Əhali qənaət rejiminə öyrədilir

İqtisadçılar diferensiallaşdırma prosesini müsbət qiymətləndirirlər


"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Deputatın sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək: 

"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Dövlət Neft Şirkətinə, "Azəriqaz” və "Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”. R.Quliyev bildirib ki, istər rayonlarda, istərsə də Bakıda sakinlərin böyük əksəriyyəti "kombi” istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”. İqtisadçı-ekspert Əli Əlirzayev da deyib ki, bütün sahələrdə diferensiallaşdırılma prosesinin aparılması müsbət haldır. Çünki bu addım sosial ədalət prinsipinin qorunmasına gətirib çıxarır: "Tariflərin dəyişməsi israfçılığın qarşısının alınmasına yardım edəcək. Düzdür, istehlakçıların kateqoriyalara bölünməsi doğru sayılmır. Amma bu qərar onu göstərir ki, bundan sonra imkanı və böyük mənzilləri olanlar daha çox ödəniş etməli olacaqlar. Təbii ki, nəzərdə tutulan limiti keçmək istəməyənlər həm işıqdan, həm də qazdan qənaət rejimində istifadə etmək məcburiyyətindədir”. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də bildirib ki, bu cür hallar insanlarda adekvat olaraq işığa, qaza daha qənaətcil yanaşmaq meylini artırır: 

"Gözlənilən odur ki, əhali daha az sərfiyyatı olan vasitələrdən, məişət cihazlarından istifadəyə üstünlük verəcək. Yəni, daha qənaətcil rejimdə işləyən avadanlıqlara meyl artacaq. İstehsal müəssisələrində isə enerji daşıyıcılarına nəzarət daha da güclənəcək. Onlar da maksimum dərəcədə əlavə sərfiyyata yol verilməməsinə çalışacaqlar”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu, iqtisadi olmaqla yanaşı, həm də sosial-psixoloji məsələdir: "İnsanları bahalaşmanın sosial vəziyyətlərinə necə təsir edəcəyi maraqlandırır. Düzdür, kommunal qiymətlərin artımı xərcləri artıracaq. Ancaq məsələnin müsbət tərəfi də var. Belə ki, qiymətlərin artımı əhalini qənaətcil rejimə keçməyə vadar edəcək. Yəni, əlavə, izafi xərcləmələr azalacaq. Nəticədə elektrik enerjisi, təbii qaz istehlakında əlavə itkilərin qarşısı alınmış olacaq”.

İsmayıl