Əli Turan
Əli bəy Hüseynzadə: Olduğu kimi - Akif Aşırlı yazır
Türk dünyasının böyük mütəfəkkiri, milli ideologiyamızın banisi, Azərbaycan mətbuat tarixində "Füyuzat” jurnalistika məktəbinin əsasını qoyan Əli bəy Hüseynzadə barədə xeyli sayda elmi-tədqiqat əsərləri yazılıb. Bu araşdırmalarda Ə.Hüseynzadənin şəxsiyyəti, fəlsəfi düşüncəsi, dünyagörüşü müxtəlif aspektlərdən izah edilib.
Türk təfəkkürü, düşüncəsi barədə dəyərli əsərlər yazan Hilmi Ziya Ülkən də Ə.Hüseynzadə barədə araşdırmalar aparıb. "Yeni insan” dərgisinin 1969-1970-ci illərdə çap olunan silsilə məqalələrində Əli bəy barədə onun "Həyat” qəzeti və "Füyuzat” dərgisində toxunduğu ana mövzular haqda Hilmi Ziya bəy maraqlı məqamlara toxunub. "Şərq”in oxucularına təqdim olunan bu araşdırmanın Əli bəy Hüseynzadə yaradıcılığına işıq salmaq istəyənlər üçün gərəkli bir mənbəə olacağına əminik.
Əli Turan(Əvvəli ötən sayımızda)
Helsinkidə Fin və Uğur məsələlərini araşdıran bir elmi cəmiyyət var. Peterburq universitetində türk qövmlərinin həyatını tədqiq edən bir bölüm olduğu kimi, akademiya üzvləri arasında da bu sahədə ad qazanmış Radlof kimi böyük alimlər mövcuddur. Macarıstanda da bu araşdırmaların nə qədər çoxaldığını göstərmək üçün Vamberi və Ujfalvyanın adlarını çəkmək kifayətdir. Bütün Avropada isə bu yolda çalışan şərqçilərin adlarını saymaq üçün qəzet sütunları yetməz. Danimarka kimi kiçik bir məmləkətdə belə mühüm kəşfləri ilə türk tarixinə xidmət edən Vilhelm Tomson kimi elm adamları vardır. Məsələ əhəmiyyətli olduğu üçün hətta Avropanın bəzi yerlərində aylıq və illik jurnallar nəşr olunurdu. Qəribədir ki, bu sual ən ziyadə türklərə aid olmasına baxmayaraq, nəinki aramızda bu yolda elm adamı yetişdirmədik, hətta Avropa alimlərinin türklərə dair araşdırmalarından xəbəri olanlarımız belə çox azdır. Hətta son zamanlar Şəmsəddin Sami, Nəcib Asim kimi dəyərli adamlar bu sahədə bir cığır açmaq təşəbbüsündə bulundular. Ancaq nəticə əldə edə bilmədilər. Niyə? Çünki məsələyə elm mənsubları birləşərək vahid mövqedən çıxış edib, bu yöndə işləyərək cəmiyyətlər yaratmaq, universitetlərdə bölümlər açmaq, türk arxeologiyasının izini axtarmaq üçün uzaq məmləkətlərə elm heyətləri göndərmək lazımdır.
"Qəzetimizin dili” adlı yazısında Hüseynzadə ("Həyat”, №7, 1905) İslam humanizmi və Qərb mədəniyyəti arasında bir seçim etmə məcburiyyətində qalan türk aydınları arasında ilk dəfə onları uzlaşdırmağı düşünürdü. Onun fikrincə, türk mədəniyyəti 13 əsr islam humanizminin təsiri ilə yoğrulduğu üçün bu təsiri ata bilmərik. Müasirləşmə ilə bu humanist təhsil arasında fərqlilik yoxdur. Qərblilər elmi terminlərini ölü dilləri olan latınca və yunancadan aldığı kimi, biz də terminlərimizi yarıdiri olan ərəb və fars dilindən almalıyıq. İslam humanizmi ilə müasir mədəniyyətin, islamlaşmaq ilə müasirləşmənin uzlaşdırılması nə dərəcədə uğurlu ola bilər? Bu, ayrı bir məsələdir.
