Bu gün millət vəkili, xalq yazıçısı Elmira Axundova Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxış edib. Və xanım parlamentari çıxışında bir neçə vacib məqama toxunub. Çıxışı təqdim edirik :
"Payız sessiyanın planı kifayət qədər dolğun və mənalıdır, vacib və aktual qanun layihələri daxil edilib. Mən bir qanun layihəsi və ya müvafiq qanunlara dəyişiklik edilməsini istərdim”.
İki il öncə bir vacib məsələyə toxunmuşdum, indi yenə də o məsələyə qayıdıram.Çünki bir qadın, bir ana kimi eşidəndə ki, dəm qazından Bülbülə qəsəbəsində bütöv bir ailə, yəni ana və üç azyaşlı uşaq zəhərlənərək dünyasını dəyişib çox sarsıldım. Statistikaya görə, artıq bu illlər ərzində dəm qazından dünyasını dəyişən insanların sayı yüzlərlədir.
Və artıq həyəcan təbili çalmaq lazımdır! Əgər günah 50-60 faiz insanların özündə olsa da, mən qalan 50 faizi yenə də "Azəriqaz”birliyinin işində görürəm. Mən özüm bütün ömrümü demək olar ki köhnə məhəllədə yaşamışam, yəni Sovetski, Yuxarı Naqornı, Mustafa Sübhi küçələrində qazla olan məsələlərə indi də yaxşı bələdəm. Mənim yaxınlarım danışır ki, bu ərazilərdə qaz keçmişdəki kimi, qeyri -stabil olaraq verilir, yəni gündüz saatlarında qaz təzyiqi zəifləyir, gecə saatlarında isə 3-4 dəfə güclənir ya da, soyuq havada görürsən ki, birdən- birə qazlar tamamilə kəsilir, əhali isə bu barədə əvvəlcədən məlumatlandırılmır. Və bunun nəticəsində onlarla bədbəxt hadisə baş verir. Buna görə də əhali günahkardır?".
Millət vəkili bu halın qarşısının alınmasına dair təklif də irəli sürüb:
"Belə bəlaların qarşısının alınmasını düşünərkən ilk növbədə hər bir evdə avtomatik təhlükəsizlik qurğularının yerləşdirilməsi ağlımıza gəlir. Mən yenə də "Azəriqaz", Socar rəhbərliyindən təkidlə xahiş edərdim ki, qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusunu da yerləşdirsinlər. Artıq mövcud olan abonentlərin mənzillərində isə bu qurğular məcburi qaydada quraşdırılsın. Və ən əsası isə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları geniş miqyaslı yoxlamalara başlasınlar ki, evlərdə bacalar, qaz aparatları düzgün quraşdırılıbmı, onlar normal işləyirmi, zəhərli maddələr evdən çıxırmı və s.
Əgər hansısa abonent təhlükəsizlik qaydalarına əməl etmirsə, "Azəriqaz" əməkdaşları onlara qarşı ciddi tədbirlər görməlidirlər. Mən başa düşürəm ki, həmin əməkdaşlar vətəndaşlara qarşı humanist yanaşaraq belə hallar aşkar edərkən onlarla mülayim davranırlar, çünki bu abonentlər əsasən az təminatlı ailələrin üzvləridir, ona görə qaz verilməsini dayandırmırlar,gələn dəfəyə qədər özünüz bu halları aradan qaldırın deyib gedirlər. Amma gələn dəfə artıq gec olur: həmin vətəndaş ya onun ailə üzvləri dünyasını dəyişirlər. Bu problem Azərbaycanda çox kəskin qalmaqdadır, əsasəndə qış aylarında. Və mən onun kompleks şəklində, özü də dövlət səviyyəsində həllinin tərəfdarıyam.
Bununla əlaqədar mən bir il öncə qanun təşəbbüsü ilə təklif hazırlayaraq müvafiq komitəyə vermişəm. Xahiş edirəm ki, bu təklifi yenidən nəzərdən keçirəsiniz".
Ayyət Əhməd