“Ənənəvi mediada peşəkar mühit daha yüksəkdir”

Müşfiq Ələsgərli: “Obyektiv yanaşanda internet mediasında qeyri-peşəkarların sayının daha çox olduğunu görürük”
“Artıq zaman gəlib çatıb. Onlayn medianın tənzimlənməsinə çox ciddi ehtiyac var”


(əvvəli ötən sayda)

Müstəqil Azərbaycan Respublikasında demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad medianın inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi daim xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçilik edib, müstəsna xidmətlər göstərib. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlikdir.

Əgər mediamız bu üç amilin vəhdətliyinə əməl etsə, ölkənin bu günü və gələcəyi üçün önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Bu baxımdan, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özünə daim hesabat verməlidir. Çox təəssüflər olsun ki, vurğulanan əsas prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Eyni zamanda, reklam bazarının olmaması, oxucuların yazılı mətbuata bir o qədər maraq göstərməməsi də medianın ağır durumunu şərtləndirən əsas faktorlardan sayılır. Son dövrlər meydana çıxan internet medianın, xəbər agentliklərinin də kifayət qədər ciddi problemləri mövcuddur. Amma bütün bunlara baxmayaraq, əksər media nümayəndələri hesab edirlər ki, xüsusən, müstəqillik dövründən etibarən Azərbaycan mətbuatı sürətli inkişaf yolu keçib və xeyli nailiyyətlər əldə edib. Mətbuatın ümumi durumu, medianın funksiyaları və mövcud problemləri haqda "Şərq”ə müsahibə verən Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də hesab edir ki, Azərbaycan mediası kifayət qədər inkişaf yolu keçib.

- Mətbuatın əsas funksiyalarından bəhs edilərkən bir anlayış ortaya çıxır: - "Media cəmiyyəti öz arxasınca aparmalıdır”. Siz necə düşünürsüz, KİV-lərin üzərində belə bir məsuliyyət varmı?

- Müasir media təşviqatçı deyil. Mətbuatın əsas funksiyası cəmiyyətə lazım olan xəbərləri çatdırmaqdır. KİV-lərin əsas öhdəliyi ictimaiyyət üçün faydalı olan informasiyaları tapmaq və insanlara təqdim etməkdir. Bu mərhələdə medianın işi bitir. KİV-lərin verdiyi informasiyalar topluma necə təsir edəcək və insanlar hara yönələcək, bunlar artıq cəmiyyətin və siyasətçilərin işidir. Medianın təşviqatçı funksiyası ötən əsrlərdə qaldı.

- Əsasən belə bir fikir səslənir ki, media, sadəcə xəbər daşıyıcılığı funksiyasını yerinə yetirməməlidir. Yeri gələndə, xüsusən, həssas məqamlarda yönləndirici funksiyanı da həyata keçirməlidir. Bu fikirlə razısızmı?

- Mənim fikrimcə, bu, medianın ana fəlsəfəsinə yad olan məsələdir.

- Ölkə mətbuatının gücünü necə dəyərləndirirziniz?

- Azərbaycan mediasının gücünü cənab Prezident İlham Əliyev çox gözəl ifadə edib. Prezident vurğulayıb ki, "adətən, medianı dördüncü hakimiyyət adlandırırlar. Amma indiki medianın cəmiyyətə təsirini, xüsusən internetin yaranışından sonra KİV-lərin inkişafını nəzərə alsaq, deyə bilərik ki, media dördüncü yox, üçüncü, hətta bundan daha öndə olan hakimiyyətdir”. Dövlət başçısının bu ifadəsi Azərbaycan mediası ilə hesablaşmağa verilən çox mühüm bir qiymətdir.

- Yazılı mətbuat və internet media. Əgər ikisi arasında müqayisə aparsaq, klassik media ənənələrinin qorunması və peşəkarlıq baxımından hansının daha öndə olduğunu deyə bilərik?

- Təbii ki, peşəkarlıq ənənəvi mediada daha üstündür. Burada nəzərdə tutulan qəzetlər, jurnallar, televiziya və radiodur. Bu sahələrdə oturuşmuş sistem var. Ona görə də ənənəvi mediada peşəkar mühit daha yüksəkdir. İnternet mediada isə çox ciddi qüsurlar var. Amma son dövrlərə nəzərən məsələyə yanaşsaq, indiki internet medianı ənənəvi mətbuatdan o qədər də fərqləndirə bilmərik. Çünki saytların fəaliyyətindən danışanda biz həm də qəzet və jurnalların, televiziyaların internet variantından da söz açırıq. Məsələn, "Şərq” qəzeti,nin eyni zamanda paralel olaraq "sherg.az” saytı da fəaliyyət göstərir. Deməli, qəzetlərdə hansı peşəkarlıq varsa, təbii olaraq həmin iş prinsipi saytda əks olunur. Bir də var, internetin özünün yaratdığı jurnalistika, buna vətəndaş jurnalistikası deyirlər. Bunlar biri-birindən fərqli məsələlərdir. Təbii ki, internetin yaratdığı jurnalistikada tam peşəkarlıqdan danışa bilmərik. Həmin sahədə kifayət qədər qüsurlar mövcuddur. Amma söhbət əgər ənənəvi media qurumlarının onlayn versiyasından gedirsə, mənə elə gəlir ki, burada kifayət qədər peşəkarlıq da var, inkişaf da var. Əlbəttə, internet medianı tamamilə gözdən salmaq, sıradan çıxarmaq olmaz. Ancaq ənənəvi media quruluşlarına baxanda bu sahədə qeyri-peşəkarların sayının daha çox olduğunu görürük.

