Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər” - Ekspertdən İZAH

  • "Heyvan satanlar və alıb kəsən qəssablar da bu tendensiyadan geri düşməmək üçün inflyasiya prosesinə uyğun qiymət artımına gedirlər"

Ətin qiyməti qalxıb. Məlumatlara görə, hazırda pərakəndə satışda sümüklü dana ətinin qiyməti 19 manat, sümüksüz ətin qiyməti isə 23 manatdır. Bu barədə Unikal.az-ın xəbərində bildirilir. Qiymət artımı mövsümlə bağlıdırmı, yoxsa başqa səbəblər var? 

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında ətin qiymətindəki artımın bir neçə səbəblə bağlı ola biləcəyini qeyd etdi: 

- Məsələ diqqətlə araşdırılmalıdır. Hazırda bazarda digər ölkələrdən idxal olunan ətlər var. Ət həqiqətən də çatışmır, yoxsa bu süni artımdır, araşdırılmalıdır. Digər tərəfdən, qiymət artımına kəsim üçün heyvan azlığı yox, inflyasiya prosesi də təsir edir. Qəssab özü də bazarlıq edir və nəticə etibarı ilə ölkədə qiymət artımını görür. Heyvan satanlar və alıb kəsən qəssablar da bu tendensiyadan geri düşməmək üçün inflyasiya prosesinə uyğun qiymət artımına gedirlər. Bu isə ümumi mənzərəyə təsir edir. Qiymətlərə, bazara nəzarət etmıli olan qurumlar vəziyyəti araşdırmalıdır. 

R.Qarayev bildirdi ki, heyvanı saxlamaq üçün çətinliklər az deyil: 

- Bunu dəfələrlə bildirmişik. Həlli yolunu da mediada çıxışlarımız zamanı dəfələrlə bildirmişik. Məsələyə ciddi yanaşılsa ət sarıdan çətinlik çəkmərik. Bəzən Türkiyə ilə bizi müqayisə edirlər. Halbuki, bu məsələdə Türkiyə ilə deyil, eyni coğrafiyada olan ölkələrlə müqayisə aparılmalıdır. Burada iqtisadi tendensiyada rol oynayır. Gəlin baxaq, Gürcüstan və Ermənistanla müqayisədə bizdə vəziyyət necədir? Beynəlxalq tədqiqat təşkilatı Gürcüstanda və qonşu ölkələrində mal ətinin qiymət reytinqini açıqlayıb, "Numbeo"nun yenilənmiş statistikasına görə, Gürcüstanda ərzaq mağazalarında 1 kq mal ətinin orta qiyməti 9.78 ABŞ dollarıdır. Bu göstərici ilə 103 ölkə arasında mal ətinin bahalılığını ölçən reytinqdə Gürcüstan 75-ci yeri tutur. Eyni araşdırmaya əsasən, qonşu ölkələrlə müqayisədə Gürcüstanda mal əti ən ucuzdur, ən bahası isə Türkiyədədir. "Numbeo"nun yenilənmiş reytinqində Türkiyə 17-ci yerdə qərarlaşıb və burada mal ətinin orta qiyməti kiloqramına 20 ABŞ dollarıdır. 

Araşdırmaya görə Gürcüstan və qonşu ölkələrdə 1 kq mal ətinin orta qiymətləri belədir:

Türkiyə (17-ci yer) – 20.01 ABŞ dolları;

Ermənistan (52-ci yer) – 12.28 ABŞ dolları;

Rusiya (65-ci yer) – 10.90 ABŞ dolları;

Azərbaycan (70-ci yer) – 10.53 ABŞ dolları;

Gürcüstan (75-ci yer) – 9.78 ABŞ dolları.