Ekspertlər razılaşmır

Heç bir halda vətəndaş jurnalistikası ənənəvi jurnalistikanı üstələyə bilməz





(... əvvəli ötən sayımızda)

Müasir jurnalistika son 15 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoyub ki, bu da informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşmiş və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşib.

Jurnalistikanın bir qolu olaraq hesab olunan vətəndaş jurnalistikası da həmin yeni anlayışlardan biridir. Son vaxtlar inkişaf etməkdə olan bu institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Əslində vətəndaş jurnalistikası bizim əvvəllər auditoriya adlandırdığımız kəsimin fəallaşmasıdır. Əgər hansısa internet istifadəçisinin öz şəxsi bloqunda yerləşdirdiyi informasiya ictimai əhəmiyyət kəsb edirsə, kimlərsə bundan bəhrələnirsə, deməli, bu da jurnalistikadır, amma biz buna vətəndaş jurnalistikası deyirik. Bu gün sadə oxucu üçün fotomüxbir, operator yaxud publisist olmaq imkanı yaranıb. Bu gün mobil telefon vasitəsilə ediləni 15 il əvvəl peşəkar media qurumları yüksək keyfiyyətli avadanlıqlar ilə əldə edə bilmirdilər.

Vətəndaş jurnalistikasının qarşısında duran ənənəvi, ya da peşəkar jurnalistika bu köklü dəyişikliyi yaxşı dərk etməli, auditoriyanın tələbatını düzgün müəyyənləşdirməli, yeni modellərə və bu tələblərə cavab verən məhsullara üstünlük verilməlidir.

Operativlik və interaktivlik vətəndaş jurnalistikasının əsas üstünlükləri olsa da, ənənəvi jurnalistikanın bəzi özəlliklərinə sahib olmaması onun mövqeyini zəiflədir. Bunların başında etibarlılıq məsələsi və etik kodekslərinin olmaması gəlir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin sözlərinə görə, vətəndaş jurnalistikası ilə bağlı məsələnin müzakirəyə çıxarılması informasiya cəmiyyəti və bu cəmiyyətin məlumatlandırılması potensialına bir daha göz gəzdirilməsi baxımından çox aktualdır: "Çünki bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə birbaşa bağlı olan bu yeni situasiya, ümumiyyətlə ictimai ünsiyyətdə fərqli mənzərə yaratmaqdadır. Lakin bu situasiyanı jurnalistikanın mahiyyətcə dəyişməsi kimi qəbul etmirəm. Bu sahədə hansısa inqilabın baş verməsini də iddia etməkdən uzağam, sadəcə, bəşəriyyətin öz tarixində yeni texnoloji mərhələni yaşadığı fikrindəyəm. Düşünürəm ki, əslində semantikasına görə xeyli dağınıq olan "vətəndaş jurnalistikası” anlayışının işlədilməsinin özü bir qədər tezdir. Bu anlayışı işlədərkən çoxları belə bir tezisdən istifadə edir: "Vətəndaş jurnalistikası bizim əvvəllər auditoriya adlandırdığımız kəsimin fəallaşmasıdır”. Şübhəsiz ki, bu kəsimin fəallaşaraq bloq və ya xəbər yazması, yaxud öz aralarında hansısa məsələni (xüsusən bu məsələnin ictimai çaları olmayanda) müzakirə etməsi geniş mənada jurnalistika adlandırıla bilməz. Mən də bir çox iddiaçılar kimi internetin və digər kommunikasiya vasitələrinin inkişafı sayəsində vətəndaşlar və bütövlükdə cəmiyyət üçün əlavə bilgilər əldə etmək imkanlarının artması fikrinə qatılıram. Çünki hazırda bütün dünyada bir milyarddan çox insan internet istifadəçisidir, cib telefonu işlədənlərin sayı 2,5 milyarda çatır. Bu göstərici belə bir qənaəti söyləməyə əsas verir ki, hazırda yer kürəsində yaşayanların üçdə ikisi bir-biriylə telefon vasitəsilə ünsiyyət qurur. Milyonlarla insan, təşkilat və qurumlar öz fəaliyyətlərini yalnız internetlə gerçəkləşdirirlər”.

