarlar verəcək”
Elçin Mirzəbəyli: “Belə məqamlarda medianın qorunmasına xüsusi ehtiyac var”
Elçin Mirzəbəyli: “Belə məqamlarda medianın qorunmasına xüsusi ehtiyac var”
"İki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb. Çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır”. Bunu ötən gün Milli Məclisin plenar iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. Onun sözlərinə görə, hazırda KİV-lərin illik büdcəsinin təqribən 70 faizə qədəri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) hesabına formalaşır:
"Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində hələ oturuşmayıb. Ona görə də, kommersiya qurumları kimi fəaliyyət göstərə bilmirlər. Onlar daha çox ictimai missiya yerinə yetirirlər. Bu missiya indiki şəraitdə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də, KİV-lərimiz qarşılaşdığı iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Bilirik ki, ölkəmizə kənardan maraq az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq”. Deputatın sözlərinə görə, problemin yolu KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir: "Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır”.
Millət vəkilinin qaldırdığı məsələ ilə bağlı "Şərq”ə danışan "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, mətbuatla birbaşa təmas quran və medianın problemlərinə yaxından bələd olan Əflatun Amaşov medianın iqtisadi problemlərdən nə qədər əziyyət çəkdiyini çox gözəl bilir: "İnanıram ki, hörmətli deputat bu məsələni parlamentdə bir neçə dəfə qaldıracaq. Dövlət büdcəsində dəyişikliklərin müzakirə olunduğu bir vaxtda məsələnin gündəmə gətirilməsi xüsusi önəm daşıyır. Baxmayaraq ki, 2016-cı ilin büdcəsi təsdiqləndi, ancaq fikrimcə, problemin parlamentdə mütəmadi qaldırılması gec-tez öz nəticəsini verəcək”. Baş redaktorun sözlərinə görə, media Azərbaycanın tarixində heç vaxt olmadığı qədər yüksək səviyyədə dövlətçilik mövqeyində durur və ictimai funksiyaların yerinə yetirilməsində mühüm rol oynayır: "2009-cu ildə ölkə Prezidentin sərəncamı ilə KİVDF-nin yaradılması dövlətin mediaya verdiyi dəstəyin rasional nəticəsidir. Ancaq bununla yanaşı, mövcud istisadi çətinliklər medianın inkişafını müəyyən qədər ləngidir. Bunu etiraf etmək lazımdır. Medianın ictimai funksiyasını daha yüksək səviyyədə aparması üçün dövlətin əlavə dəstəyinə ehtiyac var. Çünki yalnız bu yolla mediamızın peşəkarlıq səviyyəsini yüksəldə, jurnalistlərin iqtisadi vəziyyətini yaxşılaşdıra bilərik. Həmçinin, media və jurnalistlərin müxtəlif ziyanlı siyasi ideologiyaların təsir dairəsinə düşməsinə şərait yaratmış olmarıq. Dünyada gedən prosesləri göz önünə gətirsək, görərik ki, medianın dövlətçilik funksiyasına dövlətimizin ehtiyacı var”. A.Quliyev bildirib ki, mediamızın kommersiya strukturuna çevrilməsi perspektivi qarşıdadır: "Əflatun Amaşov KİVDF xətti ilə mediaya maliyyə dəstəyinin artırılmasının zərurətini çox tutarlı arqumentlərlə əsaslandırdı. Şübhə etmirəm ki, növbəti mərhələlərdə müvafiq dövlət strukturları və şəxsən medianın inkişafında hər zaman dəstəyini əsirgəməyən dövlət başçısı bu istiqamətdə müəyyən qərarlar verəcək”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də qəzetimizə açıqlamasında deyib ki, Əflatun Amaşov Mətbuat Şurasının sədridir və medianın problemlərini kifayət qədər yaxşı bilir: "Medianın ölkədə ictimai missiyanı yerinə yetirdiyini hörmətli deputat çox doğru vurğulayıb. Əfsuslar olsun ki, bir çoxları bu missiyanın əhəmiyyətini, mahiyyətini başa düşmək iqtidarında deyil. Yaxud başa düşmək onlara sərf etmir. Medianın problemlərinin həlli istiqamətində dövlət kifayət qədər addımlar atıb və atmaqda davam edir. Hər zaman imkan daxilində mətbuata dəstək verilib. Lakin bu müddət ərzində həyata keçirilməsi mühüm olan bir sıra tədbirlər reallaşmayıb. Bu da təkcə media ilə bağlı məsələ deyil. Bütövlükdə Azərbaycanın iqtisadi sistemi ilə bağlı problemlərdir. Söhbət qeyri-neft sektorunun inkişaf etməməsindən gedir. Media da qeyri-neft sektorunun bir parçasıdır. Bu sahələrdə baş verən neqativ proseslər bilavasitə ölkə mətbuatına da təsir göstərir. Reklam bazarının liberallaşdırılmaması son nəticədə mətbuatın da durumuna təsir göstərir. Media hər zaman dövlətin çiyinlərindən asılı qala bilməz. Lakin bu yükün qismən azaldılması üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ehtiyac var”. E.Mirzəbəyli bildirib ki, indiki şəraitdə Azərbaycanda yeni iqtisadi sistemə keçid barədə addımlar atılır: "Prinsip etibarı ilə bu, keçid dövrüdür. Belə məqamlarda medianın qorunmasına xüsusi ehtiyac var. Əflatun bəy də məhz, bu aspektdən məsələyə yanaşıb. Son illər ərzində Azərbaycan mətbuatının ayaqda qalmasına yardım edən yeganə qurum KİVDF-dir. Güman edirəm ki, medianın keçid dövründə ayaqda qalması üçün müəyyən addımlar atılacaq. Eyni zamanda, ölkənin iş adamları da medianın ayaqda qalmasında maraqlı olmalıdır. Çünki mediamız iqtisadiyyatın inkişafının təmin edilməsində əsas missiyanı yerinə yetirən mühüm qurumlardandır. Təəssüflər olsun ki, bir çox hallarda sahibkarlar medianın əhəmiyyətini başa düşmək istəmirlər. Onlar Azərbaycan mediasına dəstək verməkdən çəkinirlər. Bu da bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Ümid edirəm, Azərbaycan dövləti hər zaman olduğu kimi medianın problemlərinə həssaslıqla yanaşacaq və müvafiq addımlar atılacaq”.
İsmayıl