Ekspertlərin fikirləri haçalandı

Sırf qadınlar üçün istirahət mərkəzlərinin yaradılması təklifi təhlükəlidir
Mehriban Zeynalova: “Bunlar sabah deyəcəklər ki, avtobusları da ayırmaq lazımdır?”
Aqşin Yenisey: "Cəmiyyət cəbhələrə bölünübsə, onlar mütləq üz-üzə gələcəklər”

Elşad Miri: "İstəmirsiniz, hicablı xanımlar istirahət eləsin? İstəmirsiniz onlar da rahat dənizə girsin?”


Son günlər ölkə mətbuatında "halal turizm” və xüsusilə də, ancaq xanımlar üçün istirahət mərkəzləri və iaşə obyektlərinin yaradılması barədə müxtəlif təkliflər gündəmə gəlib. Qeyd edək ki, hazırda qonşu Türkiyədə yalnız qadınlar üçün 80-ə yaxın otel fəaliyyət göstərir. Bu cür mərkəzlərə halal turizm deyilir. Belə yerlərdə nəinki əcnəbilər, həmçinin yerli xanım sakinlər də istirahət edə bilərlər.

Azərbaycanda isə sırf xanımlar üçün istirahət və ya əyləncə mərkəzləri yoxdur. Hansı ki, bəzi ekspertlər qadınların öz övladları ilə əylənə və istirahət edə biləcəkləri belə məkanların biznesin maraq dairəsində olmasını zəruri hesab edirlər. Xüsusən də, xanımlar üçün çimərliklərin və akvaparkların olmaması öz sözünü deyir.

Qeyd edək ki, halal otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. SPA-mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilərin orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.

Onu da deyək ki, Azərbaycanda sırf qadınlar üçün istirahət mərkəzlərinin yaradılması fikri ictimaiyyət nümayəndələri arasında birmənalı qarşılanmayıb.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanda bu cür "islahat”lara ehtiyac olmadığını deyib: "Mənim hicablı xanımlara, dini ayinləri yerinə yetirən Azərbaycan qadınlarına böyük hörmətim var. Eyni zamanda əminəm ki, onlar da ölkəmizdə ayrıseçkiliyin olmamasını istərdilər. Bu cür təklifləri gündəmə çıxarmaq, müzakirə aparmaq absurd və təhlükəlidir. Bunlar sabah deyəcəklər ki, avtobusları da ayırmaq lazımdır? Nə edək, ölkəni də iki yerə bölək, bir tərəfində qadınlar, o tərəfində kişilər olsun? Azərbaycan bir çox müsəlman ölkəsinin qoşulmadığı beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə gender bərabərliyi qorunur və qadınların cəmiyyətdə hüquqları Konstitusiya ilə təmin olunur”.

Birlik sədrinin sözlərinə görə, bu cür təklifləri səsləndirənlər ayrı-ayrı dini cərəyanların ideoloji elementlərindən çıxış edirlər: "Nədənsə, bəzi-bəzi şəxslər zamanla gündəmə gəlmək üçün qadınların üzərində eksperiment aparır. Lazım deyil belə şeylər. Heç islamın özü belə ayrı-seçkiliyi qəbul etmir, bu fikirlər ayrı-ayrı ekstremist dini cərəyanlarda ola bilər. Mənim fikrimcə, qadınları düşünən adamlar ilk öncə, onların maariflənməsinə, zorakılıqdan qorunmasına çalışmalıdırlar. Ərəb turistlərinə gəldikdə isə mənə Azərbaycan xalqı daha maraqlıdır. Bu cür tendensiyalar cəmiyyətimizdə diskriminasiyaya yol aça bilər”.

Şair Aqşin Yeniseyin sözlərinə görə, islam dövlətləri konstitusiyaların şəriət qanunları ilə əvəz olunması üçün milyardlarla pul xərcləyir: "Demokratiya, insan haqları adı altında Qərbin müsəlman ölkələrini bir-bir işğal etməsi dini həmrəyliyi yenidən qalxan kimi istifadə etmək zərurəti yaradıb. Çünki müsəlman ölkələrinin dini iradədən başqa heç bir hərbi-texniki, mənəvi-ideoloji gücü yoxdur bu işğalın qarşısında dayanmaq üçün. Amma qorxulusu odur ki, şəriətin yenidən tətbiqi müsəlman ölkələrini daxildən parçalayır. Məsələn, Türkiyədə artıq nəinki qidalar, geyimlər, otellər, bir şəhərin məhlələri belə ayrılıb. Dindarlar Ankarada şəhərin bir səmtində, dindar olmayanlar başqa səmtində yaşayırlar. Hər tərəf də özünə gərəkən həyat şərtlərini seçib. Bu, qorxulu tendensiyadır. Cəmiyyət cəbhələrə bölünübsə, onlar mütləq üz-üzə gələcəklər. Qərbin işğalı dayansa da, bu cür mənəvi ayrıseçkilik gec-tez münaqişə, qarşıdurma ilə nəticələnəcək. Artıq işartılar da var. Bu yaxınlarda şortikli qıza hücum edən gənc bunu islam qanunlarına görə etdiyini söylədi. Müsəlman dünyası bunu görməzdən gəlsə, faciələrimiz hələ qabaqdadır”.

İlahiyyatçı alim Elşad Miri isə hər bir vətəndaşın öz hüquqlarından istifadə haqqının olduğunu deyib: "İstəmirsiniz, hicablı xanımlar istirahət eləsin? İstəmirsiniz onlar da rahat dənizə girsin? Hesab edirəm ki, Azərbaycanda "halal” turizmin stimullaşdırılması ilə bağlı səsləndirilən fikirlər təqdirəlayiqdir. Hər halda buna tələbat olduğu üçün formalaşdırılması yaxşı olardı. Vətəndaşların əksəriyyəti Azərbaycandakı otellərdə dincəlməkdənsə, xarici ölkələrə səfər etməyə üstünlük verirlər. Xüsusən də hicablı xanımlar Türkiyə və digər müsəlman ölkələrinə üz tuturlar. Hesab edirəm ki, həmin pulların xaricə axmasının qarşısını almaq üçün Azərbaycanda da halal turizmin inkişafına diqqət ayrılması əhəmiyyətli addım olardı. Şərt deyil ki, qadınlar üçün xüsusi otellər tikilsin. Mövcud istirahət mərkəzlərində qadınların özlərini rahat hiss etməsi üçün şərait yaradılmalıdır. Beşulduzlu otellərin hər birində istirahət üçün yaxşı şərait var. Amma üzgüçülük hovuzlarından kişilərlə qadınlar birlikdə istifadə etdiyi üçün qadınların əksəriyyəti özünü narahat hiss edir. Hicablı xanımlar isə ümumiyyətlə hovuzdan istifadə edə bilmirlər. Amma ayrıca şərait olsa, onlar da digər insanlar kimi üzmək hüququndan istifadə edə bilər”.

Şəymən