Elçin Şıxlı Rövşən Almuradlıdan DANIŞDI

Azərbaycan bir ziyalısını da itirdi. Kinorejissor, ssenarist, aktyor Rövşən Almuradlı aprelin 2-si səhər saatlarında dünyasını dəyişdi.
Çoxumuz Rövşən bəyi efirdəki bədii və sənədli filmlərin rejissoru kimi tanıyırıq. Xüsusilə də, «Yük» və daha çox «Cavad xan» filmindən. Halbuki R.Almuradlı neçə-neçə pyesə quruluş verən, teatr səhnəsinə fərqli ab-hava gətirən rejissor idi.
Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdu.
1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdi. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışmışdı və Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdı.
1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rejissoru kimi çalışmışdı.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdu.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdi.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdu.
1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri idi.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri idi.
1991-ci ildə M.Süleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.
R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində bir sıra film tamaşalara quruluş vermişdi.
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş "Cavad xan” bədii filminin quruluşçu rejissoru oldu.
2005-ci ildə Akademik Milli Dram Teatrında xalq yazıçısı İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinə quruluş verdi.
2006-cı ildən Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışmağa başladı.
Sonra isə Bakı Bələdiyyə Teatrında çalışdı. M. Süleymanlının "Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın "Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin "Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş verdi.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın "Yaşlı xanımın gəlişi” əsərinə quruluş vermişdir.
R.Almuradlı «Əsgərlər unudulanda ölürlər» sənədli filminin də rejissoru idi.
Qismətə bax ki, aprelin 2-si bu filmin Qubada təqdimatı olmalı imiş. Rövşən Almuradlı da filmin müəllifləri ilə birgə Qubaya səfərə getməliydi.
Bu barədə «Şərq»ə Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna.az» saytının rəhbəri Elçin Şıxlı danışdı.
Rövşən bəylə dostluq münasibətləri olduğunu bildiyimizdən Elçin Şıxlıya telefon açdıq. Dəfn mərasimində olsa da, Elçin müəllim mərhum dostu barədə danışmaqdan imtina etmədi:
- Rövşən müəllim çox prinsipial adam idi. Sənətə və sənətinə qiymət verən, yüngül əsərlərin arxasınca qaçmayan, öz sözünü deyən adam idi. Buna görə də yaradıcılıq həyatı asan olmadı. Mən Rövşənı AzTV-də çalışdığı vaxtlardan tanıyırdım. Atamın vəfatından sonra «Şıx ocağının işığı» sənədli filmini çəkdi, məni də danışdırdı o filmdə. Rövşən Akademik Dram Teatrında İsmayıl Şıxlının «Ölüləri qəbirstanlıqda basdırın» əsərini səhnələşdirmişdi, xeyli vaxt o əsər səhnədə qaldı, oynanıldı. Amma sonra repertuardan çıxarıldı. Rövşən müəllim həm gözəl insan idi, həm də istedadlı idi. 
O, Ədil İsgəndərovun tələbəsi olmuşdu. Moskva Satira Teatrında təcrübə keçmiş tək-tük aktyorlardan idi. Onun kurs rəhbəri məşhur Pluçek olmuşdu. İsmayıl Şıxlının son romanı - «Öləm dünyam»ın ekranlaşdırılması üçün düz 12 il əvvəl Mədəniyyət Nazirliyinə ssenari təqdim etmişik. Hələ də cavab verilməyib.
E.Şıxlı R.Almuradlının ölümünün gözlənilməz olduğunu dedi:
- Bu, qəfil baş vermiş ölümdü. Bu gün (aprelin 2-si) biz Qubaya getməliydik. Rövşən Almuradlının Arif Əliyevin «Yalama» bədii sənədli povesti əsasında çəkdiyi «Əsgərlər unudulanda ölürlər» sənədli filminin təqdimatı keçiriləcəkdi. Səhər dostumuz, prodüser Gəray Əlibəyli zəng edib Rövşənə ki, hazırlaş, ardınca gəlirəm, o da deyib, özümü pis hiss edirəm, bəlkə mənsiz gedəsiniz?!. Küçəyə çıxıb, dayanacaqda da ölüm onu haqlayıb… Biz Qubaya getdik, təqdimat oldu, oradan da dəfnə gəldik. Rövşən kimi insanların itkisi ağır olur…
Məlahət Rzayeva