Pezeşkian İrana hücumlar fonunda Rəştdə aralıq eniş edərək Tehrana qayıdıb

İran Prezidenti Məsud Pezeşkian Bişkekdən Tehrana qayıdarkən Rəşt şəhərində aralıq eniş edib.

Sherg.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıdan Pezeşkianın təyyarəsində İranın xarici işlər naziri, həmçinin idman və gənclər naziri də olub.

Məlumata görə, qısa müddətli dayanma zamanı Gilan vilayətinin qubernatoru əhalinin əsas ehtiyac malları ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

İsrail mediası isə təyyarənin ABŞ-ın İrana zərbələri və Tehranda hava hücumundan müdafiə sisteminin fəaliyyəti fonunda Rəştdə eniş etməyə məcbur olduğunu bildirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl ABŞ hərbçilərinin İrana zərbələr endirdiyini açıqlayıb.

İran mediası isə Hörmüz boğazında yerləşən Qeşm adası, eləcə də Hörmüzqan vilayətinin Bəndər-Abbas, Cask və Sirik şəhərləri ətrafında bir sıra partlayışların baş verdiyini xəbər verib.