Yarım saatdən çox davam edən səhər tutulması: Ciddi xəstəliyin əlamətidir

Oynaqlarda səhər saatlarında yarım saatdan çox davam edən sərtlik və tutulma iltihablı revmatik xəstəliklərin əlaməti ola bilər. Bu problemlər yalnız yaşlılarda deyil, gənclərdə və uşaqlarda da müşahidə edilir.

Sherg.az xəbər verir ki, bu barədə revmatologiya üzrə mütəxəssis, dosent Aslıhan Avanoğlu Gülər açıqlama verib.

Mütəxəssis bildirib ki, artrit zamanı oynaqlarda ağrı, şişkinlik, həssaslıq və hərəkət məhdudluğu yaranır. Xüsusilə səhərlər daha qabarıq hiss edilən və hərəkət etdikcə azalan tutulma, əllərin və ayaqların kiçik oynaqlarında şişkinlik, eləcə də istirahət zamanı davam edən ağrılar diqqətdən kənarda qalmamalıdır.

Onun sözlərinə görə, bu əlamətlər öz-özlüyündə diaqnoz qoymağa kifayət etməsə də, revmatoloji müayinəyə ehtiyac yaranır.

Gülər qeyd edib ki, revmatoid artrit və psoriatik artrit kimi xəstəliklər gənc və orta yaşlı insanlarda da görülür. Uzun müddət davam edən oynaq ağrılarını yaşlanmanın təbii nəticəsi kimi qəbul etmək düzgün deyil. Diaqnoz və müalicənin gecikməsi oynaqlarda qalıcı zədələnmələrə və hərəkət məhdudiyyətinə səbəb olur.

Mütəxəssis vurğulayıb ki, xüsusilə revmatoid artrit kimi xroniki xəstəliklərdə iltihabın uzun müddət nəzarət altına alınmaması oynaq qığırdağına və sümük toxumasına geri dönməz zərər verir. Buna görə erkən diaqnoz və düzgün müalicə böyük əhəmiyyət daşıyır.

Artritin müalicəsi xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun müəyyən edilir. Müasir müalicə üsullarının məqsədi yalnız ağrını azaltmaq deyil, həm də iltihabi prosesi nəzarətdə saxlamaq və oynaqların zədələnməsi riskini azaltmaqdır.

Gülər oynaq sağlamlığının qorunması üçün müntəzəm fiziki aktivliyin, sağlam bədən çəkisinin saxlanmasının və siqaretdən uzaq durmağın vacibliyini də qeyd edib.

O, həmçinin qəfil başlayan şiddətli oynaq ağrısı, şişkinlik, qızartı və həmin nahiyədə temperaturun artmasının oynaq infeksiyası kimi təcili müdaxilə tələb edən vəziyyətlərdən xəbər verə biləcəyini bildirib. Belə hallarda gecikmədən tibbi yardım almaq vacibdir.