"Qəzetimizin dilinimi sadələşdirməli, yoxsa, camaatımızın öz dili olan türkcənimi öyrətməliyik? Əsas məsələ budur. Rəyimizə görə, yazdığımızdan daha sadə Qafqazda söylənən şivələrə daha uyğun yazmaq mümkün deyil. Hamımız ayrı bir yerdən gəlmişik. Bu şivələrin birini seçə bilmərik. Onları birləşdirməliyik. Çünki ayrı-ayrı hansı şivəni alsaq, bir əskiklik vardır. Yeni türk dili artıq köhnə türkcə deyil. Məsələn, Əlişir Nəvai kimi desəm ki: "Uçmaq içrə həyat tabqaylar, Tamuğdan necat tabqaylar”... Uçmağın cənnət, tamunun cəhənnəm olduğunu aramızda başa düşən olacaqmı? Xeyir. Çünki bunlar qədim türkcədir. Yeni türkcə isə bir yandan islam mədəniyyətinin, bir yandan tarixi proseslərin təsiri ilə ərəbcə, farscadan bir çox dillə qaynaşıb. Türklərin milli xarakterləri islama uyğun olduğu kimi, dilləri də fars və ərəb kəlmələri almağa əlverişlidir. Necə rus, fransız, ingilis kimi yeni Avropa dilləri inkişaf etmək üçün yunan və latın dilləri kimi ölü dillərdən faydalanır, yeni türkcə də bu gün yarı ölü, yarı diri olan ərəb və fars dilinin lüğətini özünə qaynaq olaraq aldı. Odur ki, türk şivələrindən biri olan Osmanlı dili o qədər genişləndi ki, ən yüksək fikirləri, ən incə hissləri ifadəyə görə ərəbcə və farscadan daha qüvvətli bir dilə çevrildi. Dilimiz bu halı ilə Avropa dilləri ilə rəqabət apara bilər.
Elmlər inkişaf etdikcə, kəşflər, icadlar çoxaldıqca, alacağımız yeni şeylərə yeni adlar vermək lazımdı. Avropa dilləri bu adları latın-yunan dillərindən alıb, yaradırdılar. Güman edilir ki, yunan-latın dilləri Avropa dillərindən daha genişdir və bu ölü dillərdə hər yeni icad üçün adlar hazırdır. Xeyir! Bu dillər ölmüş olduğu üçün onların sadə və müəyyən mənası olan bir kəlməsini alıb, sadə və mürəkkəb halda başqa mənada istifadə edirlər. Məsələn, son illərdə icad edilən fotoqraf, fonoqraf, telefon və b. alətləri götürək. Bunları köhnə yunanlılar bilmədikləri üçün dillərində də bu alətlərin adları olmayacaq. Ancaq işıq, səs, yazı bugünkü kimi yunanlıların zamanında da mövcud olduğu üçün onların qarşılığı var. Biz nə üçün avropalılar kimi hərəkət etməyək? Niyə türkcəmiz üçün latın-yunan dilləri səviyyəsində olan ərəb-fars dillərindən istifadə etməyək? Gərək biz də fotoqrafa "pertevnüvis”, fonoqrafa "sadanüvis”, telefona "durşinev” deyək. Bu yolla da dilimizi genişləndirək. Sual oluna bilər: dilimizi əcnəbi kəlmələrlə doldurmalımı, yoxsa, dilimizdəki çatışmazlıqları tamamlamaq üçün bu dillə dini, tarixi və ədəbi münasibətləri olan ərəb və fars dillərindən istifadə edək? Əlbəttə, aramızda öz dilinin dəyərini bilən hər kəs ikinci yolu tutar. Ərəb, fars dillərinə qarışıq, çirkin deyənlərdən soruşuram: kapitalist, ekonomiya, pressa, direktor kimi sözlərmi, yoxsa sərmayədar, iqtisad, mətbuat müdirimi daha qarışıq və çirkindir? Bir əsəri Avropa dillərindən tərcümə edərkən sözü həqiqi və dolğun mənası ilə verməli, yoxsa xalqımızın rahat başa düşməsi üçün əsl mənanı pozmalımı? Bir müddət əvvəl rusca Mirzə Keloçit sözünü sülh akdetmək.... kimi çevirmək istəyirdim. Yoldaşlarımdan biri buna etiraz edib, "sülh etmək” yazmaq lazımdır dedi. Lakin sülh etməklə, sülh aktdetmək eynidirmi? Sülhetmək sadə barışıq anlamındadır. Sülh aktı isə qanuna görə iki tərəfin imzalamış olduğu şərtnamələrlə barışmaq deməkdir. Əgər dilimizdə sülh bağlamaq demək mümkün olsaydı, bunu seçərdim”.
