“El həyatı” jurnalı

Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
Jurnalın ən fəal əməkdaşlarından biri də Ağababa Yusifzadə idi. Məcmuədə A.Yusifzadənin bir neçə istiqamətdə həm ictimai-siyasi motivli məqalələri, həm də bədii əsəri dərc olunub. Mətbuat tarixçisi, professor Alxan Məmmədovun ilk dəfə transleterasiya etdiyi və Azərbaycan Cümhuriyyətinin ilk romanı olaraq dəyərləndirdiyi "Sınıq qanadlar” əsəri "El həyatı”nın hər üç sayında ardıcıl nəşr edilib.
Bəstə boylu, girdə sifətli, xırda gözlü və çatma qaşlı bir uşaq olan Nadirin həyatından bəhs edən bu roman dövrün sosial-siyasi, milli-mənəvi dəyərlərinin naqisliyini əks etdirir. Şəhər ruhanisindən zəkat yığmaq üçün icazə alıb anası ilə kəndlərə yollanan Nadir, İsmayıl bəy kimi ziyalı vətənpərvər və humanist bir adamla qarşılaşır. İsmayıl bəyin evində sığınacaq tapan bu gəncin həyatında yeni bir mərhələ başlayır. Nadirin istedad və qabiliyyətini duyan İsmayıl bəy onun təhsil almağına şərait yaradır. İsmayıl bəyin qızı Münəvvərlə dostlaşan əsərin qəhrəmanı qızı sevir. Amma təsadüfi bir hadisə gənclərin ayrılığına səbəb olur. Canişinlik tərəfindən Tiflisə dövlət qulluğuna yollanan İsmayıl bəyin köç hazırlığı gənclərin rahatlığını əllərindən alır. Onların narahatlıq ifadə edən hərəkətləri İsmayıl bəyi düşündürür və Münəvvərin nahar zamanı atasına verdiyi "Nadir də Tiflisə getməlidirmi” sualı romanın əsas məğzini ortaya qoyur. Sualın təsiri ilə "qəflət yuxusundan ayılan” İsmayıl bəy gənclərin arasındakı münasibətlərin dostluqdan fərqli sevgiyə çevrildiyinin fərqinə varır. Problemi necə həll etməyin yolları üzərində düşünür və qərarı bu olur ki, iki ildən sonra şəhər mədrəsəsini bitirəcək Nadirin təhsil xərclərini ödəsin və o, hələlik təhsilini qurtaranadək burda, anasının yanında qalsın. İsmayıl bəy nə yazıqlar ki, qızı ilə kasıb balası Nadirin sevgisinin axırsız olduğu qənaətindədir və hadisələrin gedişi onun bəylik izzət-nəfisi ilə ziyalılıq arasında hansısa seçim etməsini şərtləndirir.
Roman "El həyatı”nın hər üç sayında dərc olunsa da, sanki yarımçıqdır. Professor A.Məmmədovun qənaətincə, "El həyatı”nın sonrakı sayları əldə olmadığı, yaxud məcmuə öz "ömrünü” başa vurduğu üçün roman haqqında bitkin rəy vermək olduqca çətindir: "Ancaq mövcud hissədən, hadisələrin inkişafından və əsərin adından ("Sınıq qanadlar”) çıxış edərək sevgililərin taleyinin uğursuzluqla nəticələnməsi qənaətinə gəlmək olar”.
Azərbaycan ədəbiyyatı və jurnalistika tariximizdə unudulmaz izlər buraxan Nəcəf bəy Vəzirovun "El həyatı”nda "Dərviş” imzası ilə bir neçə hekayəsi də dərc olunub. Bu kiçik həcmli hekayələrdə müəllif ölkəni bürümüş aclıq və səfalətli günlərdə eyş-işrətlə məşğul olan var-dövlət sahiblərini, milli burjua nümayəndələrini müharibənin gətirdiyi fəlakətdən evsiz-eşiksiz qalmış, ac-yalavac küçələrdə sərkərdan gəzən vətən övladlarına kömək etməyə çağırırdı. Özlərini islam adət-ənənələrinə uyğun mömün hesab edən, əslində bütün milli-mənəvi dəyərlərdən uzaq olan bəzi sahibkarlara üz tutan müəllif yazırdı: "Ey dörd-beş kasa xəmiraşı, ya da düşbərə yeyib beş-altı dəfə "afiyət olsun” eşidib istirahət edən ağalar, görmürsünüzmü altı-yeddi yaşında cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarında pənahlanmış tifilləri? Rast gəliblərmi sizə qoca kişilər, dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?..
