Rusdilli xanımlar qapı-qapı gəzib, təriqət təbliğatı aparırlar
"Vətəndaşlar ayıq-sayıq olmalı, qapıya gələn hər kəsi dinləməməlidirlər. Bu məsələdə qətiyyən səhlənkarlıq etmək olmaz"
"Evə zəng edib təriqət reklamı edirlər. Nömrəni haradan almısız deyə soruşanda isə əlaqəni kəsirlər”. Bunu "Şərq”ə açıqlamasında sosioloq-jurnalist Lalə Mehralı deyib. O bildirib ki, təhlükəli dini təbliğatla məşğul olan şəxslər sadəcə zəng etməklə kifayətlənmirlər, qapı-qapı gəzirlər:
"Daha çox qadınlar olur. Normal geyimli, gülərüz, əllərində kitab qapı döyürlər. Doğrusunu desəm, onları risk edib evə buraxmıram, çünki kim olduqlarını bilmirəm. Adətən xristianlığı yaymaq məqsədi ilə dolaşırlar. Maraqlı söhbətləri olur, axirət, günah, savab anlayışlarından danışırlar. Bəziləri bəhailikdən, yasəvilik dedikləri təriqətdən söz açırlar, İsa peyğəmbərdən danışırlar. Allahın ona verdiyi qüdrətin insanlar tərəfindən doğru qəbul edilməməsindən danışırlar. Daha çox rusdilli xanımlar olur, amma azərbaycanca bilirlər. Maraqlanmadığımı desəm də, əl çəkmirlər, söhbəti uzatmaq, maraq yaratmaq istəyirlər. Əllərindəki kitabları satırlar, təbliğ etdikləri təriqət barədə məlumat verən vərəqlər paylayırlar”.
Sosioloq xanım bildirib ki, həmin şəxslərin ən çox danışdıqları mövzu Allahın təsviri, ətrafındakı mənzərə, müsəlmanların cənnət deyə bəhs etdikləri yer barədə olur. Amma onlar cənnət demirlər, "ilahi qat”, "başqa dünya” deyirlər. Yer kürəsinin getdikcə qiyamətə yaxınlaşdığını, pis əməllər statistikasının yüksəldiyini, insanların azğınlaşdığını, törətdikləri cinayətlərlə özlərinə xoş olmayan axirət yaratdıqlarını, bütün bunların da dünyaya fəlakət gətirəcəyini söyləyirlər”.
İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə deyib ki, bu təhlükə təkcə Azərbaycanda deyil, dünyanın bir çox islam ölkələrində özünü göstərir. Ekspertin sözlərinə görə, təriqət təbliğatı məqsədyönlü şəkildə, müəyyən dairələr tərəfindən həyata keçirilir:
"İnsanlar onlara qarşı çox diqqətli olmalıdır. Unutmayaq ki, islam dinində bütün məsələlər öz əksini tapıb, digər dinlərin əlavə açıqlamalarına, görüşlərinə ehtiyac yoxdur. Onsuz da dinimizi bilməklə, həm keçmiş səmavi dinləri mənimsəmiş, həm də təsdiqləmiş oluruq.
Eşitdiyimə görə, təhlükə sadəcə paytaxtda deyil, bölgələrə də yayılıb. Qapı-qapı gəzən təbliğatçı qadınlar insanları islamdan yayındırmaq, düşüncələrini qarışdırmaq məqsədi güdürlər”.
Müsahibimiz bəyan edib ki, xristian dinində "məsih”, "xilaskar” anlayışı var:
"Təhlükə ondadır ki, riskli təriqətlərin təbliğatı ilə məşğul olan xanımlar insanlara "xeyirxahlıqla”, gülərüzlə yaxınlaşırlar. Ən təhlükəli məqam budur. Onlarla mübarizə aparmağın yolları müxtəlifdir. Öncə Dini Komitə və təhlükəsizlik orqanı radikal dini qrupların fəaliyyətinə, təhlükəli təriqətlərin təbliğatına ciddi nəzarət etməlidir. Eyni zamanda vətəndaşlar da ayıq-sayıq olmalı, qapıya gələn hər kəsi dinləməməlidirlər. Bu məsələdə qətiyyən səhlənkarlıq etmək olmaz. Müsəlmanların birliyi ərəfəsində, tolerant mühitin formalaşdığı dövrdə belə ünsürlərin yayılması qətiyyən məqsədəuyğun deyil. Əlimizdən gələn qədər əhalini maarifləndirməliyik”.
İsmayıl