Ən yaxşı variant 5750 dollardır

Zəvvarlarımız sentyabrın 11-dən yola düşəcək



Bu il üçün Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, Azərbaycanda hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Zəvvarlar pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Zəvvarlar bu il ilk dəfə olaraq ziyarət xərclərini ABŞ dolları ilə ödəməlidirlər.

Zəvvarların Həcc ziyarətinə yola düşəcəkləri tarix də məlum olub. Şöbədən bildirilib ki, Azərbaycandan zəvvarların yola salınmasına sentyabrın 11-dən başlanacaq. Mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 15-nə kimi davam edəcək.

Ziyarətin ənənəvi olaraq 16-17 gün davam edəcəyi məlum olsa da, zəvvarların geri dönüş vaxtı hələlik məlum deyil. Zəvvarlar Həccə qrup şəklində yola salınacaqlar. Onların qruplara bölünməsinə isə viza açıldıqdan sonra - avqust ayından başlanacaq.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq səfər yalnız təyyarə ilə baş tutacaq. Uçuşları "AzAL” həyata keçirəcək.

Məlahət