Fərqanə Mehmanqızı: “Lakin onlar qəbul etməlidir ki, dünyanın bütün problemlərini həll etmə gücündə deyillər”
Başqalarının emosiyalarını dərk etmək, kiminsə kədərinə kədərlənib, sevincinə şərik olmağı hər kəs bacarmır. Qeyd edək ki, buna qadir olan insanlar elmi dildə "empati” adlanır. Bu gün empati bacarığının qaranlıq tərəfləri haqqında çox az danışılmasına baxmayaraq empatinin qaranlıq tərəfləri var və bu, empati quran şəxsin həyatını zəhərləyir. Bəs empati bacarığı olanlar kimlərdir, ümumiyyətlə "empatiya” nə deməkdir?
Mövzu ətrafında "Güzgü Dəyişim və İnkişaf Mərkəzi”nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı maraqlı fikirlərini "Şərq”lə bölüşüb. Xanım psixoloqun sözlərinə görə, "Empatiya”- özünü başqa bir vətəndaşın yerinə qoymaq, onun düşüncələrini, hisslərini və fikirlərini anlamaq deməkdir.
F.Mehmanqızı bildirib ki, başqasının emosiya və hisslərini, fikirlərini müxtəlif vəziyyətdə və dəqiqliklə anlamaq qabiliyyətinə malik olan insanlar "empat” adlanır: "Elmə hələ də məlum deyil ki, empatların bu qabiliyyəti necə əmələ gəlib və inkişaf edib. Amma bir çoxları düşünür ki, bu genetikdir və DNK vasitəsilə ötürülür. Bu necə idarə olunur? Hər kəsə məlumdur ki, bütün dünya enerji, həmçinin aura vasitəsilə təmasdadır. Hesab edilir ki, empati bacarığı olanlar ətrafdakı enerjinin dəyişilməsi, xeyir və şər olmasını əvvəldən hiss edir.
Empatlar ətrafdakıların vəziyyətinə, hiss və həyəcanlarına biganə yanaşmırlar. Belə ki, onlar qayğıkeş, həssas, məsuliyyətli və qəlbi təmiz olur. Məhz buna görə də "Empatların qaranlıq tərəfləri var” deyəndə hər kəsə qəribə gəlir. İnsanların çoxu empatlardan diqqət və dəstək gözləyir. Bu da onu göstərir ki, empatlar bu dünyada bizim gördüklərimizdən daha çox hadisə ilə qarşılaşırlar. Daha çox hadisə ilə qarşılaşmaları isə həyatlarının müəyyən bir hissələrində problem yaradır”.
Psixoloq həmçinin qeyd edib ki, empatlar emosiyalarını idarə edə bilmirlər. Belə bir fikir formalaşır - empatlar emosiyaları yaxşı anladığına görə öz emosiyalarını da rahat idarə edə bilərlər: "Yanılırsınız.. Empatlar hər zaman öz emosiyalarını düzgün idarə etmək üçün çalışırlar. Başqalarının kədərini hədsiz dərəcədə hiss edən empatlar buna görə depressiyaya da düşə bilər. Bir empat üçün öz emosiyalarını digər insanların emosiyalarından ayırmaq, eləcə də başqa empat tapıb öz fikirlərini paylaşmaq olduqca çətindir.
Mənfi enerji ilə çox qarşılaşmaq onları gücsüz edir. Müxtəlif növ enerji və hisslərlə eyni anda yüklənən empatlar ətrafda baş verənləri anlamaq üçün çox tez yorulub özlərini əzgin hiss edirlər. Həssas olan empatlar mənfi enerjini tez qəbul edirlər. Nəticədə isə bu onların kefinin pozulmasına səbəb olur. Mənfi enerji hiss edən zaman onlar tez yorulur”.
F.Mehmanqızı eyni zamanda empatların xeyirxah və güvənli insanlar olduqları üçün vicdanı təmiz olmayan şəxslər tərəfindən istifadə olunduqlarını da diqqətə çatdırıb: "Empatlar təbiətən xeyirxah və qayğıkeşdirlər. Empat istifadə olunub, aldadıldığını bildiyi zaman depressiyaya düşür. Qarşılıq gözləmədən, öz xeyirlərini düşünmədən hərəkət edən empatlar stress və narahatlıqdan yorulur, özlərinə diqqət etmirlər. Çox nadir hallarda aşiq olurlar.
Həyatın hər cür qəddarlıqlarını, əzablarını çox tez hiss edən empatlar başqasına tam güvənmək, dərdlərini açmaqda çətinlik çəkir, onlara ağrı veriləcəyindən qorxurlar. Empatlar özlərinə hədsiz sevgini icazə verməzlər. Çünki, onlar düşünür ki, böyük sevgi və ehtirasın öhdəsindən gələ bilməzlər. Düşünürlər ki, ağır bir yük daşıyırlar. Onlar hər gün külli miqdarda müxtəlif enerji informasiyası alan qərəzsiz insanlardır. Düşünürlər ki, hər kəsə kömək etməlidirlər.
Amma məsələ bundadır ki, onlar hamıya kömək edə bilməzlər. Bunlara rəğmən empatlar nə qədər ağır olsa da, tanımadıqları, yad adamların problemlərini həll etməyə çalışar. İnsanların çətinlik çəkməsinə icazə verməzlər. Lakin onlar qəbul etməlidir ki, dünyanın bütün problemlərini həll etmə gücündə deyillər”.
Yeganə Bayramova