- Ay qardaş! Acıq, Allah xatirinə!
- Pul istəmirik, bir parça çörək bu tifilə!...
- Olarmı bir yer ki, bir-iki saat pənahlanaq. Eşitmirsinizmi bu nalələri?”
İanə toplanması işini həyata keçirən, kimsəsizlərə əl tutmağı təbliğ edən "El həyatı” Bakıdakı xeyriyyə cəmiyyətlərinin fəaliyyətini də tənqid edirdi. Jurnalın 2-ci sayında dərc olunan "Təqsir kimdədir” məqaləsi bu baxımdan diqqəti çəkir və fərqli yanaşma tərzi ilə seçilir.
Dünya savaşında öz tarixi torpaqlarını tərk edən, yurdu erməni-rus hərbi birlikləri tərəfindən dağıdılan anadolulu soydaşlarımıza mənəvi və maddi baxımdan böyük köməkliklər göstərən Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətinə tənqidi yanaşan müəllif qeyd edir ki, ianə toplanması işi düzgün qurulmayıb: "İki il bundan əvvəl Qars və Ərdəhan əhali-islamiyyəsinin fəlakət xəbəri Qafqaz və Rusiya türklərinə yetişincə, təcili müavinət lazımdır deyə qəzetlər fəryad etməyə başlayınca, axın-axın ianələr gəlməyə başladı. Bakıda Müsəlman Cəmiyyəti xeyriyyəsi ianə yığmağa başlamamışdan əvvəl qəzetə idarələrinə on minlərlə para toplandı. Bakı və ətrafından, Qafqazın sair yerlərindən, Türkistan və Şimali Rusiyadan ianələr gəlirdi”. Müsəlman-türk cameəsinin, əhalinin əksəriyyətinin milli və dini hisslərin təsiri ilə bu kampaniyaya qatılmasını təqdir edən müəllif ittihamedici bir iddia ilə çıxış edir: "O zaman nəzəri-diqqəti bir şey cəlb etdi. İanə cədvəllərində Bakı zənginləri, neft milyonçularının adları niyə yoxdur?” Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti üzvlərindən birinə bu məzmunda sual ünvanladığı və aldığı cavabdan təəssüfləndiyini qeyd edən müəllif yazır: "Cəmiyyətin xeyriyyə üzvləri cavabında demişdilər ki, hazırda ehtiyacı ödəyə biləcək miqdarda ianə toplanılıb”.
Müharibənin böyük faciələr gətirdiyini və təkcə Qarsda və Ərdəhanda deyil, daha böyük ərazilərdə aclıqdan, səfalətdən, xəstəlikdən əziyyət çəkən on minlərlə soydaşımızın olduğunu, bu sayın günü-gündən artdığına diqqət yönəldən müəllif təəssüf ki, öz iddiasına siyasi baxışlarını da əlavə edirdi. Müəllif siyasi ayrı-seçkiliyə gedərək bildirirdi ki, milli-burjua nümayəndələri, neft milyonçuları xalqdan, xalqın problemlərindən uzaqdırlar. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin bu məzmunda fəaliyyət tarixinin araşdırılması isə sübut edir ki, müəllif qənaətində haqsızdır. Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov, Ağabala Quliyev kimi milli sahibkarlar Anadoludan qaçqın düşən soydaşlarımızın ehtiyaclarının ödənilməsi üçün böyük fədakarlıqlar göstərib, müxtəlif layihələrin, proqramların gerçəkləşməsində nəinki özləri, ailələri də yaxından iştirak ediblər.