Q.Məhərrəmli deyib ki, yeni sahənin ən çatışmayan cəhətlərindən biri odur ki, problemlər haqqında son nəticədə demokratiyanı formalaşdıran səmərəli ictimai müzakirələrə rast gəlmək mümkün deyil: "Məhz bu məqam, digər tərəfdən isə peşəkar jurnalistikada hamılıqla qəbul edilmiş prinsiplərin, ən başlıcası isə xəbər dəyərlərinə əhəmiyyət verilməməsi vətəndaş jurnalistikasından istifadə imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Xəbər dəyərləri və xəbərə aid özəl xüsusiyyətlər dedikdə isə biz aşağıdakı mühüm cəhətləri nəzərdə tuturuq: Faktlı olmaq - xəbərləri yazarkən, fikirlərə deyil, faktlara üstünlük vermək deməkdir. Bu, həm də jurnalistin dəqiq, səliqəli və autentik (əslinə uyğun) olmaq, faktları öz qaydasında olmaqla yanaşı, məhz gərəkli faktları əldə etmək məcburiyyətidir. Vicdanlı olmaq - yalan və uydurmaya yol verməmək deməkdir. Heç bir halda faktları yanlış göstərmək olmaz və səhvlər həmişə düzəldilməlidir. Qərəzsiz olmaq - öz maraqlarını, inanclarını, yaxud meyillərini anlamaq və nəzarətdə saxlamaqdır. Xəbərləri işıqlandıran zaman heç vaxt qərəzli münasibətə yol vermək olmaz. Dolğun olmaq - çalarları, deyiliş tərzini, təcrübə və duyğuları nəzərə almaqla ilkin tarixçəni, konteksti, balansı və perspektivi əks etdirmək deməkdir. Balanslı yanaşmaq - hakim baxış bildirilən zaman bütün əks, fərqli və ya tamamlayıcı fikirlərin də xatırladılmasıdır. Ardıcıl olmaq - jurnalist peşəsinin normalarına həmişə sadiq qalmaqdır. Vətəndaş jurnalistikasının da gerçək mənada peşəkar olmasından ötrü bu sadalanan dörd təməl qaydaya ardıcıl şəkildə əməl edilməlidir. Bu prinsiplər gözlənilmirsə, təbii ki, məlumatlandırma ilə bağlı olan bütün sahələr, o cümlədən vətəndaş jurnalistikası heç bir auditoriyanın etimadını qazana bilməz. Artıq söyləməyə də ehtiyac yoxdur ki, bu halda həmin "jurnalistika”dan istifadənin də heç bir faydası olmayacaq”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun sözlərinə görə, vətəndaş jurnalistikası, sadə şəkildə ifadə etsək, auditoriyanın xəbərlə iş prosesində daha aktiv rol almasıdır: "Bu zaman bizim peşəkar jurnalistlər olaraq auditoriya gözü ilə gördüyümüz kəsim, daha fəal mövqe sərgiləmiş olurlar. Amma vurğulamaq lazımdır ki, bu kəsimin fəallığı - yəni xəbər yazması, hətta bu xəbərlərlə bağlı müzakirələr açması onları peşəkar jurnalist etmir. Proses əsasən sosial şəbəkələr və müasir kommunikasiya alətləri vasitəsi ilə aparılır ki, bunun özü də məsələyə daha peşəkar yanaşmanın mümkünlüyünü minimuma endirir”.

Peşəkarlıq baxımından Azərbaycanda vətəndaş jurnalistikasının hansı səviyyədə olmasına gəldikdə isə Vüqar müəllim təəssüflə qeyd edib ki, Azərbaycanda vətəndaş jurnalistikası əsasən son illərdə sosial şəbəkələrdə aktiv iştirakın dəbə minməsi ilə paralel olaraq başlayıb və özünü sosial şəbəkələrdən kənarda təsdiq edə bilmir: "Əgər biz Qərbdə vətəndaş jurnalistikasının təzahürü kimi bloger fəaliyyətini görürüksə, ölkəmizdə ətrafında müəyyən auditoriya formalaşdırmağa müvəffəq olmuş ciddi blogerlərin sayı barmaqla sayılacaq qədərdir”.

