Elnarə Abdullayevaya qadağa qoyuldu!!!

Müğənni xanımın iş rejimi müəyyən olunub
İfa tərzi ilə seçilən, səsinin avazı ilə qonşu Türkiyədən tutmuş bir çox ölkələrdə populyarlıq qazanan Azərbaycanın Əməkdar artisti Elnarə Abdullayeva növbəti yeni layihəsini təqdim etməyə hazırlaşır. Amma nədənsə, xanəndəyə danışmağa, açıqlama verməyə qadağa qoyulub. Elə bu səbəbdən də ondan söz almaq hazırda mümkün deyil. "Xanəndəyə kim, nəyə görə qadağa qoyub” sualına isə tanınmış prodüsser Asif Kərimov "Şərq”ə açıqlamasında aydınlıq gətirdi.
- Sosial şəbəkələrdə Elnarə Abdullayevanın, mart ayının 26-da konserti olacağı ilə bağlı məlumatlar yayılıb. Elnarə xanım ilə əlaqə saxlaya bilmədiyimiz üçün, məlumatın nə qədər düzgün olub-olmadığını sizdən öyrənmək istədik. Yayılan məlumatlar nə qədər həqiqətəuyğundur?
- Məlumatlar doğrudur. Artıq biz reklam kampaniyasına başlamışıq. Elnarə xanımla əlaqə saxlaya bilməməyinizin səbəbi, konsertlə bağlıdır. Konsertə qədər bütün jurnalistlərlə görüşmək, danışmaq mən tərəfdən qadağan edilib. Çünki siz bilirsiniz ki, konsertdə canlı ifadır, heç bir fonoqramdan istifadə olunmur, özü də bu muğam ifaçısıdır. Konsertə qədər Elnarə xanımın bütün iş rejimi müəyyən olunub. Bura yemək rasionundan tutmuş, idman və konsertin məşqləri daxildir. Və buna ciddi nəzarət olunur ki, konsert yüksək səviyyədə keçirilsin. Bu özü də bizim hörmətli tamaşaçılar və eləcə də jurnalistlərə olan hörmətimizdən irəli gəlir. Çünki hər kəsə konsertdə xoş anlar yaşatmaq istəyirik.
- Sizcə, builki konsertə də keçənilki qədər tamaşaçıların marağı olacaqmı?
- Keçən il 20-21 fevral tarixində keçirilən konsertdən sonra tamaşaçılar tərəfindən çoxsaylı müraciətlər bizə daxil oldu. Və tamaşaçıların arzularını nəzərə alaraq respublikanın bir nömrəli sarayı olan, Heydər Əliyev sarayında yenidən konsert verməyi planlaşdırdıq. Ümumiyyətlə, belə baxdıqda burada qeyri-adi heç bir şey yoxdur. Müğənninin işi, sənəti öz tamaşaçılarına konsert verməkdir. Bu, ildə bir dəfə də, üç dəfə də ola bilər. Bu, tamaşaçıların arzusundan, istəyindən asılıdır.
- Bəzi ifaçılar söyləyir ki, biz hər gün toyda oxuyuruq, bu özü də bir konsertdir. Buna necə baxırsınız?
- Müğənninin əsas işi konsertdə ifa etməkdir. Toyda ifa etməyi konsertlə müqayisə edirlər. Bunlar tam başqa-başqa işlərdir. Konsert ifası ilə toy ifasını heç cürə müqayisə etmək olmaz. Konsertdə 1500-2000 nəfər sənin ifanı dinləmək üçün gəlir. İstəməsələr, heç bir zaman gəlməzlər. Toya gələn insanlar orada oxuyan ifaçıya görə yox, toy sahibinə görə gəlirlər. Xoşları gəlsə də, gəlməsə də dinləmək məcburiyyətində qalırlar. Mən yalnız bir şeyi başa düşmürəm. Bizim bahalı və yaxud ucuzlu toyların fərqini anlamıram.
Eyni "Vağzalı”, bəy-gəlin zala daxil olur, sonra da valideynləri səhnənin qarşısına dəvət edirlər, onlar da qonaqları salamlayır, toy başlayır. Musiqiçilər də ya "Mehriban ailəyik”, ya da ki, "Deyin mübarək olsun” mahnılarını səsləndirirlər. Yaxşı, bir şey ki, bütün toylarda eyni ssenari olacaqsa, eyni musiqilər çalınacaqsa, müğənni və arxasında 6 musiqiçi oturacaqsa, onda niyə bunların qiyməti kasıb toylarında 500 AZN, imkanlıların toyunda 10000-15000 AZN olur?
- Deməli, belə çıxır ki, bəzi müğənnilər və yaxud onların yaxınlarında olan prodüsserlər həmin imkanlı adamları aldadırlar. Əgər mən pulu çox verirəmsə, mənim toyumda fərqli musiqi, fərqli ifa, fərqli ssenari olmalıdır. Ona görə də bəzi müğənnilər dedikdə ki, biz hər gün toy ifa edirik, bu özü bir konsertdir, bu, yanlış ifadədir. Bizim bugünkü toylar elə toydur, konsertləri də konsertdir. Konsertdə ifa edən müğənni, toyu da daha fərqli idarə edər. Yalnız toyda ifa edən müğənni, elə hər zaman eyni ssenari ilə toyu idarə edər. Çünki konsert böyük məsuliyyətdir. Konsertdə, ifada heç bir yanlışlığa yol vermək olmaz. Heç şübhə etmirik ki, Əməkdar artist Elnarə Abdullayevanın budəfəki Saray konserti də anşlaqla keçəcək. Xatırladaq ki, ötən il Elnarə Abdullyaevanın bir günlük konserti tamaşaçıların istək və tələbatı nəzərə alınaraq iki gün təqdim edildi. Elnarə Abdullayevanı konsert münasibətilə dünya şöhrətli Zeynəb Xanlarova da şəxsən təbrik edib.
Tahirə