Hüseynzadə Əlinin bu yazısında 1905-ci ildə müdafiə etdiyi bu ilk fikir 1911-12-ci illərdə Ziya Göyalp tərəfindən mənimsənərək "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı kitabında təməl fikri təşkil etdi. Göyalpın elmi terminləri kutsal kitabın dilindən almaq qaydası bu ilk təklifin bir az dəyişmiş şəklidir. Əli Turan beləliklə ilk dəfə türk dünyasında türkçülük, islamçılıq, avropalaşmaq arasında təzad olmadığını irəli sürdü. Halbuki o vaxta qədər islamçılarla avropaçılar ən gərgin bir qarşıdurma halında idilər. Türkçülər müasirlərə yaxın olsalar da, islamçılarla əlaqədə deyildilər. Bu gərginlik türklərə qarşı reaksiya olaraq osmanlılar və qismən islamçılardan gəlirdi. Türkçülər sanki islam mədəniyyətindən gələn bütün ənənələri pozacaqmış kimi ona qarşı çıxırdılar. Lakin Hüseynzadənin problemini təqdim etmək tərzi bu qarşıdurmaları aradan qaldıra bildi. Ümumi görünüş etibarı ilə dəyərli və həqiqətə uyğun olduğu üçün sonrakılara təsir etdi və bu gün də Türk mədəniyyətinin islam mədəniyyəti içində yoğrulmuş hissəsinin mənbəyi olduğu görülür. Bu baxımdan Hüseynzadə yarım əsrlik fikir tariximizin böyük liderlərindən biridir. Belə ki, nə onun irəli sürdüyü və baş tutmamış olan farsca yeni texnik terminlər yaratmaq fikri, nə də Göyalpın sonradan təklif etdiyi və çox istifadə olunan ərəbcə yeni elm və texniki terminləri bu məsələdəki ehtiyaclarımızı həll edəcək kimi görünmür. Ondan sonra keçən yarım əsr bu terminlərin ya millətlərarası çağdaş mədəniyyətdən alınması, yaxud öz dilimizdə bu terminlərin qarşılığının tapılmasının vacibliyini göstərdi.
Hüseynzadə "Yazımız, dilimiz, ikinci ilimiz” adlı silsilə məqaləsində ərəb hərflərinin istifadə müddəti üçün mühüm olan bir dil məsələsinə toxunur. Bu da yazının fonetik deyil, etimoloji bir əsasa görə yazılması prinsipinin müdafiəsindən ibarətdir. O zaman Azərbaycanda "Səadət” məktəbində tələbəyə türkcə bir kitab verirlər. Beş-altı müəllim tərəfindən hazırlanmış olan bu kitab əski hərfləri fonetik əsasa görə yazmaqdadır. Bu yazılış tərzi Hüseynzadəyə görə, türk dilinin ən əsaslı qaydası olan tələffüz ahəngi qaydasına qarşı bu tərzdə yazıldığı zaman türk ləhcə və şivələri biri-birindən ayrılacaqdır. Məsələn, biz "bana, sana” deyə yazırıq, bunu azəri türkləri "mənə, sənə” deyə, qazanlılar "mingə”, "singə”, anadolu köylüləri "banğa”, "sanğa” deyirlər.