Vətəndaş jurnalistikanın ənənəvi mətbuatı üstələməsi məsələsinə toxunan V.Zifəroğlu hesab edir ki, ənənəvi media informasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq yerini yeni media alətlərinə verməkdədir: "Bu media orqanlarında sıravi insanların xəbərlə və ya analitik məzmunlu yazılarla bağlı iş prosesində iştirakının aktiv olaraq təmin edilməsi mümkün olduğuna görə, vətəndaş jurnalistikasının da inkişafına müəyyən töhfələr sağlamış olur. Məsələn, informasiya portallarında yayımlanan xəbərlərə münasibət. Amma unutmayaq ki, vətəndaş jurnalistikası heç də həmişə ictimai əhəmiyyət kəsb edən problemlər üzərində fokuslanmaya bilər. Burada eyni zamanda informasiya ilə iş prosesinə peşəkar yanaşma da bir çox hallarda gözlənilmir. Bütün bunlar vətəndaş jurnalistikasını həqiqi mənada jurnalistika adlandırmağımıza mane olan ciddi məqamlardır”.

Vətəndaş jurnalistikasının konkret olaraq, kimlərdən formalaşmasını müəyyən etməyin çətin olduğunu deyən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət bildirib ki, əvvəllər əlində qələmi olan deyirdik, indi kompüter, mobil telefon və digər texnologiyalara sahib olan hər kəs jurnalistika ilə məşğul ola bilir: "Bunun üçün kiməsə xəbər verməsi və ya icazə alması gərək deyil. Təcrübələrimə əsasən deyə bilərəm ki, mütəmadi olaraq ictimai proseslərlə maraqlanan və ortaya informasiya çıxara bilən adamlar vətəndaş jurnalistləri hesab etmək olar. Hər hansı bir insanın səhər işə gedərkən küçədə təsadüfən rastlaşdığı hadisəni telefonla çəkib, sosial şəbəkədə təsvir etməsi vətəndaş jurnalistikası sayılmır. Çünki bu adam mütəmadi olaraq, bu işlə məşğul olmur. Amma elə adamlar da var ki, hər gün rastlaşdığı hadisələri sosial şəbəkələrdə təsvir edib, müzakirələr açır, mütəmadi olaraq xəbər paylaşır. Təbii ki, bu fəaliyyətinə görə bir kimsədən ödəniş belə gözləmir. Sadəcə olaraq, şahidi olduğu, eşitdiyi məlumatları xəbərə çevirib, ictimaiyyətlə bölüşür. Bax, bu artıq vətəndaş jurnalistikasıdır. Bu cür xəbərlərin keyfiyyəti yüksək olmasa da, müəyyən bir kəsimi məlumatlandırması artıq jurnalistikanın göstəricisidir”.

Vətəndaş jurnalistikasının peşəkar jurnalistikanı üstələməsi ilə bağlı iddialara gəldikdə isə ekspert bu cür yanaşmaların absurd olduğunu deyib: "Jurnalistika yüksək peşəkar, dəqiqlik və təcrübə tələb edən bir sahədir. Bu sahənin peşəkarı ilə həvəskarlar arasında hiss olunacaq dərəcədə ciddi fərq olur. Əslinə qalsa, vətəndaş jurnalistikası ilə ənənəvi medianın müqayisəsinin tərəfdarı deyiləm, nəinki vətəndaş jurnalistikasının peşəkar medianı sıradan çıxarması kimi yanaşmaları qəbul etmək. Peşəkar jurnalistlər hər şeydən öncə jurnalistikanın "qızıl qayda”larını bilir. Eyni zamanda, davamlı şəkildə bu sahə ilə məşğul olub, özünü yetişdirmiş təcrübəli insanlardır. Bir nüansı qeyd edim ki, vətəndaş jurnalistikası bizim gözləmədiyimiz anda, gözləmədiyimiz yerdə boy göstərir. Hansısa bir ərazidə baş verən hadisə ilə bağlı xəbər tutan jurnalistin ora getməsi və materialı hazırlaması bəlli bir vaxt alır. Amma hadisənin baş verdiyi ərazidə vətəndaş jurnalistikası ilə məşğul olan biri həmin andaca operativ xəbər yayıb, paylaşa bilir. Bu, vətəndaş jurnalistikasının üstünlüyü sayılmır axı! Cəmiyyətə təqdim olunan yazıda operativliklə yanaşı, dəqiqlik, dolğunluq, oxunaqlılıq olmalıdır. Bu mənada peşəkar jurnalistikanı əvəzləmək mümkünsüzdür”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb