Ekspertlər razılaşır, vəziyyət ürəkaçan deyil

Elmin mətbuatda populyarlaşdırılması üçün görüləcək çox işlər var
"Təəssüflər olsun ki, alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərdən daha fəaldırlar"


Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və akademiyanın Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda "dəyirmi masa" keçirilib. AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmini bildirib. 

Həmçinin bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb. Akademiyanın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva isə ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da bildirib ki, bir çox ölkələrdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə yanaşı, digər istiqamətlər üzərində də qurulur. Amma çox təəssüf ki, Azərbaycanda jurnalistika fakültəsində tədris yalnız humanitar yönümlü istiqamət üzərində qurulur. Ə.Amaşov Azərbaycanda elmin populyarlaşdırılmasını da vacib sayıb: 

"Azərbaycanda elmi jurnalistika yoxdur. Ona görə də biz elmi populyarlaşdıra bilmirik. Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində islahatlar aparılacaq. Biz artıq bu islahatların astanasındayıq”. Şura sədri qeyd edib ki, artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər. Onun fikrincə, Azərbaycanda bu istiqamətə, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticələr əldə edilər. Ə.Amaşov əlavə edib ki, qloballaşan dünyada elmə xüsusi önəm verilir: "Ona görə də biz elmi daha da populyarlaşdırmalıyıq ki, insanlar bu istiqamətə yönəlsin. Redaksiyalarda elm sahəsi ilə məşğul olan işçilər də müəyyən edilməlidir. Biz cəmiyyətdə elmə maraq yaratmalıyıq”.
Jurnalistika dedikdə öncə yazılı və internet media, televiziya və radiolar ağlımıza gəlir. Ancaq jurnalistikanın mühüm sahələrindən biri də elmi jurnalistikadır. 

Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. 

Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib. 

Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.
Uzun zamandır müzakirə mövzusu olan problemlə bağlı danışan ekspertlər də alimlərin mətbuatda çıxış etməsini vacib sayıblar. Onların fikrincə, elm xadimindən jurnalist, jurnalistdən elm xadimi düzəltmək olmaz. 

Hesab edilir ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır, lakin bunun üçün zaman tələb olunur. İlk növbədə, elm xadimləri Avropa üçün deyil, Azərbaycan üçün yetişdirilməlidir. Alimlərin elmi məqalələri yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdəki rolu alimlərin dilindən göstərilməlidir. Ekspert qismində də onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Ancaq təəssüflər olsun ki, alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərdən daha fəaldırlar. Oan görə də Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalı, alimlər öz məqalələrini dərc etdirməkdə aktivlik nümayiş etdirməlidirlər.

Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə MŞ sədri Əflatun Amaşovun çox aktual məsələyə toxunduğunu deyib. JAM sədrinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda elm sahəsi medianın diqqətindən kənar qalan sahələrdən biridir: 

"Bunun obyektiv səbəbləri var. Elm çox spesifik sahədir və orada baş verən yeniliklərin, kəşf və ixtiraların müntəzəm ictimailəşdirilməsi elmin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ancaq reallıqda bu təbliğatın şahidi ola bilmirik və buna görə məsuliyyəti birtərəfli qaydada jurnalistlərin üzərinə atmaq doğru deyil. Jurnalistlər hansısa kimya və fizika laboratoriyalarında, tədqiqat mərkəzlərində aylarla, bəzən illərlə davam edən tədqiqatları izləmək imkanında deyillər. Razılaşaq ki, hər redaksiyasının Milli Elmlər Akademiyasının bu və ya başqa bir institutuna jurnalist təhkim etmək imkanı yoxdur. Bu sahədə çalışan elmi əməkdaşların media ilə sıx əməkdaşlığına ehtiyac var. Qeyd etdiyimiz fəaliyyət haqqında məlumatları media ilə sıx əməkdaşlıq şəraitində məhz onlar ictimailəşdirməlidirlər. Belə olan halda həm elmi yeniliklər ictimaiyyətə vaxtında çatdırılar, həm də elmin təbliği üçün konkret predmet olar”.

"Azadinform.az” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev də "Şərq”ə bildirib ki, elmi jurnalistikanın zəif olması və yaxud da elmin mediada populyarlaşdırılması ilə bağlı son günlər aparılan müzakirələr mövzunu aktuallaşdırıb:

 "Azərbaycanda elmi jurnalistikanın olmaması barədə səsləndirilən iddialarla razılaşmaya bilmərik. Təəssüf ki, son illər bu sahədə heç bir irəliləyişə nail ola bilməmişik. Baxmayaraq ki, həmkarlarımız arasında elmi dərəcəli kifayət qədər alim-jurnalist var. Onlar araşdırmalardan daha çox redaktə işi ilə məşğuldurlar. Belə olan təqdirdə ortada hansısa elmin jurnalistikada populyarlaşdırılmasından söhbət apara bilmərik. Məsələnin alim-jurnalist əməkdaşlığı çərçivəsində inkişafına gəlincə, burada da problemlər var. Müasir jurnalistika daha çox informasiya daşıyıcısı rolunda çıxış edir. Biz elmi araşdırmalara həvəs göstərmirik. Bu təkcə jurnalistlə bağlı olan məsələ deyil. Burada alim-jurnalist əməkdaşlığı mövcud olmalı, tədqiqatları alimlər aparmalı, jurnalist tərəfindən puplisistika dilinə çevrilib ictimailəsdirilməlidir. Yəni bu məsələ ayrı-ayrılıqda effektiv ola bilməz. Təsəvvür edin, günümüzün aktual problemi olan ekologiya sahəsində ortaya sanballı tədqiqat işi qoyulur. Tədqiqatın müəllifi olan hər hansı bir alim onu KİV-də çap etdirir. Çap olunan tədqiqat yalnız elmi terminlər və ifadələrlə zəngin olacaq. Oxucu təbəqəsinin müxtəlifliyini nəzərə alsaq, sözügedən elmi məqalə yalnız auditoriyası o qədər də geniş olmayan elmi ictimaiyyət tərəfindən başa düşüləcək. Amma həmin tədqiqat alim-jurnalist ittifaqının, birgə əməkdaşlığının məhsulu olsa, dili, təqdim olunma üslubu sadələşdiriləcək. Düzgün başlıq və yarımbaşlııqlar seçiləcək və nəticədə geniş oxucu auditoriyası tərəfindən başadüşülən olacaq. Digər tərəfdən jurnalist və alimin birgə əməkdaşlığı tədqiqatın əhatə dairəsini genişləndirəcək. Jurnalist ortada olan elmi tədqiqatı müxtəlif tərəflərin baxış bucağından öyrənməyə çalışacaq”.

Baş redaktor bildirib ki, bu gün çoxsaylı alimlərimiz mediada müxtəlif elmi mövzularla bağlı çıxışlar edirlər. Lakin mövzuların aktuallığı nəzərə alınmır: 

"Deyək ki, Ramazan aylarında həm mediada, həm də sosial platformalarda ayın nə zaman görünüb-görünməyəcəyi qızğın müzakirə obyekti olur və ən azı bir ay biz bu mübahisələrin şahidi oluruq. Belə bir məqamda alim sözünə, fikrinə, elmi əsaslandırmaya ehtiyac yaranır. Lakin alim də molla kimi "Qurani-Kərim”dən ayələr söyləyəndə qalırıq çıxılmaz vəziyyətdə. Əlbəttə, mən "Quran”ın müqəddəsliyinə şübhə etmək fikrindən uzağam. Onsuz da bu barədə təkzibolunmaz ayələr var. Lakin biz alimdən elmi yanaşma gözləyirik. Bu kimi nümunələrin sayı çoxdur. Təəssüf ki, alimlərimiz günün mövzularının nə dərəcədə aktual olub-olmamasını müəyyənləşdirməkdə çətinlik çəkirlər”.
N.Niftiyev jurnalistikada ixtisaslaşmanın zəif olduğunu deyib: "Jurnalistlər olaraq elmi deyil, kriminal xəbərlərə daha çox maraq göstəririk. Əlbəttə, burada oxucu zövqü, onun daha çox hansı mövzuya ehtiyac duyması kimi məsələlər də var.

Mövcud vəziyyət belə deməyə əsas verir ki, biz elmi jurnalistikanın xəbər saytları və yaxud da klassik media vasitəsilə populyarlaşdırılmasından əlimizi üzməliyik. Əsas diqqət çap və elektron formada olan elmi nəşrlərə yönəlməlidir. Həmin nəşrlərin mövcudluğu geniş təbliğ olunmalı, gənclərə, xüsusən də tələbələrə bu barədə informasiyalar verilməlidir. Eyni zamanda cəmiyyətin bütün təbəqələrinin çap və elektron elmi nəsrlərdən istifadə imkanları əlçatımlı olmalıdır”.

(Davamı var)

İsmayıl