“Fransanın Sarbon Universitetini bitirən gənc tanıyıram ki, onun diplomu bu gün hələ də tanınmır”
“Elm haqqında” qanun müzakirəyə çıxarıldı
Bu sahədə xeyli problemlər var, deputatlar təkliflər səsləndirdi
“Fransanın Sarbon Universitetini bitirən gənc tanıyıram ki, onun diplomu bu gün hələ də tanınmır”
“Fransanın Sarbon Universitetini bitirən gənc tanıyıram ki, onun diplomu bu gün hələ də tanınmır”
Ötən gün Milli Məclisin Elm və Təhsil Komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən iclasda "Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
İ.Həbibbəyli deyib ki, birinci oxunuşla müqayisədə qanun layihəsində xeyli yenilikləri var: "İkinci oxunuşda elmi fəaliyyətdə bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Komitəmizin hüquqşunas üzvü Elşad Həsənovun, o cümlədən deputat Şəmsəddin Hacıyevin müəllifliyi ilə bir sıra maddələr, bəndlər əlavə edilib”.
"Bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur”
Deputat deyib ki, qanun layihəsinin yeni variantında dövlətin təhlükəsizliyini təmin edən sahələr üzrə məhdudiyyət saxlanılmaqla, elmi fəaliyyətlə məşğul olmağa görə qoyulan məhdudiyyətlər aradan götürülüb: "Bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur. Digər yenilik Azərbaycan qanunvericiliyinə yeni - "elmi rütbələr” anlayışı daxil edilməsidir ki, bu yeni qanunda əks olunub. Qanunvericlikdə elmi adlar, elmi dərəcələr olsa da, elmi rütbələr anlayışı yoxdur. Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri var. Bu, onların elmi rütbələri hesab olunur. Buna görə də "Elm haqqında” qanun layihəsinə elmi rütbələr anlayışı da daxil edilib”.
"Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və onlar dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq” - deyən İ.Həbibbəyli bildirib ki, yeni qanunda 14.7-ci bənd kimi təsbit olunan bu təklifin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur: "Elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm onlar əlavə gəlir əldə edəcəklər, həm də dövlət müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı, elmi işçilərin də fikirlərindən faydalanacaq. Bu, elmi işçilərin elmi fəaliyyətini də stimullaşdıracaq”.
"Elm sahəsində istifadə edilən xarici avadanlıqlara görə vergi ləğv olunmalıdır”
Komitə sədri vurğulayıb ki, layihədə tədqiqat universitetlərinin yaradılması ideyası da dəstəklənib və büdcə imkan verdiyi zaman belə universitetlərin yaradılması həyata keçiriləcək: "Ehtiyac olduğu təqdirdə Təhsil Nazirliyi özü də elmi tədqiqat müəssisələri açmaq hüququna malik olmalıdır. Layihəyə elmi fəaliyyət üçün olduqca zəruri olan sahənin - elmi ekspedisiyaların təşkilinin tənzimlənməsi ilə bağlı maddənin əlavə edilməsi zəruri sayılıb. AMEA və elmi müəssisələr üçün elmi məqsədlərlə əlaqədar gətirilən, Azərbaycanda istehsal olunmayan zəruri avadanlıqlara görə vergi güzəştləri olmalı və ya bu vergilər tamamilə ləğv edilməlidir. Çünki həmin avadanlıqların gətirilməsinin elmi məqsədlərlə bağlı olması, onlardan birbaşa mənfəətin əldə edilməməsi məsələsi var”. İ.Həbibbəyli qeyd edib ki, layihəyə görə, dövlət elm və elmi-texniki fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştlər verir.
Bəzi məzunlar var ki, çox kasıbdır, amma savadlıdır
Bundan sonra deputatlar qanunla bağlı fikirlərini bildiriblər. "Bu gün bizim elm sahəsindəki ən böyük problemlərdən biri də odur ki, dövlət hesabına, yaxud da öz hesabına xaricdəki məşhur və nüfuzlu universitetlərdə təhsil almış gənclərin diplomlarının akreditasiya olunmasında problemlər var. Yəni buna süni əngəllər yaradılır”. Bu fikirləri deputat Asim Mollazadə müzakirələr zamanı səsləndirib. O deyib ki, bəzi məzunlar var ki, çox kasıbdır, amma savadlıdır: "Dövlət hesabına xaricdə təhsil alıb, amma indiki vəziyyətdə maliyyə baxımından yoxsul və imkansız olduqları üçün öz hüquqlarını müdafiə edə bilmirlər. Əgər biz belə süni əngəllər yaradırıqsa, onda niyə xaricə tələbə göndəririk? Biz onlara süni əngəllər yaratmamalıyıq”.
Deputat onu da deyib ki, xaricdə elmi tədqiqat işləri apararaq, elmi dərəcə və ad alan, lakin Azərbaycana gəldikdən sonra onların elmi iş və adlarının attestasiya zamanı qəbul olnmaması da ciddi problemdir: "Məsələn, Fransanın Sarbon Universitetini bitirən gənc tanıyıram ki, onun diplomu bu gün hələ də tanınmır. Amma hansısa ölkənin tanınmamış bir universitetini bitirən gənc öz diplomunu təsdiqlədə bilir. Biz əgər elmin inkişafı və gələcək perspektivini görmək istəyiriksə, belə məqamlara ciddi fikir verməliyik”
"Məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər”
"Azərbaycanda hazırda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır”. Bunu da müzakirə zamanı komitənin sədri, İ.Həbibbəyli deyib. O bildirib ki, magistraturanı bitirən məzunların 25-30 faizi doktoranturada təhsil almaq üçün sənəd verir: "Məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər. Magistraturanın əsas məqsədi elmi fəaliyyəti və elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Hazırda isə buna münasibət müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır. Magistraturanı bitirən məzunların dövlət qulluğuna daxil olması AMEA, Təhsil Nazirliyi və ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə də layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə təşkili təklif edilir”.
"İxtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər”
Deputat qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar və bakalavrdan daha üstün mütəxəssis olacaqlar: "Tədqiqat magistraturasını bitirənlər isə elmi tədqiqat işi və elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər”.
Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev isə bildirib ki, ixtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər: "Bu, onların sonradan elmi fəaliyyətlə məşğul olma istəklərini reallaşdırmağa imkan verməyəcək. Bu, düzgün deyil”.
Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda Milli Məclisinin yaz sessiyasının gündəliyinə daxil edilib.
Anar Bayramoğlu