Ədəbi nümunələrə səhifələrində geniş diqqət yönəldən "El həyatı” ədəbi tənqidə də yer verir və Azərbaycan-türk ədəbi dilinin formalaşmasına da toxunurdu. Məcmuənin 2-ci sayında Kazımoğlunun "Türk sözləri” məqaləsi mövzu etibarı ilə zamanımız üçün də əhəmiyyətini qoruyub saxlayır. Ədəbiyyatda ərəb-fars sözlərindən imtina olunub, bu kəlmələrin türkcə qarşılığından istifadə olunması müxtəlif dövrlərdə gündəmə gəlib və indii bu problem olaraq qalır. Yazıçılara təmiz türkcədə yazmağı tövsiyə edən və bunun lazımlığını vurğulayan Kazımoğlu maraqlı iddialar irəli sürürdü: "Deyirlər ki, türkcə yazmaq çətindir. Türk dili darısqal olduğundan, ondan istənilən tanə (qədər) sözlər olmadığından incə düşüncələri yazıb-söyləmək olmaz. İlk baxışdan bu deyim (iddia) bir az doğru kibi görülürsə də, bir az da yanlışdır”. Ədəbi dilin formalaşması prosesində bilavasitə iştirak edən və söz yaradıcılığına məsul olan yazıçılar "bir az çətinliyə düşməyib, düşünüb-aramağı” bacarmırsa, Azərbaycan türkcəsinin zəifliyi barədə fikir yürütmələri haqsızdır. Kazımoğlu qeyd edir ki, fikrin dürüst, anlaşılan formada ifadəsi üçün dilimizin kifayət qədər imkanları var və yazıçılar bunu təəssüf ki, dəyərləndirməyirlər: "İndi mən cılxa türkcə yazmaq istəyirəm. Bu yazıda çalışacağam ki, türkcədən başqa özgə, yad və bizə yabançı dillərdən bacardıqca və gücüm çatdıqca sözlər almayım. Ola bilər yazdığım və yazacağım sıralar (sətirlər) arasında fikir, döqt, tərəf kimi hamı türklərin mənimsədiyi yad sözlər görülsün. Mən öylə bilirəm ki, ilk addımda bunları yazımızda qullana biləriz”. Müəllifin iddia etdiyi kimi başlanğıcda ərəb, fars və digər yabançı dillərdən istifadə mümkündür. Sadəcə, tədricən bu sözlərin türkcədə qarşılığını tapıb istifadə olunması lazımdır və mütləqdir. Kazımoğlu bir sözdən istifadə edərək maraqlı və düşündürücü mühakimə yürüdür: "Türk dilində qarşılığı bulunmayan, daha doğrusu, bizdə hələ qullanılmayan sözlərdən birisi də ədəbiyyatda özünə görə görkəmli bir yer qazanmış tənqid sözüdür. İndi deyəcəksiniz, türkcədə tənqidin qarşılığı yoxdur. Doğrudur, bizdə tənqidə qarşılıq söz olmamış və işlənməmişdir. Mən elə bilirəm ki, bir az düşünsək, bir az çətinliyə düşmədən qorxmayıb qatlansaq, "arıtmaq” məsdərini işlətmək mümkündür”. Bu fikirlərdən aydın olur ki, müəllif yazıçıları söz axtarışına dəvət edir və dilimizin saflığına çağırır.
Azərbaycan jurnalistikası tarixinə cəmi 3 sayı ilə öz "imzasını” atan "El həyatı” məcmuəsinin sosial ədalət prinsiplərindən çıxış etməsi, ədəbiyyatın inkişafına çalışması və ana dilinin saflığı üçün ideyalar irəli sürməsi Cümhuriyyət dövrü mətbuatının başlıca xüsiyyətləri idi. Qısa nəşr tarixi olan bu məcmuə, həm də Azərbaycan milli sosialistlərinin lideri Nəriman Nərimanovun öndərlik etdiyi mətbu nümunə kimi mətbuat tariximizin bir parçasıdır.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb