Əmlak bazarında durğunluq var

“Ev alqı-satqısı ilə bağlı son aylarda əməliyyat demək olar sıfır səviyyəsinə düşüb”



Dünya bazarında neftin qiymətinin enməsi, cari ildə isə ölkəmizdə devalvasiyanın həyata keçirilməsi nəticəsində daşınmaz əmlak bazarında xaos yaranıb. Hazırda ölkənin daşınmaz əmlak bazarında 20-25 faiz bahalaşma müşahidə olunur.

Baş verən prosesin yaranmasının səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülsə də, bəzi ekspertlər və maklerlər bunun manatın devalvasiyası, bəziləri Rusiya amili, dünya bazarında neftin qiymətinin enib-qalxması, bəziləri isə "Sovetski”də və paytaxtın digər ərazilərində söküntü işlərinə yenidən start verilməsi ilə əlaqədar olduğunu bildirirlər. Bu bahalaşmanın və durğunluğun səbəbi nədir?

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı-direktoru Elnur Əsədov mənzil bazarındakı son vəziyyətlə bağlı bildirib ki, hazırda ölkənin əmlak bazarında durğunluq hökm sürür: "Ev alqı-satqısı ilə bağlı son aylarda əməliyyat demək olar sıfır səviyyəsinə düşüb. Durğunluğun əsas səbəblərindən biri dolların qalxması, bazarda alıcı qüvvəsinin gözləmə mövqeyi tutması və manatın devalvasiyasıdır. Alıcı qüvvəsinin əksəriyyəti ipoteka ilə ev almağa üstünlük versələr də, lakin burda da əməliyyatların sayı çox deyil. Son ayda cəmi 2-3 belə alqı-satqı olub. Bazarda təklifin çox olmasına baxmayaraq, qiymətlərin yüksəlişi əmlakın əlçatmazlığına gətirib çıxarır. Ciddi bahalaşma əsasən yeni tikililərdə qeydə alınır”.
E.Əsədov gələcək proqnozlar barədə vurğulayıb ki, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək çətindir. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində həm genişlənmələr, həm də qiymətlərin 10-12
faiz artacağı gözlənilir. Həmin dövrədək isə ucuzlaşmanın qeydə alınacağı real görünmür.

Şəymən