"Bir müddətdir ki, eks- prezidentlərin prezidentlik statusu təsdiqlənib və bu qərardan sonra sabiq liderlərin ailələrinə müavinətlər ayrılıb. Və onlar da həmin müavinətləri alırlar. Amma burada narahatlıq doğuran məsələ odur ki, 10 ilin qalıq müavinətləri hələ də verilmir".
Bunu Sherg.az -a Milli Azadlıq Hərəkatının öncüllərindən olan sabiq prezident Əbülfəz Elçibəyin qayını Mirmöhsün Mühmudov bildirib.
O, bəyin ailəsinin həmin qalıq müavinətlərin verilməsini tələb etdiyini də diqqətə çatdırıb:
"Bu gün bütün məmurların, icra başçılarının villaları var. Amma Elçibəyin ailəsi kirayədə yaşayır. Bütün aidiyyatı şəxslərə müraciət edirəm ki, 2013-cü ildə müəyyən olunan və buna qədər verilməyən 10 illik müavinətlər eks-prezidentin ailəsinə qaytarılsın. Biz halal pulumuzu istəyirik. Elçibəyin prezidentlik statusu 2013-cü ildə təsdiq olundu və ailəsinə müavinət ödənilməyə başladı. O qanuni prezident olmuşdu, lakin buna qədərki dövrdə təxmini 10 illik pulu ödənilmədi. İndi şükür Allaha, oğlu da işləyir, bir qədər rahatdırlar.
Azərbaycanın müstəqilliyinin qurulmasında Elçibəyin danılmaz rolu var. Heç olmasa qanuni yolla 10 illik təqaüd almalıdır. İndi həyatda deyil, onun yoldaşı alır, aldıqlarının hamısını da borclarına veriblər. Hazırda Elçibəyin ailəsi kirayədə yaşayır. Bakıda yaşadıqları ev çox pis vəziyyətdədir. İmkan yoxdur ki, onu təmir edib, yaşasınlar. Evin avadanlıqları çox köhnədir, istilik sistemi yoxdur, qışda çox əziyyət çəkirdilər. Sizin sayt vasitəsilə müraciət edirəm ki, eks-prezidentə təxmini 10 il verilməyən, lakin verilməli olan, qanuni müavinət geri qaytarılsın, ailəsi də bunun sayəsində köhnə, uçuq-sökük evlərinə əl gəzdirib, normal yaşaya bilsin.
Elçibəyin ailəsinin yaşadığı kirayə mənzil "Varobski”dəki 16 mərtəbəli yeni tikilən binada yerləşir. Öz evləri də yaşadıqları yerin yaxınlığındadır. Öz evlərində qalmaq mümkün deyil. Vəziyyət də imkan vermir ki, təmir edib, yerləşinlər. 2-3 ildir çalışırlar, amma təmir etdirə bilmirlər".
Qeyd edək ki, Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb. Məlumata görə, 2015-ci ilin dövlət büdcəsində "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqında” Konstitusiya qanununun icrası üçün 287 min 515 manat xərc nəzərdə tutulub.
2014-cü ilin dövlət büdcəsində bu məqsədlə 303 min 633 manat vəsait ayrılmışdı.
Sabiq prezidentlər və onların ailə üzvlərinin xərcləri 2013-cü ildən başlayaraq dövlət büdcəsindən maliyyələşdirilir. 2013-cü ildə bunun üçün büdcədən 283 min 925 manat vəsait xərclənmişdi.
"Azərbaycan Respublikasının keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanunu əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Qeyd edək ki, hazırda Azərbaycanda sabiq prezidentlərlə bağlı qanunun verdiyi imtiyazlardan keçmiş dövlət başçısı Ayaz Mütəllibov və mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi yararlanır. Ayz Mütəllibov hər ay hazırki prezidentin aylıq əməkhaqqının 50 faizi qədər 7500 manat (Azərbaycan prezidentinin maaşı 15 min manatdır-red.) müavinət alır.
Elçibəyin həyat yoldaşı Həlimə Əliyevaya isə ayda Ayaz Mütəllibovun aldığı pensiyanın yarısı qədər - 3750 manat müavinət verilir. Qanunla keçmiş prezident vəfat edibsə, mərhumun ailəsinə eks-prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət verilir.
Ayyət Əhməd