"Əkin sahələrinin yandırılmasına görə cəza tətbiq edilməlidir" - İqtisadçı






Əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılması praktikası kənd təsərrüfatı istehsalçıları arasında geniş yayılıb. Yay aylarında isti hava şəraiti ilə əlaqədar bu hal ciddi fəsadlar törədir, yüksək gərginlikli enerji xətləri, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur.

Belə təhlükələrin qarşısının alınması tədbirlərindən danışan iqtisadçı, ekspert Pərviz Heydərov "Sherg.az”a açıqlamasında mövzu ilə bağlı maraqlı məqamlara toxunub. İqtisadçı bildirib ki, əkin sahələrinin, tarlaların yandırılmasının qarşısını almaq üçün kənd təsərrüfatı istehsalçılarına xəbərdarlıq etmək, təbliğat vasitələri ilə onları maarifləndirmək olar:

"Lakin bu addımların ciddi irəliləyişə səbəb olacağını düşünmürəm. Çünki tarlaların, zəmilərin yandırılması əsasən  səhlənkarlıq, ehtiyatsızlıqdan və ya qəsdən törədilən fəsadlardır. Bu sahədə qanunvericilikdə müvafiq addımların atılmasına, cəza tədbirlərinin görülməsinə ehtiyac var. Bu kimi hadisələrin qarşısını maarifləndirmə yolu ilə almaq bəzən  çətinlik törədir.

Ehtiyatsızlıqdan və ya qəsdən törədilən yanğınların qarşısının alınması işləri ilk növbədə yerli idarəetmə orqanlarının üzərinə düşür. Müvafiq icra hakimiyyətləri, bələdiyyələr və sahə rəisləri birlikdə fəaliyyət göstərərək, fəsadları aradan qaldıra bilərlər. Cərimələrin tətbiqi mexanizmi elə işlənməlidir ki, səhlənkarlıqdan, qəsdən və ya məhsuldarlığın artırılması məqsədilə törədilən yanğınlar daha dəqiq müəyyən edilsin, fərqli cəzalandırılmalar həyata keçirilsin”.

Aysel Aslan