“Əhali banklardan ehtiyatlanırsa...”

Samir Şərifov: “Buyursunlar, vəsaitlərini dövlət istiqrazlarına yatırsınlar” “İlin ikinci yarısında neftin bahalaşması istisna olunmur”



Dünən maliyyə naziri Samir Şərifov bu ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib. Nazir bildirib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat az olacaq.

Onun sözlərinə görə, bu ilin dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar təsdiqlənmiş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat çox olacaq: "2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb. 2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcədə xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”.

"Maliyyə Nazirliyinin bazara istiqraz buraxması, təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil” - deyən maliyyə nazirinin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb: "Burada məqsəd müəyyən bazar alətlərini yaratmaqdır. Məqsəd odur ki, banklar, sığorta şirkətləri öz vəsaitlərini yerləşdirə bilsinlər, banklar həmin istiqrazları girov kimi istifadə edərək borc ala bilsin. İstiqrazlarımızın bazara çıxarılması yaranmış vəziyyətlə də bağlıdır. Bilirsiniz ki, 2015-ci ildə manatın ucuzlaşması ilə bağlı milli valyutaya etimad azalıb. Nəticə etibarilə, manatın satılması və xarici valyutanın alınmasını meylini müşahidə etdik. Bu səbəbdən dövriyyədə manat kütləsi kəskin azalıb, banklardan manat əldə etmək müşkülə çevrilib. Çünki bankların aktivləri ABŞ dollarındadır. Bazara dövlət istiqrazlarının buraxılması manata etimadın bərpası məqsədini daşıyır. Buna görə, biz bazara manat istiqrazının buraxılması qərarına gəldik. Biz manat istiqrazları üzrə kifayət qədər yüksək səviyyədə faiz təklif etməyi qərara aldıq. Fevralın əvvəlindən Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsinə başlanacaq. Əhali banklardan ehtiyatlanırsa, buyursunlar, vəsaitlərini dövlət istiqrazlarına yatırsınlar”.

"4 milyard dollarlıq təcili yardım paketinin alınmasından söhbət gedə bilməz”

Nazir deyib ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz: "Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz”.

2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb

S.Şərifov deyib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir”. Nazir əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.

O, həmçinin vurğulayıb ki, 2015-ci ilin yekunlarına görə, 1,4 mlrd. manat xəzinə qalığı yaranıb: "Dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb. Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq”. S.Şərifov əlavə edib ki, 2015-ci ilin gəlirlər hissəsi 88,2 faiz xərclər üzrə 84,3 faiz səviyyəsində icra olunub.

"Toksik aktivlərdən təmizlənəndən sonra Beynəlxalq Bank özəlləşdirilməyə hazır olacaq”

"Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Tapşırıqlara bankın sağlamlaşdırılması, toksik aktivlərin bankın balansından çıxarılaraq "Aqrarkredit” bank olmayan kredit təşkilatına satılması daxildir” - deyən S.Şərifov bildirib ki, bu proses artıq başlanıb: "Bankın maliyyə durumu yaxşılaşdırılmalıdır. Toksik aktivlərin satılması ilə bağlı müvafiq komissiya yaradılıb. Satış mümkün olmadıqda isə aktivlərin maraqlı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur”. Nazir əlavə edib ki, toksik aktivlər tam təmizləndikdən sonra bank özəlləşdirməyə tam açıq olacaq.

Anar