Hüseynzadəyə görə bu bir növ şifrədir. Bu şəkil tələffüzlərə, ləhcələrə görə dəyişir. "Qramatika qaydalarına görə ədatlar adətən bir heroqlif halını alım” deyir. Bunun ən yaxşı misalı da Çin və Yapon yazılarında özünü göstərir. Hər ədatın, hər kəlmənin müəyyən şəkli var. O, bizim sözün burada belə, başqa yerdə başqa cür tələffüz etməməyimizə görə dəyişməz. Bu cəhətdən türkcə ilə ruscanı qarşılaşdırarkən Hüseynzadə rusların dilində bu əsasın olmaması üzündən hər tələffüzü ayrı şəkildə yazaraq içindən çıxılmaz hala düşürlər deyib. Dilin fonetik deyil, etimoloji əsasa görə yazıldığını izah edərkən ingiliscə və fransızcadan misallar gətirib. "İngiliscə hər sözün ayrı mənbəyi var. Bu, tələffüz şəkillərinə görə dəyişməz” - deyib. Hüseynzadə Azərbaycanda bu mübahisələri etdiyi üçün bir neçə il sonra onun təsiri ilə İstanbulda da Haqqı Tarıq ilə Fuat Köprülü arasında eyni mövzuda bir mübahisə başladı. Haqqı Tarıq həm dərslərində, həm "Donanma” dərgisindəki yazılarında fonetik yazı tərzini müdafiə edərkən Fuat Köprülü ona qarşı etimoloji yazını müdafiə etməkdə idi. Bununla bərabər "İkinci il” adlı Hüseynzadənin tənqid mövzusu olan qiraət kitabını yazanlar arasında Nəcib Asimin olması da bu hərəkatın Türkiyədə başlamış olduğunu göstərirdi. Ərəb hərflərinə aid olan bu mübahisə başqa bir şəkildə, latın hərfləri üçün də vacib deyilmi? Latın hərflərini qəbul etdiyimizdən bəri yazımızın əsası, şəkli tamamən fonetik olub. Lakin bəzi sözlərin son hərflərinin cümlə yerinə görə dəyişməsi halında başlıca adların yerinə görə başqa hərflərlə qurtarması kimi görünən qüsurları var. Həmçinin bu üzdən qramatika qaydaları və feillərin təsrifi də pozulmaqdadır.
Dilin fonetik əsasa görə yazılmasının oxu üçün asan olduğu məlumdur. Lakin bu asanlıq sözlərin kökünü və qramatik əsaslarını pozmaqdadır. Hüseynzadənin haqlı olduğu başqa bir məsələ də eyni yazı şəklini fərqli şivə və ləhcələrdə danışanların ayrı-ayrı oxuya biləcəkləri halda əgər fonetik qayda tətbiq edilsə, hər şivənin və ləhcənin ayrı bir imlası olacağı, ayrı bir yazı tərzini meydana çıxacağı üzündən müştərək türk ədəbi dilinin parçalanacağıdır. İraq, Suriya, Misir, Quzey Afrika ərəbləri şivə, hətta ləhcə baxımından bir-birindən ayrıldığı halda ədəbi ərəb dilinin birliyini itirmədiyi, bu sahədə bütün ərəblərin tələffüzləri nə olursa-olsun kitab dilində anlaşdıqlarını görürük. Bu da bu gün olmasa da, sabah Ərəb birliyinin itməməsini təmin etmək deməkdir.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb