Əhalinin artımı söhbəti həqiqət deyil

Siniflərdə şagird sıxlığı müəllimlərin nüfuzu ilə bağlıdır



"Bu gün Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı normadan artıqdır. Bu da paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır”.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən paytaxt məktəblərinin siniflərində uşaqların normadan çox olması ilə bağlı Modern.az-ın sorğusunu cavablandırarkən bildirilib. Qeyd edilib ki, məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakı ətrafında daha artıq özünü göstərir. Şagird sıxlığı, əsasən Sabunçu, Xəzər, Qaradağ rayonlarında daha çox müşahidə olunur.

Qeyd olunan məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinqlər aparılıb, şagird sıxlığı ilə bağlı gərginlik müşahidə olunan təhsil müəssisələrinin siyahısı hazırlanıb. Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir.

Təhsil problemləri üzrə ekspert Nadir İsrafilov lŞərq»ə açıqlamasında orta məktəblərin bəzi siniflərində yaranmış şagird sıxlığının əsas səbəbinin müəllim nüfuzu ilə bağlı olduğunu dedi:

- lTəhsil haqqında» qanuna əsasən, siniflər 20 nəfərdən ibarət komplektləşdirilir. Yəni, bir sinifin formalaşması üçün azı 20 şagird olmalıdır. Amma bəzən görürük ki, hansısa sinifdə 30-40 şagird var, hansısa sinifdə isə heç 20 şagird də yoxdur. Və çox zaman şagird sayının azlığı səbəbindən siniflər komplektləşmir. Bu problem əhali sıxlığı ilə izah oluna bilməz. Çünki məlum statistika var və rəqəmlər göstərir ki, ölkə əhalisinin sayının artmasına baxmayaraq, şagird azlığı var. Bəzi siniflərdə şagird sıxlığının əsl səbəbi müəllim nüfuzu ilə bağlıdır. Bu saat ölkədə tanınan, yaxşı ad qazanmış müəllimlərin sayı olduqca azdır. Bir-iki tanınan müəllim olur, valideynlər də çalışırlar uşaqlarını məhz, o müəllimin sinifinə qoysunlar. Bu məsələ həmişə belə olub. Adətən,

valideyn uşağını ilk dəfə məktəbə yazdıranda, soraqlaşır, digər valideynlərlə söhbətləşir, məsləhətləşir, hansı müəllimin güclü olduğunu, yaxşı dərs keçdiyini, savadlı, bilikli olduğunu soruşur, öyrənir. Valideyn də tutaq ki, öz təcrübəsindən çıxış edərək, deyir, filan müəllim yaxşıdır, güclüdür. Valideyn də istəyir övladı məhz, o müəllimin sinfində oxusun. Beləcə hansısa müəllimə tələbat artır. Amma sizə deyim ki, bu məsələdə bəzən süni tanıtım meylləri də olur. Məktəb direktoru hansısa müəllimə qarşı şəxsi münasibətlərdən çıxış edərək və ya nəyinsə müqabilində onun, belə deyək, lreklamını» təşkil edir. Hətta bu da mümkündür ki, həqiqətdə reklamı aparılan müəllim heç də savadlı, güclü olmasın, amma reklam hesabına şagird toplasın, hansısa həqiqi savadlı, bilikli, təcrübəli müəllim isə şagirdsiz qalsın. Yəni, orta məktəblərdə müxtəlif üsullardan istifadə edilir. Bəzi siniflərdə şagird sıxlığı yaranmasının səbəbi bunlardır.

N.İsrafilov bununla belə valideyn və şagirdlərin müəllim seçimində sərbəst olduğunu da vurğuladı:

- Müəllim-şagird-valideyn Ü bunlar təhsilin bərabərhüquqlu subyektləridir. Valideynin də, şagirdin də müəllim seçimi etməyə tam ixtiyarları var. Amma bu o demək deyil ki, hamı yığılsın bir müəllimin sinfinə. Sinif lbezrazmer» deyil ki!.. Məhz, bu problemi nəzərə alaraq təhsil naziri məktəblərə şagird qəbulunun ərazi üzrə aparılmasına qərar verib. İlk növbədə məktəbin yerləşdiyi ərazidə və ona yaxın ərazilərdə yaşayanlar qəbul olunmalıdır, sonra kənar ərazilərdən gələnlər. Amma görürük ki, rasional bölüşdürmə prosesində yenə də müəyyən çətinliklər yaranır. Bu istiqamətdə ciddi iş aparılmalıdır və süni əngəllər, subyektiv yanaşmalar aradan qaldırılmalıdır. Yaxşı məktəb, pis məktəb anlayışı da var. Ad çıxarmış, güclü təhsili ilə seçilən məktəblərimiz var. Valideynlər də təbii ki, övladlarının tədrisi güclü olan məktəblərdə təhsil almasını istəyir. Bir də görürsən, hansısa məktəb şərt qoyur ki, məktəbdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq kursunu keçəni ibtidai sinifə qəbul edəcək. Bu üsulla da lçeşidləmə» aparırlar. Bu da hesab edirəm ki, süni əngəllərdən biridir. Əsas isə müəllimin nüfuzunun artırılmasıdır. Bilikli, savadlı, əsl pedaqoq keyfiyyətlərinə malik müəllimlərimiz çox olsa, seçki aparmağa ehtiyac da qalmaz.

Məlahət Rzayeva