"Əmlakın müvəqqəti istifadəsinə görə, rüsumların artırılması anlaşılan deyil"

"Əmlakın müvəqqəti istifadəyə verilməsinə görə, dövlət rüsumlarının artırılmasını o qədər də məqbul hesab etmirəm”
Bu sözləri "Sherg.az”a  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
Onun qətaətincə, adətən insanlar dövlət rüsumlarının yəni dövlət tərəfindən tənzimlənən xidmət sahələrində qiymətlərin artırılmasını xoşlamırlar:
"Bu xidmətlərdən istfadə etdikdə xərclər artır. Amma əsas məqam odur ki, əvvəllər manatın məzənnəsinin dollara nisbəti aşağı idi. Amma indi bu, dəyişib. Bunun da rüsumlara təsiri var. Yavaş-yavaş rüsumların dəyişməsi tendensiyası gedir. Bəlkə, bu yalnız əmlaka aid olsa, dözümlə yanaşmaq olar. Çünki 70, 100, 150 bəzən də 200 manat  baha qiymətə satılan əmlakın ödənilən dövlət rüsumu üçün o qədər də böyük məbləğ deyil. 
Amma bununla birlikdə vergidə əlavə qeydlər də var. Məxsusi olaraq, əmlakın müvəqqəti istifadəyə verilməsinə görə, dövlət rüsumlarının artırılmasını o qədər də məqbul hesab etmirəm. Bunu alğı-satqıda başa düşürəm. Alğı-satqı zamanı daşınmaz əmlak hər zaman sığortalanmalıdır.
 Amma bəzən bunu etmək istəmirlər. Artıq alğı-satqı zamanı bunu məcburi şəkildə həyata keçirməli olurlar. Bu da əhəmiyyətli bir məbləğ edir. Hətta üstünə vergini də əlavə etdikdə daşınmaz əmlakda bunu anlamaq olar. Amma müvəqqəti istifadəyə görə, rüsumun artırılması anlaşılan deyil. Rüsumları minumuma endirmək lazımdır”.
Qeyd edək ki, Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir. Bunu "Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə istinadən xəbər verir. 
Belə ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək. Layihəyə əsasən, müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb.
Kənan Eynuroğlu