- KİV-lər cəmiyyət üçün önəmli olan məsələləri peşəkarcasına ictimailəşdirə bilirmi? Bəzi hallarda müəyyən problemlərin gündəmə gətirilməsində media nümayəndələri şəxslərin və ya qurumların tənqidinə məruz qalırlar.

- Müasir medianın fəaliyyəti iki istiqamətdə tövsif olunur. Medianın birinci vəzifəsi cəmiyyətin marağında olan informasiyanı tapmaq və insanlara çatdırmaqdır. İkinci missiyası isə dövlət və hakimiyyət orqanları üzərində ictimai nəzarət funksiyasını həyata keçirməkdir. Mənə belə gəlir ki, Azərbaycan mediası üzərinə düşən missiyanı müəyyən mənada yerinə yetirir. Düzdür, bəzən
deyirlər ki, hansısa informasiya gecikdirilmiş formada verilir, vaxtında çatdırılmır. Amma mən bunu qüsur kimi görmürəm. Çünki media müxtəlif məsələləri, informasiyanı süzgəcdən keçirəndən sonra cəmiyyətə çatdırmalıdır. Buna bir qədər zaman lazımdır. Əslində, bu, medianın peşəkarlığından irəli gələn məsələdir. Hansısa informasiyanı bir saat və ya bir gün yubandırmaq, xəbərin dəqiqliyini yoxlamaq, lazımi formada cəmiyyətə çatdırmaq daha məqsədəuyğundur. Məlumatın obyektivliyini araşdırmadan ictimaiyyətə çatdırmaq zərərlidir. Düşünürəm ki, bizim KİV-lərə yönələn ittiham informasiya çatışmazlığı ilə deyil, daha çox yanlış informasiyaların çatdırılması ilə bağlıdır. Bu da internet medianın ortalığa çıxardığı qüsurlardan biridir. Təəssüflər olsun ki, bu gün istənilən şəxs rastlaşdığı hər hansı informasiyanı araşdırmadan, cəmiyyət üçün faydalı olub-olmasına baxmadan ictimailəşdirir. İnternetə çıxışı olan, telefon sahibi olan istənilən şəxs bunu edir. Əlbəttə, belə vəziyyət çox ciddi problemlər yaradır. Hətta bəziləri sadəcə, yanlış yox, eyni zamanda, qərəzli, çaşdırıcı informasiyalar yayırlar. Təbii ki, bütün bu məsələlərin tənzimlənməsinə böyük ehtiyac var. Ümid edirik ki, yaxın günlərdə müəyyən mexanizmlər tətbiq olunacaq.

- Müasir dövrü nəzərə alsaq, xarici dil bilgisi jurnalistlər üçün nə qədər mühüm şərt hesab olunur?

- İndi dünya informasiya ilə idarə olunur. Azərbaycan da dünya informasiya məkanının bir tərkib hissəsidir. Bu baxımdan, ölkə mediası əldə etdiyi məlumatları, xəbərləri təkcə öz dilimizdə yox, bir çox xarici dillərdə yaymağı bacarmalıdır. Dil hazırda jurnalistika üçün bir nömrəli faktordur. Ölkədəki real informasiyanı xaricə çatdırmaq üçün dil bilgisi xüsusi əhəmiyyət kəsb edir. Amma bunu bir şərt kimi qoymaq olmaz. Bəzən tələb edirlər ki, redaksiyada çalışanların hamısı xarici dil bilməlidir. Bu, yanlışdır. Hər media qurumunun müəyyənləşmiş jurnalistləri olmalıdır. Həmin müxbirlər informasiyaların xarici dildə çatdırılması ilə, yaxud da beynəlxalq səfərlərdə Azərbaycanı tanıtmaq imkanına malik olmalıdırlar. Hazırda bunun üçün kifayət qədər imkan və şərait var. Həm də ən mühüm dil hesab olunan ingilis dilini öyrənmək elə də çətin deyil.

- Uzun müddət media sahəsində çalışırsız. Sizin üçün hazırkı mətbuatın ən ciddi problemləri nədir?

- Mənim fikrimcə, mətbuatın ən ciddi problemlərindən biri onlayn medianın tənzimlənməsi mexanizmlərinin tətbiq olunmamasıdır. Artıq zaman gəlib çatıb. Onlayn medianın tənzimlənməsinə çox ciddi ehtiyac var. Düzdür, bu sahədə təkmilləşdirici və qanunverici mexanizmlər hazırlanır, amma çox ləng gedir. Hesab edirəm ki, prosesi mümkün qədər sürətləndirmək lazımdır. Çünki bəzi hallarda onlayn media Azərbaycan üçün təhlükə mənbəyinə çevrilə bilir. Həmin ekstremal durumlardan saytlarla davranış qaydalarını tənzimləmək zəruridir.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb